
İlk uşaq şəhidlərimiz
Elvin və Malik qardaşlarının məzarı üstündə ana laylası
1990-cı il...
20 Yanvar günü,
Ermənilər toplarla
Sədərəyi vurdular.
Neçə günahsız adam
Əlil, şəhid oldular.
Topların qəlpələri
Yaraladı dağ-daşı.
Al qanına bələdi
Elvin, Malik qardaşı.
Onlar döndü bir anda
Əkil-Bəkil quşuna.
Məzarları başında
Layla deyir bir ana:
- Tutubdu qala dağı,
Kəməndə sala dağı.
Nə yara var, sağalar,
Sağalmaz bala dağı.
Eşidin, bu qəmli səs
Bir ananın səsidi.
Bu qəm-kədər, bu nalə
Dünyamızın bəsidi.
Deyir: - Topdan, raketdən
Erməni od ələdi.
Elvinlə Malikimi
Al qanına bələdi!
Bir cüt qönçə idilər,
Pardaxlanıb açmadı.
Onlar top qəlpəsindən
Yayınmadı, qaçmadı.
Yağıların əliylə
Odlanıb, torpaq yandı.
Mənim bir cüt balam da
Qanlarına boyandı!
Qatillər, körpələrin
Bəs nə idi günahı?
Sizi gorsuz qoyacaq,
Anaların qəm, ahı!
Bilin, bəd niyyətiniz,
Gözünüzdə qalacaq.
Tanrım özü, bilirəm,
Sizdən qisas alacaq.
...Dörd yanı boldu dağlar...
Üstünüz koldu, dağlar...
Sizi ürəkdən sevən
Körpələr öldü, dağlar!..
İbrahim Yusifoğlu