
Səudiyyə Ərəbistanın hərbi koalisiyası tərkibində olan Sudan qüvvələri Yəmənin qərb bölgələrini tərk etməyə başlayıb.
GunAz.az xəbər verir ki, bu barədə qərargahları Ədən şəhərində yerləşən Yəmən hökuməti mənbələri məlumat veriblər.
Bildirilib ki, Yəmənin qərbində olan Sudan qüvvələri buradakı əməliyyatları bitirdikdən sonra tədrici şəkildə bölgədən çıxacaqlar.
Əlavə edilib ki, Sudan qüvvələrinin yerinə Yəmən hökuməti (Ədən) qüvvələri yerləşəcək.
Qeyd edək ki, Sudan Səudiyyə koalisiyası tərkibinə azı 15 min hərbi qüvvə ilə qatılmışdı. Sudanın yeni baş naziri Abdullah Hamdukun sözlərinə görə onların Yəməndəki qüvvələri 5 minə qədər azaldılıb və yerdə qalan qüvvələr də geri çəkilə bilər.
Səudiyyə Ərəbistanı koalisiyası 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb. Bu müddət ərzində on minlərlə mülki şəxs həyatını itirib.
N.SAFURA