SON DƏQİQƏ

Yarımçıq nağılların ŞEİRİ

Tarix:

21-10-2025, 16:42

/ 2 652 dəfə oxundu.
Yarımçıq nağılların ŞEİRİ

Daha nağılına uymaram sənin,
Sənə doğma olan dünya mənə yad.
Mini birə dəyməz min bir gecənin,
Nə mən padişaham, nə sən Şəhrizad
.

Saçından asılan gözəllər bilir,
Hər sınıq pəncərə bir div canıdır.
Gündüz Xeyir bilir, axşam Şər bilir,
Mənimki bir ahlıq qul üsyanıdır.

Bərkdən üfürməklə sönməz şam daha,
Nə niyyət eləyim, nə arzu tutum?
Azadlıq oyunu oynamam daha,
Uşaqlıq sevdamı gərək unudum.


Tanrı göy üzünü salıbmış dama,
Əllərim bir ovuc qəfəs istədi.
Toy tutur havalı sabah axşama,
Ciyərim bir udum nəfəs istədi.

Qara gözlərimtək yol da ağ olmur,
Daşı atılmışın yıxılıb öyü.
Boşluğu diz ilə şumlamaq olmur,
Nə dua yeridir, nə inanc göyü.


Ömür saatında axmadadır qum,
Qansız ümidlərin atdım daşını.
Mən öz ürəyimin qatili oldum,
Bütün maraqların kəsdim başını.

Qəsdən çalışırdı sükutu pozsun,
Dəli küləklərdə oynayırdı su.
Mən necə söyləyim, o necə yozsun,
Yuxumun gözünü yaman qırdı su.


Səpdim səhralara qovrulmuş tumu,
Qatil ümidlərdən nə var o yana?!
Qan dolu hovuza atdım ovcumu,
Bələndi daşlara çilənmiş qana.

Ha vurub çıxırsan düz çıxmır hesab,
Ayları günlərə tən bölmək olmur.
Rahatlıq hər zülmə eyləməkdi tab,
Daha bu taledə dinc ölmək olmur.


Özündə batmağa nə yol, nə su var,
Dövrəndə dalğıclar gərək mat dura.
Beyninin içindən keçir adamlar,
Qoymurlar əsəbin farağat dura.

Toparlan, ağarır üfüq boyu çən,
Biz yenə...
Nağılı yarımçıq çıxdıq sabaha.
İçində pambıqmı, daşmı... nə görsən,
Bağla bu sandığı, açma bir daha.

SÜLEYMAN ABDULLA.
21.10.2025.

скачать dle 12.1

Şərhlər