Tovuz rayon sakini, Vətən müharibəsi iştirakçısı Kərimov Ülvi Elfaq oğluna heç bir sosial dəstək göstərilmədiyi barədə sosial şəbəkələrdə yayılmış məlumat həqiqəti əks etdirmir.
GunAz.az xəbər verir ki, bu barədə DOST Agentliyi və "YAŞAT” Fondunun birgə yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, Ü.Kərimovun da digər qazilərimiz kimi xidmətləri yüksək qiymətləndirilib, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə o, "Suqovuşanın azad olunmasına görə” və "Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Müharibədə yaralanmış Ülvi Kərimova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar III dərəcə əlillik təyinatı aparılıb. Ona Prezidentin aylıq təqaüdü (300 manat) və əlilliyə görə aylıq müavinət (110 manat), ümumilikdə 410 manat sosial ödənişlər ayrılıb. Həmçinin o, hazırda əmək fəaliyyətindədir, aylıq 600 manatdan artıq məvacib alır.
Qazinin məşğulluq məsələsinə də dəstək göstərilir. "Heyvandarlıq” zərfi üzrə özünüməşğulluq proqramına cəlb edilmək istədiyini bildirən Ülvi Kərimova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən yaxın günlərdə təsərrüfatını qurması üçün aktivlər (mal-qara və yem ehtiyatı) veriləcək.
Göründüyü kimi, Vətən müharibəsi qazisi Ülvi Kərimov da digər qazilərimiz kimi sosial dəstək tədbirləri ilə əhatə olunub. Qarşıdakı dövrdə də bu tədbirlər davam etdiriləcək./apa