SON DƏQİQƏ
» » ZƏNGƏZUR BAYATILARINDA MİLLİ-ETNİK TARİXİ YADDAŞ

ZƏNGƏZUR BAYATILARINDA MİLLİ-ETNİK TARİXİ YADDAŞ

Tarix:

19-04-2023, 22:30

/ 2 640 dəfə oxundu.
ZƏNGƏZUR BAYATILARINDA MİLLİ-ETNİK TARİXİ YADDAŞ


Azərbaycan türkləri hər zaman qədim təfəkkürdən qaynaqlanan mənəvi-əxlaqi dəyərlərini həm sözlü, həm də hərəkətli-göstərişli ifadə etməyi özlərinə şərəf və qürur bilmişlər. Sözlü ifadə xalqın şifahi  yaradıcılıq örnəkləridir ki, məhz bu qiymətli örnəklərlə xalqımız köklü mədəniyyətini sözə çox asan şəkildə çevirməyi bacarmışdır. Çünki bu örnəklər xalqın öz ruhunun ifadəsidir, qədim etnik mədəniyyətinin təzahürüdür. Göstərişli mədəniyyətimiz də elə bir o qədər  aktivdir. Belə ki, xalq tamaşa və oyunları, qədim etnik mərasim faktlarını ifadə edən ayin-rituallar, xalq rəqsləri də xalqımıza məxsus qədim etnik düşüncəni aydın şəkildə əks etdirməkdədir.  Zaman-zaman istər sözlü mədəniyyət faktlarımız, istərsə də göstərişli mədəni örnəklərimiz yadelli xalqların mədəniyyətlərinə də öz böyük təsirini göstərmişdir. Bu məqamı olduqca təbii qəbul etməliyik. Çünki qədim və köklü mədəniyyətlər sonradan yaranmış mədəniyyətlərə öz güclü təsirini göstərməyə qadirdir. Və ya bəsit mədəniyyət daşıyıcısı olan xalqlar öz mədəniyyətlərini zənginləşdirmək məqsədilə qonşu, əsasən də qədim köklü mədəniyyət daşıyıcısı olan xalqların mədəniyyətlərinə istinad edirlər. Lakin bu məqam, təəssüflər olsun ki, heç də həmişə istinad olaraq həyata keçirilmir, hətta çox zaman mənimsənilməyə çalışılır. Və Azərbaycan türklərinin mənəvi və maddi mədəni dəyərləri hər zaman yadelli xalqları özünə cəlb etmişdir. Və bu dəyərlərdən sui istfadə edib, özününküləşdirməyə çalışanlar da olmuşdur. Məhz erməni tayfalarının Azərbaycan xalqının köklü, qədim mədəni dəyərlərinə göz dikdiyi kimi...

XX əsrin əvvəllərində erməni musiqişünas Soqomonyan Komitas indiki Ermənistan ərazisində, İrəvanda azərbaycanlıların yasadığı kəndləri gəzərək yüzlərlə Azərbyacan və Türk mahnısını nota alır. Ona görə də erməni xalq mahnıları və havalarının ən azı doxsan faizi Azərbyacan xalq mahnı və rəqslərinə əsaslanır. Ermənilər qədim Azərbaycan nəğmələrini toplayaraq öz arxivlərinə əlavə ediblər. Məhz bu baxlmdan Komitas erməni musiqisinin banisi yox, gələcəkdəki erməni plagiyatının əsasını qoyan şəxsdir. 1925-ci ildə İrəvanda Elm və İncəsənət İnstitutu yanında xalq musiqisi və folklorunun toplanılması bölməsi yaradılır. Buna Komitasın şagirdi Spiridon Məlikyan rəhbərlik edir. Bu qurumun işi Azərbaycan folklor örnəklərini toplayıb, onları erməni folklorunun nümunəsi kimi təqdim etmək idi. Azərbaycan xalq yaradıcılığı örnəklərini toplayaraq öz örnəkləri kimi təqdim etməyə çalışan ermənilər bununla özlərinə qədim tarix və qədim soy-kök yaratmaq xülyasında olublar. Amma bu mümkün deyil. Ona görə ki, ruhu onu yaradan xalqa bağlı olan dəyərlər həmin xalqa məxsusdur. Lakin təəssüflə qeyd etməliyik ki, ermənilərin mənimsədikləri və öz örnəkləri kimi təqdim etdikləri örnəklər də var. Aşağıdakı örnək onlardan biridir. Mətni erməni mənbəyindən olduğu kimi təqdim edirik:

Джань-гюлюмы

Соловей, в мой сад летай,

Песню яра распевай,

Твоей песней мой привет

К дому яра передай.

 Ах, в бахче ты возросла,

Как шамама сама была.

День и ночь- все про тебя

Моей песенки хвала.

 

Ты, Араз, меня пойми,

Говори, язык прими.

Молви милому: «Скорей

Ты меня в свой дом возьми!»

 

Tərcüməsi:

Bülbül, sən mənim bağıma gəl,

Yarıma nəğmə oxu.

Öz nəğməndə mənim salamımı

Yarın evinə çatdır.

 

Ah, sən bağçada böyüdün,

Özün də şamama kimi idin.

Gecə və gündüz – sənin haqqında

Mənim nəğmlərimdə alqışlanırsan.

 

Sən, Araz, məni anla,

Danış, dilimi qəbul et.

Mehribanlıqla dua et: "Tezliklə

Sən məni öz evinə al!”.

Qeyd edək ki, "Can, gülüm”, "Gülüm, hey” rədifli nəğmələr Azərbaycan türklərinin məişət və mövsüm mərasimi nəğmələrinə məxsusdur. Ermənilərin dəyişərək özününküləşdirmək istədikləri, lakin pərakəndə bir mətn yaratdıqları bu nümunədəki sözlərin hansıların Azərbaycan dilinin lüğət tərkibinə aid sözlərin olduğu aydındır: can, yar, şamama, Araz... Ermənilər tarixən torpaqlarımıza göz dikdikləri kimi, mədəniyyətimizə, dəyərlərimizə, dilimizə də göz dikiblər. Amma həmin pərakəndə şeir mətnindən də göründüyü kimi, mənimsənilən, özününkü olmayanı heç bir səmimiyyətlə təqdim edə bilməzsən! Azərbaycanı iki yerə bölən Araz bayatılarımızda o zamandan etibarən giley-güzar obyekti kimi qəbul olunub, qarğış, hətta yeri gələndə nifrət obyekti də olub. Erməni nəğməsində isə Araza müraciətdə yalvarış ifadə olunur və bu yalvarış yadellinin, Araza toxunan yad nəfəs sahibinin, onu Arazın ağuşuna almaq istəyinin yalvarışıdır.  

Yurddaşlarımızın öz tarixi torpaqlarından köçkün düşdükləri zamandan etibarən yaranmış sözlü yaradıcılıq örnəkləri isə milli ruhun əsl ifadəçisidir. Bu baxımdan bayatı örnəklərmiz daha aktivdir:

Mən aşığam, dam qaldı,

Damlar yeri nəm qaldı.

Qaşdı elim-obam,

Bir quruca dam qaldı.

Bayatılar insanın yaranandan dünyadan köçdüyü zamanədək yaşadığı həyatının poetik ifadəçisidir. Bu zəngin və çoxşaxəli xalq yaradıcılığı örnəyindəki misraların sayının məhdudluğuna baxmayaraq yüksək poetik dəyər və zəngin tarixi və etnoqrafik cizgilər daşımaqdadır. Bayatıların qədim əxlaqi-mənəvi dəyərlərin formalaşması və təkmilləşməsində çox böyük rolu vardır. Və qədim türk torpağı olan Qərbi Azərbaycan torpaqlarında yaşayan azərbaycanlılar da hər zaman milli təfəkkür və düşüncədən qaynaqlanan  dünyagörüşlərindəki məqamları sözlü yaradıcılıq məhsulu olan poetik örnəklərdən ən aktivində  – bayatılarda real xalq dili ilə daxili arzu və düşüncələrini, ağrı və acılarını, xiffət və nisgillərini aydınca ifadə etmişdilər. Əgər müxtəlif zamanlarda yaranmış bayatı örnəklərində sevinc, sevgi və bu kimi xoşbəxt məqamlar öz ifadəsini tapırdısa Qərbi Azərbaycandan, öz yurd-yuvalarından köçkün düşmüş həmvətənlərimiz yurd həsrətlərini və unudulmayacaq ağrılarını bayatılarla ifadə ediblər. Vətən həsrəti bu bayatıların əsasını təşkil edir. Vətənpərvərlik hisslərinin sözə çevrilməsi, poetikləşməsi bu örnəklərdə gerçəkləşir:

Xoş gördük, dərə, səni

Xoşnişin dərə səni.

Xoş o kəsdərin halına ki, Zəngilan,

Bir də gələ, görə səni.

Məlum məqamdır ki, bayatıların son üçüncü və dördüncü misraları əsas fikrin ifadəsini tam təmin edir. Və örnək verilən bayatıda da üçüncü və dördüncü misralardan aydınca görünməkdədir ki, bayatının yaradıcısı olan naməlum müəllif – xalq məhz həsrət obyekti olan Zəngilandan köçkün düşən ərəfədə bu bayatını ərsəyə gətirib, yaddaşlara ötürübdür.

Ay gedən, səninənəm,

Getmə dur, səninənəm.

Bülbül gülnən oynasa da, Zəngilan,

Mən elə səninənəm.

Hər iki bayatı örnəyinin sabit qafiyə ölçüsü pozulmuş üçüncü misraları köçkünlük həyatını, vətən nisgilini aydınca qabardır. Və üçüncü misranın qafiyə şəklini pozan "Zəngilan” toponimi də məhz həmin ağrı və nisgilin əsl səbəbi və səbəbkarıdır. Məhz belə ağrı-acı hayqıran misraların müəllifi əsl yerli sakinlər olduğunu bu qəbildən olan örnəklərlə bir daha sübut edirlər. Köçkün düşüb vətən nisgili yaşayan xalq məskunlaşdığı ən gözəl məkanı da qürbət sayır. Baxmayaraq ki, hamısı Vətən torpağıdır, amma ona doğulub-böyüdüyü, əsil-nəcabətinin kök saldığı, təkcə düşüncəsi ilə deyil, soyu, bütün ruhu ilə bağlı olduğu öz məkanı – öz vətəni lazımdır:

Zəngilannan yel əsdi,

Ürəyim tel-tel əsdi.

Sağ gözün Vətənə qurban,

Sol gözüm mənə bəsdi.

Sözlü ədəbiyyatın bir çox örnəkləri kimi, bayatılar da  (bəlkə də daha çox) insanın real durumunu ifadə etməkdə, necə deyərlər, mahirdir. Belə ki, hər bir örnəkdə onun yaradanın ağrı-acısı və sevinci, ümumiyyətlə bütün psixoloji ruh halı öz ifadəsini tapır. Eləcə də Qərbi Azərbaycandan toplanmış sözügedən örnəklərdə bu məqam olduqca aydındır. Köçkünlükdə həyatını cəhənnəm əzabından seçməyən insan təkcə öz halını deyil, övladsız, təmiz nəfəssiz, ruhsuz qalmış Vətən torpağının da halına fəryad edir, göz yaşı tökür:

Zəngilanın bucağında,

Od yanmır ocağında.

Baş qoyum dizin üsdə,

Can verim torpağında.

Vətən həsrəti, el-oba yanğısı yurddaşlarımızın qəlbini hələ də göynətməkdədir. Onlar həsrətlə gözləyirlər ki, öz doğma el-obalarına geri dönüb, doğma yurdlarına yenidən qovuşsunlar. Bu istək, arzu onlarda qaçqın düşdükləri gündən etibarən mövcuddur. Əgər soydaşlarımız o ağır günlərdə –  doğma yurd-yuvalarından ayrı düşdükləri zamanda Vətəndən onları ayrı salanı lənətləyir, ona nifrət bəsləyirdilərsə, nə zamansa Vətən torpağının onları öz doğma ağuşuna alacağına da inanırdılar. Məskunlaşdıqları məkanlardan doğma yurda baxmağı da özünə qənimət bilən insanın ağrı-acısı bayatılarda görün necə poetikləşir:

Gün getdi sarı qaldı,

Getdikcən sarı qaldı.

Vətən, sənə baxmaxdan,

Gözümdə sarı qaldı.

"Bu qədər Vətən həsrəti çəkənə gərəkdir ki,  Vətən ona öz qucağını geniş aça” – deyə düşünən soydaşımız bu ayrılıqda Vətəni də günahlandırır. Çünki məkrli nəfəsi müqəddəs Vətən torpağı gərək qəbul etməyə, düşmən nəfəsinə qənim kəsilə bu torpaq. Məhz belə düşüncələrlə öz ümidlərini ölməyə qoymayan soydaşımız Vətəndən də gileylidir:

Bı dağ o dağa baxar,

Altınnan bılax axar.

Heyf qaşqın gözdərim,

Bevəfa Vətənə baxar.

Vətən torpağı ilə, eləcə də Zəngəzurla bağlı bayatı örnəklərini müşahidə edərkən bir daha aydın olur ki, vətən sevgisi, yurd həsrəti bu örnəklərin əsas mayasıdır. Onların ərsəyə gəlməsini məhz həmin müqəddəs duyğular şərtləndirir. Nə qədər yadelli bu örnəkləri mənimsəməyə çalışsa da alınmaz, mümkün deyildir, çünki mayası xalq ruhundan yoğrulan bu örnəklər xalqın qədim tarixi ilə bərabər yaranıb və yaşamaqdadır. Və onlar heç zaman yad dilinə, yad nəfəsinə uyğunlaşa bilməz!

AMEA Naxçıvan Bölməsi

İncəsənət, Dil və Ədəbiyyat İnstitutu

Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə

fəlsəfə doktoru, dosent, Azərbaycan Aşıqlar

 Birliyini üzvü Aytən Cəfərova

 

скачать dle 12.1

Şərhlər