
İyunun 21-i Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində "Daçnik" kimi tanınan nəzarətsiz ərazidə bir nəfər dənizdə batıb.
GunAz.az-ın əldə etdiyi məlumata görə, məlumatla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.
Hazırda dənizdə batdığı ehtimal olunan 2005-ci il təvəllüdlü Vüqar Şahin oğlu Adnayevin axtarışları davam etdirilir.
Bununla əlaqədar FHN çimərliklərdə təhlükəsizlik qaydalarına dair əhaliyə növbəti dəfə müraciət ünvanlayıb:
"Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən küləkli hava şəraitində və qeyri-çimərlik ərazilərdə çimməyin təhlükəsi barədə dəfələrlə edilən müraciətlərə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşların təhlükəsizlik qaydalarına laqeyd münasibəti sonda acı nəticələrə gətirib çıxarır.
Paytaxtın Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki "Daçnik" kimi tanınan nəzarətsiz ərazidə və küləkli hava şəraitində baş vermiş sudabatma hadisəsi ilə bağlı ötən gün daxil olmuş məlumat bir daha qaydalara riayət etməyin zərurətini göstərir.
Qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi növbəti dəfə vətəndaşlara müraciət edərək, çimərliklərlə bağlı təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır, o cümlədən küləkli hava şəraitində dənizə girməyin, qeyri-çimərlik ərazilərdə çimməyin təhlükəsini, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl etməyin vacibliyini bir daha xatırladır.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!" - deyə müraciətdə qeyd olunub.





























