Cəbəli-Tariq sahillərinə yaxın sularda bir İran neft gəmisinin saxlanılmasından sonra Fars Körfəzində də bir Britaniya gəmisinin saxlanılması haqda iddialar irəli sürülüb.
GunAz.az BBC-ə istinadla xəbər verir ki, Britaniyaya məxsus bir neft tankerinin Fars Körfəzində saxlanılması ilə bağlı ziddiyyətli xəbərlər yayılıb.
Lakin az keçməmiş Britaniyanın aidiyyatı qurumları gəminin hərəkətində iki saatlıq dayanmanın olduğunu təsdiqləyib və bunun növbəti hərəkət istiqamətinin tənzimlənməsi üçün atılan adi addım olduğunu bildiriblər.
İran da öz növbəsində bu iddiaları şayiə adlandırıb və ölkə qüvvələri tərəfindən heç bir gəminin saxlanılmadığını bildirib.
Qeyd edək ki, İran, 3 gün öncə Suriyaya iki milyon barel neft aparan gəmisinin Cəbəli-Tariq sahilinə yaxın sularda saxlanılmasına görə rəsmi Londona nota verib. İran bu gəminin sərbəst buraxılması üçün bütün qanuni və siyasi addımları atacağını bildirib.
Bəzi hərbi mənbələr ölkə qüvvələrindən cavab üçün eyni addımın atılmasını istəyiblər.