SON DƏQİQƏ
» » Rusiya Ermənistana "bioloji zərbə" vurub: ABŞ-ın cavabı da rəsmi İrəvanı hədəf ala bilər

Rusiya Ermənistana "bioloji zərbə" vurub: ABŞ-ın cavabı da rəsmi İrəvanı hədəf ala bilər

Tarix:

15-05-2021, 10:23

/ 2 796 dəfə oxundu.
Rusiya Ermənistana "bioloji zərbə" vurub: ABŞ-ın cavabı da rəsmi İrəvanı hədəf ala bilər

Kreml Paşinyan hakimiyyətini növbəti dəfə Ağ Evə xəyanət etmək məcburiyyətində buraxıb; Ağ Evin ABŞ-a məxsus gizli obyektlərə rusların girmək hüququ qazanmasına seyirçi qalacağı qətiyyən inandırıcı deyil…

GünAz.az bildirir ki, Rusiya Cənubi Qafqazda ciddi şəkildə fəallaşması başlayıb. Kremlin bu regionda Rusiyanın maraqları ilə bağlı müəyyən narahatlığının olduğu sezilir. Və hazırda əsas fəaliyyətin məhz həmin narahatlıq doğuran faktorların zərərsizləşdirilməsinə yönəldiyi müşahidə olunur.

Onu da qeyd edək ki, Kremlin Cənubi Qafqazda cərəyan edən proseslərdən narahatlığı Rusiya xarici işlər naziri Sergey Lavrovun əvvəlcə Ermənistana, ardınca bir neçə gün sonra Azərbaycana səfərində də nəzərə çarpdı. Bu səfərlərin rəsmi İrəvanın gözləntilərini tam qarşılamadığı artıq inkaredilməz reallıqdır. Rusiya xarici işlər nazirinin hər iki ölkədə verdiyi açıqlamaların məzmunu da belə düşünməyə əsas verir.

Məsələ ondadır ki, Rusiya xarici işlər naziri öz açıqlamalarında daha çox üçtərəfli anlaşmalara riayət olunması üzərində durdu. Buna əlavə olaraq isə rəsmi İrəvanı qətiyyən məmnun etməyəcək mövzunu gündəmə gətirdi. Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməli olduğunu vurğuladı.

Böyük ehtimalla bu, sadəcə, Kremlin ədalət prinsipindən qaynaqlanan yeni yanaşma deyil. Əksinə, burada rəsmi İrəvana yönəlik üstüörtülü xəbərdarlıq mesajı da olmamış deyil. Və bu, hazırda Ermənistanın siyasi dairələrində əndişə doğurmaya başlayıb.

Məsələ ondadır ki, hazırda Ermənistanda Rusiya xarici işlər nazirinin Azərbaycanda və Ermənistanda imzaladığı sənədlər, daha doğrusu, onların məzmunu ciddi müzakirə mövzusudur. Ermənistan siyasi dairələri həmin sənədlərin məzmununda olan kəskin fərqlərin səbəblərini anlamağa çalışırlar. Kremlin rəsmi İrəvandan qopardığı son anlaşmanın Ermənistana ciddi problemlər yarada biləcəyini düşünürlər.

Azərbaycan və Rusiya xarici işlər nazirləri Bakıda iki ölkə arasında məsləhətləşmə planı imzalamışdılar. Həmin sənədə görə, Azərbaycan və Rusiya Xarici İşlər Nazirlikləri 2021-2022-illərdə ikitərəfli, regional və beynəlxalq məsələlərin müzakirəsi üzrə bərabərhüquqlu əməkdaşlıq etmək niyyətindədir. Yəni, iki qonşu ölkə qeyd olunan istiqamətlərdə ortaq maraqlar çərçivəsində tərəfdaşlığa üstünlük verir.

Ancaq Ermənistana münasibətdə şituasiyanın bir qədər fərqli olduğu nəzərə çarpır. Çünki Rusiya və Ermənistan xarici işlər nazirləri arasında imzalanmış sənəd – Bioloji təhlükəsizliyin təmin olunması barədə Memorandum tamamilə fərqli məzmun daşıyır. Belə ki, həmin sənəd Rusiyanın Ermənistan ərazisində olan bioloji laboratoriyalara giriş hüquqi ilə bağlı təktərəfli razılığın verildiyini təsdiqləyir.

Göründüyü kimi, məzmun baxımından, olduqca maraqlı anlaşmadır. Birincisi, təktərəfli razılıq əldə olunduğundan Kreml bunun qarşılığında öz üzərinə hər hansı hərbi və ya siyasi öhdəlik götürmür. Və bütün bioloji laboratoriyalara girib, araşdırma aparmaq hüququ qazanır.

Digər tərəfdən, Ermənistana məxsus olan deyil, məhz bu ölkənin ərazisində olan bioloji laboratoriyalardan söhbət gedir. Üstəlik, həmin laboratoriyaların bioloji təhlükəsizliyə təhdid olduğu vurğulanır. Və bu, rəsmi İrəvan üçün növbəti beynəlxalq problemin yaranmaqda olması anlamına da gəlir.

Memorandumda "Ermənistan ərazisində olan” vurğusu bioloji laboratoriyaların hansısa üçüncü ölkəyə aid olduğunu təsdiqləyir. Əslində, Ermənistanın belə bahalı laboratoriyalara sahib olması təəccüb doğurardı. Çünki rəsmi İrəvan heç bir dövrdə elmə və elmi araşdırmalara böyük məbləğdə vəsait xərcləmək imkanında olmayıb.

Bəzi Rusiya mənbələri Memorandumda qeyd olunan bioloji laboratoriyaların ABŞ-a məxsus olduğunu xüsusi olaraq, vurğulayırlar. Onların iddialarına görə, Ermənistan ərazisində təxminən 10-12 belə qeyri-rəsmi laboratoriya var. Və həmin obyektlərdə hansı araşdırmaların aparıldığı heç rəsmi İrəvana da məlum deyil.

Göründüyü kimi, kifayət qədər müəmmalı məqamdır. Kremlin həmin obyektlərin qapadılması və ya Rusiya mütəxəssislərinin yoxlama aparmasına yönəlik tələbləri isə son dövrlərə qədər geri çevrilirdi. Rəsmi İrəvan ötən ilin payızına qədər bu məsələdə özünü daha qətiyyətli göstərə bilirdi.

Ancaq 44 günlük savaşdan sonra dəyişən geopolitik şərtlər Ermənistanı yenidən Rusiyadan tam asılı vəziyyətə saldı. İndi Paşinyan hakimiyyəti Kremldən gələn istənilən təlimatı yerinə yetirməyə hazırdır. Və Kreml bioloji laboratoriyalar məsələsində bu imkandan maksimum səviyyədə istifadə etməyi bacardı.

Əgər, Rusiya mənbələrinin iddia etdiyi kimi, həmin obyektlərin doğrudan da məhz ABŞ-a hər hansı formada aidiyyəti varsa, deməli, bu məsələ hələ tam yekunlaşmayıb. Yəni, hər halda, rəsmi İrəvan üçün bu mövzunun davamı qaçılmazdır.

Məsələ ondadır ki, Paşinyan hakimiyyətini ABŞ-ın "Soros” Fondu icad edib. Ötən ilin sentyabr ayına qədər Paşinyan hakimiyyəti okeanın o tayındakı ağalarına sadiq qalmağı bacarıb. Ancaq savaşda məğlubiyyət situasiyanı ciddi şəkildə dəyişib, indi Paşinyan hakimiyyəti təlimatları Ağ Evdən deyil, Kremldən almağa məhkumdur.

Hətta ABŞ prezidenti Co Baydenin "genosid hədiyyəsi” belə, bu vəziyyəti dəyişə bilmədi. Əksinə, bundan sonra Kreml Paşinyan hakimiyyətini bir neçə dəfə Ağ Evə xəyanət etmək məcburiyyətində buraxıb. Rusiyaya Ermənistan ərazisində olan bioloji laboratoriyalara giriş hüququnun verilməsi isə rəsmi İrəvan və Ağ Ev arasında ipləri tamamilə qopara bilər.

Məsələ ondadır ki, Ağ Evin ABŞ-a məxsus gizli obyektə rusların belə rahatlıqla girmək hüququ əldə etməsinə seyirçi qalacağını düşünmək sadəlövhlük olardı. Hər halda, Ağ Evdə Ermənistanın nankorluğundan məyus olduqları qətiyyən şübhə doğurmur. Və yaxın vaxtlarda bu məyusluq Ermənistan ilə bağlı qəbul ediləcək qərarlarda özünü göstərə bilər.

Bütün bunları nəzərə aldıqda, hesab etmək olar ki, laboratoriyalar ilə bağlı Memorandum ABŞ-a qarşı olsa belə, əslində, müəyyən mənada, Rusiyanın Ermənistana vurduğu "bioloji zərbə”dir. Bunun qarşılığında daha bir zərbənin olacağı ilə bağlı ehtimal da tamamilə inandırıcı görünür. Üstəlik, həmin zərbənin də hədəfində məhz Ermənistanın duracağını elə indidən təxmin etmək mümkündür../Müsavat.com

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ