SON DƏQİQƏ
» » “Vaşinqton İranı danışıqlara cəlb edəcək” – politoloq

“Vaşinqton İranı danışıqlara cəlb edəcək” – politoloq

Tarix:

24-06-2019, 23:14

/ 1 597 dəfə oxundu.
“Vaşinqton İranı danışıqlara cəlb edəcək” – politoloq

ABŞ-İran arasındakı “soyuq savaş” səngimək bilmir. Günlər öncə Ağ Ev sahibi Donald Trampın cənub qonşumuza qarşı hücum planından vaz keçdiyi barədə xəbərlər yayılsa da, ardınca iki ölkə arasında yeni qalmaqal yaranıb.

İyunun 13-də ABŞ-ın pilotsuz təyyarəsinin İranın hava məkanına qanunsuz daxil olması və bu səbəbdən rəsmi Tehranın Hərbi Hava Qüvvələrinin təyyarəni vurmasının ardından sonra Tramp İrana hücum barədə sərəncam verdi, amma az sonra geri götürdü. Bundan sonra o, İranla danışıqlara dair açıqlama verdi.

Lakin bununla belə, İrana qarşı kiberhücum baş verib. Bu barədə “The Washington Post” BHirləşmiş Ştatların kiberkomandanlığındakı mənbəyə istinadən bildirir.

Qəzetin yazdığına görə, ötən həftənin cümə axşamından etibarən ABŞ fəal kiberhücum əməliyyatları həyata keçirir, bu əməliyyata bir neçə aydır hazırlıq gedirdi. Bildirilir ki, amerikalılar artıq İran raketlərinin buraxılış sistemini sıradan çıxara bilib, bu zaman heç kim xəsarət almayıb.

Bu məlumatı Ağ Evdə və Pentaqonda heç kim şərh etməsə də, dövlət başçısı təsdiq edib ki, İrana zərbələrin endirilməsi barədə əmrini ləğv etməyib. Sadəcə, təxirə salıb və hərbi əməliyyatlar planı onun masası üzərindədir.

İran mənbələri də ABŞ-ın kiberhücumlara başladığını dolayısı ilə təsdiqləyir. “Mehr” agentliyinin məlumatına görə, ABŞ-ın 5-ci donanmasının gəmilərinə elektron kəşfiyyat və kompüterlər üzrə İsrail mütəxəssisləri çatdırılıb. Onlar İrana qarşı ABŞ-ın başlatdığı kibermüharibədə iştirak etməlidir.

İran Müdafiə Nazirliyinin nümayəndəsi bu informasiyanı şərh edərkən deyib ki, “təcavüzkarın” tərəfində dayanan müsəlman ölkələri “sionist təcavüzkarla” çiyin-çiyinə dayandıqlarını nəzərə almalıdır.

Ekspertlərin məsələlərə fərqli baxışları var. Çoxları düşünür ki, Amerika bununla İrana öz mesajlarını çatdırır, yəni hər an hərbi əməliyyatların ola biləcəyini istisna etmədiyinə işarə edir. 

 

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli məsələlərə fərqli rakursdan yanaşır: “ABŞ İrandan qat-qat güclüdür, iqtisadi gücü üst həddədir. Birləşmiş Ştatlar BMT-ni, müttəfiq ölkələri, NATO-nu, qonşu dövlətləri təhdid edərək İrana qarşı böyük miqyasda diversiya həyata keçirir. Ötən illərin ayrılmaz dostlarına nə oldu sualı meydana çıxır. Bunun da tarixçəsi İslam inqilabından sonrakı illərə təsadüf edir. Həqiqətən, bu qədər yaxın ikən niyə düşmən oldular? ABŞ İrandan nə istəyir? Nüvə silahımı? Axı İrandan əvvəl heç də ağlı başında olmayan, beynəlxalq sülhə təhlükə yaradan bir neçə dövlət var ki, bu silaha sahib oldular. Nə dəyişdi bəs? Bunlar sözügedən həddə düşməndirlərsə, o zaman Əfqanıstanda əməkdaşlıq edən kim idi? İraqın işğalında İran əks-kəşfiyyatı niyə ABŞ-ın yanında yer alırdı? Bunun bircə izahı var: İran Avropa Birliyinin gələcəyi üçün təhdid yaradan iki gücün yanında yer alır: Rusiya və Çin. Tramp ya bu arzunu İranın gözündə qoyacaq, ya da İranı özünə göz bəbəyi edəcək. Buna görə də, İrana qarşı hətta hərbi əməliyyatlar da masadadır. Onun isə müxtəlif yollarını tətbiq edə bilərlər. Real bombardumandan başqa. Proseslər Trampın timsalında aktiv müharibə reallığı kimi görünsə də, heç bir ABŞ prezidenti bu səhvi etməz. İran təkcə hərbi ölkə deyil, o həm də ciddi ideoloji bazaya malikdir. ABŞ-ın ora atacağı bircə bombanın qəlpələri İraqı, İranı, Yəməni, Səudiyyəni, Körfəzi, İsraili, Azərbaycanı, Türkiyəni, Misiri, böyük ölçüdə Aralıq Dənizi massivini və Rusiyanı qarışdıra bilər və bu işin altından heç kim sağ çıxa bilməz. Ona görə, son dəqiqədə Trampın bombardumandan imtinası da buna bağlıdır. Hadisələr İranda daxili iğtişaşlar, terror aktları, yeni sanksiyalarla dəstəklənə bilər. Daxildən İranın çöküşünü gözləyəcəklər. Amma bunun da reallaşacağı inandırıcı deyil. Çin və Rusiya amili həlledicidir”.

 

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, ABŞ-la İran arasında davam edən siyasi böhranın hərbi əməliyyatlar müstəvisinə keçməsi mümkündür: “Qeyd edim ki, Vaşinqtonda bir qrup İrana qarşı hərbi müdaxilənin yolverilməz olduğunu, bunun regionda dağıdıcı təsirə malik olacağını və ABŞ-ın Yaxın Şərqdə nizamına mənfi təsir edəcəyini qeyd edirlər. Çünki, körfəz ölkələrinə İranın hərbi zərbələri və Tehranın Yaxın Şərqdə dəstək verdiyi silahlı təşkilatlar Səudiyyə Ərəbistanı və İsrailə qarşı mümkün hərbi təxribatlara əl atacaqlar. Fars körfəzində ABŞ-ın zərbə qüvvələri və elektron kəşfiyyat qrupları yerləşib. Məhz elektron kəşfiyyat qrupları İrana qarşı kiberhücumları həyata keçirir. Artıq ABŞ İrana qarşı iqtisadi, siyasi və kiberhücumlar həyata keçirir. Müasir dünyada kiberhücum vasitəsi ilə rəqibin hərbi arsenalını sıradan çıxarmaq olur. İranın ABŞ-ın PUA-sı vurması ilə əsəblərin tarıma çəkilməsi, müharibənin fitilinin çəkilməsi görsənir. Trampın İrana qarşı hərbi əməliyyatlarda əmr verməsi və qərarını geri götürməsi vəziyyətin böhran həddində olduğunu göstərir. İran da geri addım atmır. Uranın zənginləşdirilməsini qeyd edir. Əgər, Uranın zənginləşdirməsini inkişaf etdirsə, Avropa da sanksiyalara qoşulacaq.

Bu da İranın defoltuna gətirəcək. Baş verənlər İran üçün dağıdıcı ola bilər. Bu da İranda sistemin məğlubiyyətinə səbəb olar. Amma, qeyd etdiyim kimi ABŞ üçün də arzu olunan nəticələr gətirməyəcək. Tramp və müşavirləri bunu yaxşı bilir. Ona görə də hücum əmrini geri götürdü. Oman vasitəsi ilə Tehrana şərtsiz danışıqlar aparılması irəli sürülüb. Tehranla ABŞ arasında əsəb gərginliyi davam edəcəksə, ABŞ kiberhücum vasitəsi ilə Tehranın hərbi raket sistemini sıradan çıxaracaq. Bu İrana ABŞ-ın hücumudur və İran bunun qarşılığında ABŞ donanmalarına hücum həyata keçirirsə, Tehran birbaşa ABŞ və İsrailin raket hücumlarına məruz qalacaq. Hazırda hərbi ritorika ilə bərabər Vaşinqton danışıqlarda da maraqlı olduğunu vurğulayır. ABŞ dövlət katibi Pompeo regiona səfərə gedəcək. İrana yenə də danışıqlar üçün mesaj verdi. Hesab edirəm ki, İran da, ABŞ da, müharibənin dağıdıcılığının fərqindədirlər. Vaşinqton iqtisadi və kiberhücumlarla İranı danışıqlara cəlb edəcək. Məhz ABŞ da danışıqlarda maraqlıdır. Şimali Koreya presedentini tətbiq etmək istəyir. Hesab edirəm ki, tərəflər yaxın müddətdə vasitəçi dövlətlərin iştiraki ilə masa arxasına oturmasa, ABŞ lokal hərbi əməliyyatlar həyata keçirə bilər”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ