
Sosial şəbəkələrdə Dövlət Neft Şirkətinin 5 min işçisini ixtisar etdiyi ilə bağlı xəbərlər yayılıb. Şirkət işçilərindən bəziləri fevralda tutduqları vəzifənin ixtisara düşdüyünü, buna görə də işdən çıxarıldıqlarını bildiriblər. Onların aralarında uzun illərdir neft sahəsində çalışanlar, tək övlad böyüdənlər də var.
Şikayətçilər iddia edib ki, onlar işdən çıxmaq üçün ərizə yazmağa məcbur edilib və beləliklə, aylıq əmək haqqının 50 faizini ala bilirlər.
Məsələ ilə bağlı SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov GunAz.az-a bildirib ki, burada söhbət şirkət işçilərinin deyil, onların çalışdıqları müəyyən ştat vahidlərinin ixtisarından gedir:
”SOCAR-da qeyd olunan ixtisar halları cəmiyyətimiz tərəfindən yanlış anlaşılır. Biz əvvəlcədən də demişik ki, SOCAR-da işçilərin kütləvi ixtisarı nəzərdə tutulmur.
Qeyd olunan ixtisarlar müəyyən ştat vahidləri üçündür. Çünki bu gün bəzi işçilərin çalışdığı ştatlara SOCAR-ın ehtiyacı yoxdur. Lakin bu o demək deyil ki, şirkət ixtisar etdiyi işçilər ilə yollarını ayırır. İşçiləri ixtisar etmək onların birdəfəlik işlərindən uzaqlaşdırılması deməkdir. Lakin SOCAR-da qeyd olunan ixtisar məsələsi belə deyil. Həmin şəxslər aldıqları aylıq əmək haqqının 50 faizini hər ay almağa davam edirlər. Bu gün nəinki Azərbaycanın digər şirkətlərində, heç inkişaf etmiş ölkələrdə bənzər praktika yoxdur. Yəni həmin şəxslər ixtisar edilmir, onların ştat vahidi ixtisar edilir. Şəxsin bu günə qədər gördüyü işə hazırda ehtiyac yoxdursa, nə etmək olar?”
Şirkət rəsmisi deyib ki, SOCAR dövlət şirkəti olduğu üçün öz sosial məsuliyyətini hər zaman rəhbər tutur. Buna görə də işçilərin kütləvi ixtisara məruz qalmaması üçün öncədən tədbir görür:
"Birincisi, dediyim kimi, şirkət həmin şəxslərə maaşlarının 50 faizini hər ay verir.
İkincisi, həmin şəxslər şirkət daxilində şirkətin hesabına təlimlər keçir. Yəni şəxs bu günə qədər qazmaçı idisə, şirkətdə ona təklif edilir ki, müvafiq kursu keçib başqa sahədə ixtisaslaşsın. Bununla da şirkət ehtiyacı olan ştat üzrə kadr olaraq onları yenidən yetişdirir. Daha sonra həmin ştat üzrə vakansiya elan edildikdə artıq xaricdən deyil, öz bazasından işçiləri cəlb edir.
Onu da deyim ki, əvvəllər xarici mütəxəssislər üçün hər həftə vakansiyalar olurdu. İndi isə yoxdur. Çünki həmin vakansiyalara da öz işçilərimizi cəlb edirik. İmkan yaranan kimi hər bir işçi müvafiq vakansiyalara cəlb edilib yenidən 100 faizlik əmək haqqı ilə təmin ediləcək”.