SON DƏQİQƏ

EGE SAHİLİNDƏYƏM

Tarix:

11-08-2025, 12:40

/ 3 868 dəfə oxundu.
EGE  SAHİLİNDƏYƏM

Ege sahilindəyəm, Balkandan ŕüzgar əsir,
Dalğa-dalğa ruhumu alıb aparır dəniz.
Lap uzaqdan bir gəmi gözüylə məni kəsir,
"Kirpik qırpır" fənəri, çağırır səssiz-səssiz.


Ege sahilindəyəm, ulduzlar ətəyimdə,
Ayağımın altından qaçır şıltaq ləpələr.
Ay işığı sərilib adaların üstünə,
Dənizin laylasıyla mürgüləyir təpələr.

Ege sahilindəyəm, türkü var Rumelindən,
Selanikdən bu taya üzüb keçib dənizi.
Yenə düşdü yadıma Atatürkün xiffəti,
Tufan qopdu yenə, "Bir  fırtına tutdu bizi".*


Ege sahilindəyəm, dünya ovuclarımda,
Üfüqlər qıpqırmızı, yavaşca sökülür dan.
Boşalır barmaqlarım, zaman axıb tökülür,
Gecə sıyrılıb çıxır  Rodosun qucağından.

Ege sahilindəyəm, fikrim kim bilir harda,
Lövbər salıb xəyalım  yaxın-uzaq sularda.
Araba təkərləri xışıldadır qumları,
Oyanır şəlaləsaç söyüdlər də bulvarda.


Ege sahilindəyəm, ömür nağıl kimidi,
Səhərin nəfəsində ilk sevgi qoxusu var.
Sübhə kimi yatmayıb şəhərin hay-küyündən,
Korpikləri yumulur, dənizin yuxusu var.
Ege sahilindəyəm... Ege sahilindəyəm...
18 iyun, 2025.
Təranə Turan RƏHİMLİ
*"Bir fırtına tutdu bizi"  qədim Selanik  türküsüdür.

скачать dle 12.1

Şərhlər