SON DƏQİQƏ
» » Bu torpaq döyüşkən oğullar yetişdirməyə qadirdir

Bu torpaq döyüşkən oğullar yetişdirməyə qadirdir

Tarix:

23-06-2017, 16:46

/ 3 508 dəfə oxundu.
Bu torpaq döyüşkən oğullar yetişdirməyə qadirdir

 

Torpaqlarımızın erməni quldurları tərəfindən işğal olması Azərbaycan xalqına həm maddi, həm də mənəvi zərbələr və sağalmaz yaralar vurmuşdur. Yüzlərlə şəhid verən qarabağlıların, ataların, anaların gözləri oğul, bacıların gözləri qardaş, ata, dost, qonşu axtara-axtara sızıltılı bir ömür keçdilər. Beləcə göz yaşı ilə dönüb arxaya baxırıq: Koroğlular, Xətailər, Soltanbəylər, Qaçaq Nəbilər, Allahverdilər, Eldarlar, Mikayıllar, Mübarizlər, Şirinlər, Asiflər, Əlyarlar, Sənanlar, Aqillər, Fəridlər yetirən bu xalqın analarına, bacılarına "Başınız uca olsun!” - deyirik. Və onların dərdlərinə şərik oluruq.
Bunu özümüzə borc bilirik. Belə bir şəhid anasını, şəhid bacılarını ovutmaq üçün bir addım atdıq.
H.Z.Tağıyev adına Tarix Muzeyinin direktoru akademik Nailə Vəlixanlının və "Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyin sədri Almaz Zeynalovanın təşəbbüsü ilə hər ayda 50 yaşı tamam olan şəhid oğullarımızın yubileyini keçirmək planını irəli sürdülər. Bu təşəbbüs hər kəsin ürəyincə oldu.
…İyunun 19-da Ağdam rayon Boyəhmədli kəndində gedən döyüşlərdə, ermənilərə öz kəndinə girməyə aman verməyən qoç Koroğlu kimi tək-tənha döyüşən və qəhrəmancasına həlak olan Elçin Baxşəliyevin işığına yığışdıq.
Elçin Baxşəliyev özünü müdafiə batalyonunda döyüş yoldaşları Quliyev Saiq Musa oğlu, Adıgözəlov Taleh, Quliyev Qəzənfər Bəkir oğlu, Adil Həsən oğlu birgə vuruşurdular. 1993-cü il iyun ayının 19-da ermənilər Boyəhmədli kəndinə hücum edərkən Elçin kənddən çıxmadı. Əmisi qız-gəlini, körpələri kənddən çıxardı ki, əsir düşməsinlər. Əmisi Adil: "Elçin, gəl çıxaq oğlum, hamı çıxır”. "Əmi, sən nə danışırsan, erməni mənim doğulduğum kəndə girsin? Mən son nəfəsimədək döyüşəcəyəm”. Elçinin gözünü qan örtmüşdü.
Əsir düşən qohumu danışır: "Ermənilər bizim əlimizi bağlayıb girov götürdülər. Kəndə girmək istəyən erməniləri Elçin bir-bir vurub yerə sərirdi. Axırda ermənilər dedilər ki, bu kimdir, belə təkbaşına bir belə ermənini qırdı? Sonda onu snayperlə vurdular…”
Bəli, Elçin təkbaşına ermənilərin qarşısını almaq üçün döyüşdü və qəhrəmancasına şəhid oldu. Döyüş yoldaşları onun igidliklərindən, gözəl dost olduğundan ürək yanğısı ilə danışdılar.
Bu torpaq belə oğullar yetişdirən torpaqdı. Bu torpaq Validə kimi analar yetişdirən torpaqdır ki, Elçin kimi mərd oğul böyüdüb ki, Vətən üçün canından, qanından keçib, Vətənin, torpağın yolunda canını fəda etsin! Əhsən belə torpağa, əhsən belə anaya! Əhsən belə oğula Atanın, Ananın yeganə oğlu, dörd bacının bir qardaşı Elçin qardaşımız! Sən hamımızın qardaşısan, Elçin qardaş!
Elçinin atası Müzəffər əmi, anası Validə xala, bacıları Şəhla, Aytəkin, Arzu, Şəfəq. Bu günədək sanki Elçin gələcək! - deyə yol gözləyirlər. Ağlaya-ağlaya:
Ağlama, Validə Ana! Ağlama Şəhla bacım, Aytəkin, Arzu, Şəfəq bacım!
Bu gün Elçinin 50 yaşı tamam olur. Şəhidlər ölmür! Onlar ən uca zirvədədir!
Biz 19 iyunda Elçin işığına yığışdıq. Tədbiri giriş sözü ilə Şirzad müəllim açdı, qəmli bayatılarla, həzin musiqilərlə "Sarı gəlin”lə başlayıb, Koroğlu "Cəngi”silə davam etdi. Təhmasib müəllim, Almaz xanım öz ürək sözlərini söylədilər.
Sonda Elçin kimi igid böyüdən və tədbirin sonunadək göz yaşı qurumayan Validə ananın həyəcanla ürək sözlərini dinlədik. Şirzad müəllim sonda ağlayaraq: Ana, mənim anam yoxdu, sənin oğlun. Mənə ana olarsanmı? - dedi. Tədbir iştirakçıları qürurdan göz yaşlarını saxlaya bilmədilər. Mən hamınızın anasıyam, oğlum! - dedi qəhrəman anamız.
Azərbaycanın Dövlət Himni ilə tədbir sona yetdi.
Az da Validə ananın, bacıları Şəhlanın, Aytəkinin, Arzunun, Şəfəqin kədrəli gözlərinə sevinc qondu.
Şəhidləri anmaq, yaşatmaq hər bir vətəndaşın borcudur, vətəndaş borcudur.
Tarix muzeyində şəhidlərin ad günlərinin keçirilməsi təşəbbüsü muzeyin direktoru Nailə xanımı hər kəsin gözündə daha da ucaltdı.
Özü şəhid ailəsi olan, dərdini-kədərini gizlədib 5000 mindən çox şəhid ailələrinin qayğısına qalan, könüllərini oxşayan "SASD” İctimai Birliyin sədri Almaz xanıma, Nailə xanıma, Gülzadə xanıma minnətdarlığımızı bildiririk!
Bu gün də bir ananın Elçin kimi oğul itirən qəhrəman oğulun, qəhrəman anasına "Ağlama, Ana!” deyirik. Çünki Elçin kimi oğullar ölməyib, ölmürlər!
Elçinin Laçında girov düşən dayıları Əliyev Yusif (Laçın rayonu Kirov sovxozunun direktoru), Əliyeva Qönçə Zülfüqar qızı, Elçinin xalası qızı Səma və onlarla əsir düşən qohumların düşmən əlində işgəncə ilə şəhid olması Elçin balaya rahatlıq vermirdi. Dayılarımın qisasını alam gərək, - deyərdi.
Qeyrətinə qurban olum, Elçin qardaş! Ruhun şad olsun deyirik! Ad günün mübarək olsun, qardaş!
Şair-publisist qardaşım Rauf İlyasoğlunun 2008-ci ildə çap etdirdiyi "Dostlara dost töhfəsi” kitabında Elçinin yaxın qohumu, erməni faşistləri tərəfindən dünya işığına həsrət qalan 17 yaşlı şairə Nurlanə Nursuza həsr etdiyi şeiri yada salsam yerinə düşər:
Yadıma düşürmü, məktəb illəri,
Bir də yaşayaydıq o xoşbəxt günü.
Sevirdim sənintək qönçə gülləri,
Unutma, xatırla o gözəl günü.

Təxəllüs seçmisən Nursuz, Nurlanə!
Nura bələnmisən, nurlu Nurlanə!
Səni and verirəm o pak Qurana,
Nursuz demə, sən nurlusan, Nuranə!

Nazlı Zeynalova kömək eyləyir,
Xədicə, Azadə arzu diləyir.
Bu ceyran nə gözəl şeir söyləyir,
Nursuz demə, sən nurlusan, Nuranə!

Sənin qisasını özüm alaram,
Düşməni kədərə, oda qalaram.
Laçında yenidən oba salaram,
Nursuz demə, sən nurlusan, Nuranə!

İnşallah, tez bir vaxtda torpaqlarımız ermənilərdən təmizlənər. Boyəhmədli kəndində döyüş yoldaşlarının dediyi kimi sənin heykəlin ucalar!!!
Arzu İlyasqızı,
AJB-nin üzvü

 

 

 

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ