SON DƏQİQƏ

Tarixi yurdlarımızı tanıyaq- QIRXBULAQ MAHALI

Tarix:

2-09-2021, 14:05

/ 2 862 dəfə oxundu.
Tarixi yurdlarımızı tanıyaq- QIRXBULAQ MAHALI

 Əziz Ələkbərli
Şimaldan Axta rayonu, şərqdən Göyçənin Kəvər rayonu, cənubdan Vedi və Qəmərli rayonları, qərbdən Əştərək rayonu, cənub-qərbdən İrəvan şəhəri ilə həmsərhəd idi.
Qədimdə Kotayk dairəsi kimi Ərməniyənin, orta əsrlərdə Qırxbulaq mahalı adı ilə İrəvan xanlığının, xanlıq ərazisi Rusiya tərkibinə qatıldıqdan sonra Kotayk nahiyəsi kimi İrəvan qəzasının, Sovet hakimiyyəti illərində isə Kotayk (1961-ci ildən Abovyan, 1990-cı ildən yenidən Kotayk) rayonu kimi "Ermənistan SSR"-in tərkibində mövcud olmuşdur.
Ərazisi 844 kv. km, rayon mərkəzi İrəvan şəhərindən 16 km-lik məsafədə, İrəvan-Tiflis avtomobil yolunun üstündə yerləşən, 1963-cü ildən respublika tabeli şəhər statusu almış Ellər (12.10.1961-ci ildən – Abovyan) şəhəri idi.
Qırxbulaq mahalı, öz adını Qırxbulaq hidronimindən, Qırxbulaq çayı isə başlanğıcını Hadis və Əjdaha dağlarının ətəyindəki çoxlu bulaqlardan (bəzi mənbələrdə Başkənd kəndi kənarındakı 28 bulaqdan) götürüb, şərqdən qərbə doğru axaraq Zəngi çayına üz tuturdu. Qırxbulaq çayı Avan kəndi yaxınlığında daşlıq Abbasdərə dərəsinə girir, Çölməkçi və İrəvan bağlarını suvarır, İ.Şopenin "Savzik yeri” deyə qeydə aldığı ərazinin aşağısından və İrəvan qalası ilə Şinqovit kəndi arasından keçib, soldan Zəngi çayına tökülürdü. Keçmişdə olduğu kimi, indi də İrəvan şəhərinin içməli su təminatının əsasını bu çay təşkil edir.
Qırxbulaq çayı sisteminə aşağıdakı irmaqlar da daxil idi: Kamal, Tutiyə və Cadqıran kəndləri ərazilərinin suvarıldığı Qamris, Zarbulaq və Bəzəkli kiçik çayları, Tacirabad, Hacıbulaq, Əlibulaq və Küzəcik qolları, Oxçaqala bulağı və b. Lakin bütün bu kiçik çay və bulaqların suyunu torpaq udur, onlar yalnız qar və güclü yağış yağanda gedib Qırxbulaq çayına çatırdılar. Belə vaxtlarda Qırxbulaq çayının özü də daşır və İrəvan şəhərinin Dəmirbulaq və Şəhər hissələrini su basır, hətta bağ, ev və çəpərləri yuyub aparırdı.
Qırxbulaq mahalı ərazisini suvarmaq üçün Qırxbulaq çayından da çoxlu arxlar ayrılmışdır. Onlar əsasən aşağıdakılardır: Yelqovan arxı, Dəlikdaş arxı, Dərəarx arxı, Şahabarx arxı, Kənəkirarx arxı və Çölməkçiarx arxı. 
Keçmişdə Ərzni kəndini su ilə təmin etmək üçün də bir arx olmuş, lakin İrəvan sərdarı İrəvan şəhərinin su təminatını yaxşılaşdırmaq məqsədilə kəndi və arxı ləğv etmişdir. İ.Şopen Qırxbulaq mahalında sərfəli mövqedə yerləşən Ərzni kəndini yenidən dirçəltmək məqsədilə Aboqayat arxını bərpa etməyi təklif etmişdir.
Abbasdərəyə girdikdən sonra Qırxbulaq çayı çoxlu kiçik arxlara ayrılaraq şəhərin Şəhər hissəsinin bütün bağlarını suvarır, şəhərin Dəmirbulaq hissəsi isə onun sularının lap axırına çıxırdı. Belə ki, yay aylarında Qırxbulaq çayı çox vaxt gedib Zəngiyə heç çatmırdı da.
Keçmişdə Giimrüdən başlayan mərkəzi poçt yolu Ordubada qədər uzanır, İrəvanla Naxçıvan arasında Zəngibasar, Gərnibasar və Vedibasar mahallarını kəsib keçirdi. Kəndarası yollardan isə İrəvandan Göyçə gölünə uzanan yol Çölməkçi, Tacirabad, Məngüs, Oxçuqala və Tutiya kəndlərindən keçirdi. Bu yolun uzunluğu 60 verst idi. İrəvandan Göyçə gölünə 50 verst uzunluğunda yay yolu da vardı ki, bu yol Kənəkir, Zak və Başkənd kəndlərindən keçirdi.
Gərnibasar və Vedibasar mahallarından Göyçə mahalına gedən yol Ağmanqan və Ağdağ dağ silsilələrinin sərt aşırım və dolaylarından keçir və yazda bu yollar yaylağa qalxanlarla dolu olurdu.
Qırxbulaq mahalı ərazisindəki çaylar üzərində çoxlu qədim körpülər də mövcud idi. Bunlardan  dörd körpünü xatırlatmaq olar: ikisi Zəngi çayı, ikisi isə Qırxbulaq çayı üzərində. Qırxbulaq çayı üstündəki körpülərdən biri Başkənd kəndindən Göyçə mahalı istiqamətində – Zak kəndi qarşısında yerləşirdi və hələ XIX yüzilin 1-ci ya¬rısında keçilməz hala düşmüşdü. İkinci körpü Qəaris kəndi ya¬xınlığında və o da acınacaqlı halda idi.
Zəngi çayı üzərindəki körpünün biri Kənəkir kəndinin qarşısında, Əştərək yolunun üstündə, Kənəkir və Qızılqala kəndləri arasında, ikincisi bir neçə verst yuxanda, Yeğvard karvan yolunun üstündə yerləşirdi.
Avan kəndi qarşısında da Qırxbulaq çayı üstündən körpü olmuşdu, lakin onun ancaq izləri qalmışdı.
Qırxbulaq mahalının ərazisi həm də yüksək dağ silsilələri ilə zəngin idi. Qırxbulaq mahalı ilə Dərəçiçək mahalını bir-birindən ayıran Hadis və Kotan dağları Zəngi çayının sahillərinə qədər uzanırdı.
İ.Şopenin İrəvan xanlığı ərazisində Ağrıdağ və Alagöz dağlarından sonra üçüncü ən böyük dağ kimi qeydə aldığı Ağmanqan dağı Qırxbulaq mahalı boyunca silsilə kimi uzanır və bu silsilənin zirvəsi Oxçuqala (Oxçaberd) kəndində qurtarırdı. Buradan aşağı düşüb, tədricən İrəvan şəhərini sağda qoyub, yavaş-yavaş Araz vadisinə enir və Zəngibasar mahalının Ağhəmzəli kəndi yaxınlığında itirdi. Onun buradakı son yoxuşu Ağyoxuş adlanırdı.
Ağmanqan dağı həmişə qarla örtülü olur, şimaldan və şimal-şərqdən Göyçə, şimal-qərbdən Dərəçiçək, cənub-qərbdən Qırxbulaq, cənubdan və cənub-qərbdən Dərəçiçək, cənub-şərqdən Gərnibasar mahalları arasında yerləşirdi. Bu dağ silsiləsinin təpələri bütün Qırxbulaq mahalı boyu səpələnmişdi.
Yeri gəlmişkən, Ağmanqan dağı bu coğrafiyanın ən qədim dövrlərindən məlum olmuşdur. Həmin dağ haqqında M.Xorenli yazır: "Geqam oğlu Qamı Armavir (Argiştihinili - Ə.Ə.) şəhərində qoyub, şimal-şərqə tərəf getdi və burada bir gölün (Göyçə gölünün – Ə.Ə.) kənarında kənd saldı, adını Gögərkuni, yanındakı dağı isə Gögdağ adlandırdı".
Ağmanqan dağının qədimdə Gögdağ adlandığını İ.Şopen də dönə-dönə xatırlatmışdır. 
Şəkillərdə: 
1.  12.10.1961-ci tarixdə adı dəyişdirilərək Abovyan qoyulan qədim Oğuz şəhəri Ellər!
2.  Görgəc dərəsində yerləşən 13-cü əsrin yadigarı olan Gögdağ məbədi.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ