SON DƏQİQƏ
» » Bakı-Tilfis-Qars xəttinin strateji əhəmiyyəti və rentabelliyi...

Bakı-Tilfis-Qars xəttinin strateji əhəmiyyəti və rentabelliyi...

Tarix:

4-11-2017, 08:33

/ 1 380 dəfə oxundu.
Bakı-Tilfis-Qars xəttinin strateji əhəmiyyəti və rentabelliyi...

Fikrət Yusifov: “BTQ Rusiyadan keçən alternativ dəmir yolundan 7 min kilometr qısadır”

Bakı-Tiflis-Qars dəmir yolunun açılışı və bu layihənin siyasi, iqtisadi əhəmiyyəti ilə bağlı müzakirələr davam edir. Bu layihənin Azərbaycan iqtisadiyyatına ciddi miqdarda gəlir gətirəcəyini deyənlərlə  yanaşı, layihənin iqtisadi baxımdan rentabelli olmadığını iddia edənlər də var.

Sabiq nazir, iqtisadçı ekspert Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında  BTQ-nin iqtisadi baxımdan nə dərəcədə rentabelli olmasını şərh edib: “Bakı-Tiflis-Qars dəmir yolu Cənubi Qafqazı Türkiyə vasitəsilə Avropa ilə birləşdirəcək nəhəng layihənin tərkib hissəsidir. Bu gün Türkiyənin Bosfor boğazından su altı ilə çəkdiyi və İstanbulun Asiya hissəsi ilə Avropa hissəsini birləşdirən uzunluğu 13,6 kilometr olan tunel, artıq Asiya və Avropa dəmir yolları şəbəkəsinin birləşdirilməsini təmin edir. Gələcəkdə Qarsdan çəkiləcək dəmir yolu vasitəsilə Naxçıvanın da birbaşa bu şəbəkəyə birləşdirilməsi baş verəcək və bununla da Naxçıvanın dəmir yolu blokadasına son qoyulacaqdır. Bir sözlə, Bakı-Tiflis-Qars dəmir yolu sözün əsil mənasında strateji əhəmiyyətli tarixi bir layihədir. Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 kilometri Azərbaycan ərazisindən keçir. Bakı-Tiflisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Əgər bu yolla birinci mərhələdə daşınacaq 5 milyon ton yük hesabına Azərbaycan 50 milyon ABŞ dolları səviyyəsində gəlir əldə edə biləcəksə, onda sonrakı mərhələlərdə yükdaşımaların həcminin 17 milyon tona və bundan daha çox həcmlərə çatdırılması hesabına onun nə qədər gəlir əldə ediləcəyini hesablamaq çətin deyil. Əgər bura bu yolla ildə üç milyondan artıq sərnişin daşınmasını da əlavə etsək, o halda layihənin iqtisadi səmərəsinin ölçüləri kifayət qədər yüksək olacaqdır”.

Ekspertin sözlərinə görə, bu layihə Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan olduqca önəmlidir: “BTQ dəmir yolu şərqdən və cənubdan Avropaya qapı açmaqla Azərbaycandan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş-gəliş imkanı yaratdı. Yolun istifadəyə verilməsi minlərlə yeni iş yerinin açılması və çoxlu sayda insanın sosial problemlərinin həlli demək olacaqdır. Bu layihə həm də Azərbaycan iqtisadiyyatının diversifikasiya olunması istiqamətində hökumətin proqnozlaşdırdığı addımların reallaşdırılması sahəsində əldə edilmiş yeni bir uğur kimi də dəyərləndirilməlidir. Bakı-Tiflis-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə öz yüklərini Azərbaycan üzərindən Qərbə çatdırmağı arzu edən ölkələrin istəkləri reallaşmış oldu. Bu sırada təbii ki, ”ümumdünya fabriki" rolunu oynayan Çin başda dayanır. Okeanlar və dənizlər vasitəsilə az qala dünyanın yarısını dolaşmaqla yüklərini qərbə çatdıran Çin və Şərqi Asiyanın digər ölkələri üçün Bakı-Tiflis-Qars dəmir yolu xətti tarixi bir fürsətdir və onların bu fürsətdən maksimum yararlanmağa çalışacaqları heç bir şübhə doğurmur".

İqtisadçının sözlərinə görə, dünya ticarətinin ən böyük tələblərindən biri malların və məhsulların satış müddətini qısaltmaq hesabına vəsaitlərin dövriyyəsini sürətləndirməkdən ibarətdir: “Bu dövriyyə nə qədər tez başa çatırsa, həm istehsalçılar, həm də ticarətlə məşğul olan iş adamları bir o qədər çox mənfəət əldə etmiş olurlar. İndi bu şansı onlara Azərbaycan üzərindən keçən Bakı- Tiflis-Qars dəmir yolu vasitəsilə bərpa olunmuş qədim İpək Yolu verəcəkdir. Artıq Çin başda olmaqla digər Asiya ölkələri bu xətt vasitəsilə yüklərin ölkəmiz üzərindən daşınması üçün Azərbaycanla danışıqlara başlayıblar. BTQ dəmir yolunun verdiyi imkanlardan yararlanan tərəflər Çindən çıxan yükləri Qazaxıstan və Türkmənistan üzərindən, Xəzər dənizinin Ələt bölgəsində yeni salınmış Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, oradan isə Gürcüstan vasitəsilə Türkiyənin Aralıq dənizindəki limanlarına çıxara biləcəklər. Çindən Avropaya gedən bütün dəmir yolları indiyə qədər Rusiyadan keçməklə kifayət qədər uzun məsafə qət edirdi. Bakı-Tiflis-Qars dəmir yolu Rusiyadan keçən alternativ dəmir yolundan 7 min kilometr qısadır”.

F.Yusifov vurğuladı ki, bu yol əslində Pekindən Londona qədər böyük bir coğrafiyanı birləşdirəcək və regionda alternativi olmayan bir yola çevriləcək: “Vaxtilə bu layihənin reallaşmasının mümkünsüzlüyünə öz xalqını inandırmağa çalışan Ermənistan siyasi rəhbərliyi indi hamının gözləri qarşısında növbəti siyasi və iqtisadi uğursuzluğa düçar oldu. Azərbaycan isə əksinə, bu layihəni reallaşdırmaqla beynəlxalq aləmdə öz siyasi çəkisini bir qədər də artıra bildi. Əgər erməni hakimiyyətinin başında dayananlar vaxtında öz çirkin işğalçılıq siyasətindən əl çəkə bilsəydilər, onda bu yolun iqtisadi cəhətdən ən səmərəli variantı, onun Ermənistan üzərindən çəkilməsi ola bilərdi”.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ