SON DƏQİQƏ
» » Biz işğaldan azad olunan torpaqlarımıza qayıdırıq

Biz işğaldan azad olunan torpaqlarımıza qayıdırıq

Tarix:

5-03-2021, 17:13

/ 3 210 dəfə oxundu.
Biz işğaldan azad olunan torpaqlarımıza qayıdırıq


 

Azərbaycan Silahlı Qüvvələri sentyabrın 27-də düşmənin növbəti təxribatına cavab olaraq Ali Baş Komandanımızın əmri ilə işğal edilmiş tarixi torpaqlarımızın geri qaytarılması üçün düşmən üzərinə əks-hücuma keçərək təcavüzkar ölkəyə ciddi zərbələr endirdi və işğal altındakı ərazilərin böyük bir hissəsini azad etdi.

Biz işğaldan azad olunan torpaqlarımıza qayıdırıq. Bu böyük qayıdışın tam şəkildə həyata keçirilməsi dövlətin qarşısına qoyduğu prioritet vəzifədir. Bildiyimiz kimi, Qarabağ Azərbaycanın, ümumilikdə Qafqazın zəngin bölgəsidir. Bu səbəbdəndir ki, daim sərvət axtarışında olanların diqqətini özünə cəlb etmişdir.

163 müxtəlif növ faydalı qazıntı yatağı, o cümlədən: 5 qızıl, 7 civə, 2 mis, 1 qurğuşun və sink, 1 daş kömür, 6 gəc, 4 vermikulit, 1 soda istehsalı üçün xammal, 12 əlvan və bəzək daşları (obsidian, mərmərləşmiş oniks, yəşəm və s.), 10 mişar daşı, 21 üzlük daşı, 9 gil, 20 sement xammalı, 8 müxtəlif növ tikinti daşları, 6 əhəng xammalı, 10 qum-çınqıl, 4 tikinti qumu, 1 perlit, 8 pemza-vulkan külü, 16 yeraltı şirin su və 11 mineral su yatağı mövcuddur.

Bütün bu zəngin faydalı qazıntı yataqları olan bölgənin geriyə qaytarılması Azərbaycan tərəfi üçün müsbət əhəmiyyətə malikdir. Buna bir neçə səbəb var. Məsələn, Azərbaycan Respublikasının Ermənistanın işğalında olan Dağlıq Qarabağ və qonşu yeddi rayonunda yeraltı sərvətlərin hasilatı ilə məşğul olan 30-dan çox müəssisə fəaliyyət göstərirdi. "Sterlite Gold Ltd", "Sirkap Armenian", "Base Metals", "Manex and Valex", "Armenian Copper Programme", "GeoProMining LTD” və s. şirkətlər 2001-ci ildən bəri Dağlıq Qarabağda və işğal altındakı digər ərazilərimizdən mineral-xammalı çıxarıb Ermənistana daşıyırdılar. İndi isə bu gəlirlər tamamilə bizim nəzarətimiz altındadır. 2002-ci ilin avqust ayında yaradılmış «Base Metals» MMC şirkəti artıq 18 ildən artıq idi ki, bir sıra əsaslı filiz mədənlərini işlədirdi. 2019-cu ilin məlumatlarında göstərilir ki, 2015-ci il dekabrın 26-da açılışı olmuş Kaşen filiz emalı fabrikinində 2000 nəfərdən çox işçi çalışır və illik istehsal gücü 5 milyon ton filizə bərabərdir. Bütün bu yataqların Azərbaycanın tərkibinə geri qaytarılması xarici investorların bölgəyə və bölgənin sahibi olan Azərbaycana maraq göstərməsinə səbəb olur. Artıq bu istiqamətdə bir oyanış var, xarici investorlar maraq göstərməyə başlayıb və müəyyən vasitələrlə Azərbaycan höküməti ilə danışıqlar aparmağın fürsətini gözləyirlər. Dekabrın 1-də Laçın rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciət edən Prezident İlham Əliyev bildirib: "Bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialı, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür. Biz bu potensialdan məharətlə istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik və əminəm ki, buna nail olacağıq”. Bu sahədə artıq əməli addımlar da atılır. Qarabağın önəmə sahib olmasının digər bir səbəbi isə flora və faunası təqdirəlayiq dərəcədə zəngin olmasıdır. Məsələn, Qarabağ atları öz füsunkarlığı ilə digər at cinslərindən seçilir. Zəngin təbii sərvətə malik olan Qarabağda 2000-dən çox bitki növü yetişdirilir. Xüsusən, Ağdərə, Əsgəran, Xocavənd rayonları palıd, vələs, fıstıq və ağcaqayın meşələri ilə zəngindir. Qarabağda Bəsitçay Dövlət Qoruğu, Qaragöl dövlət qoruğu, Qubadlı Yasaqlığı, Laçın dövlət yasaqlığı, Daşaltı yasaqlığı və Arazböyü Dövlət Təbiət yasaqlığı da mövcuddur. Qarabağın Azərbaycanın mədəniyyətinin beşiyi olması, istər xalçaçılıq, istər muğam sənəti, istərsə də mədəniyyətin digər sahələri üzrə onu daim fərqləndirmişdir. Bu səbəbdəndir ki, hal-hazırda dünyanın ən məşhur muzeylərində

Qarabağ xalçaları nümayiş olunur. Nadir Azərbaycan xalçalarının saxlanıldığı mədəniyyət ocaqlarından biri də ABŞ-da fəaliyyət göstərən "Metropoliten" Muzeyidir. 7 min eksponatın qorunduğu muzeydə 45 xovlu və xovsuz Azərbaycan xalçası, namazlıqlar nümayiş etdirilir. Məşhurluğu və gözəlliyi ilə fərqlənən Azərbaycan xalçalarından biri də «Şeyx-Səfi» xalçasıdır. Hazırda isə bu gözəl sənət əsəri İngiltərənin məşhur Viktoriya-Albert muzeyində saxlanılır. Macar rəssamı Hans Memlinq öz rəsm əsəri olan «Məryəm və onun uşağı», alman rəssamı Hans Holbeyn «Səfirlər» rəsmində Muğan və Qazax-Qarabağ xalçalarını təsvir ediblər. Azərbaycan xalçaları hazırda dünya tarixçiləri və incəsənət alimlərinin tədqiqat vasitəsinə çevrilib. Amerikanın 19 muzeyində, 10-dan çox qalereyasında və 40-dan yuxarı kolleksiyasında müxtəlif növlü Azərbaycan xalçaları saxlanılır və nümayiş etdirilir.

Bu cür əhəmiyyətə malik olan Qarabağ tam qayıdışdan sonra tamamilə bütün dünyanın maraq obyektinə səbəb olacaq. Çox keçmədən bu bölgə mühüm turizm obyektinə çevriləcək. Przident İlham Əliyev də öz çıxışlarında bunu dəfələrlə vurğulayıb. Əsas məqsəd işğaldan azad olunan ərazilərdə "Böyük Qayıdışı” tam şəkildə həyata keçirmək və bu zəngin bölgənin abadlaşdırılmasına nail olmaqdır.

 

 Lalə Həsrətli

Ramana qəsəbəsi, E.Ağayev adına 198 nömrəli tam orta məktəbin

tarix müəllimi 


скачать dle 12.1

Şərhlər