
2020-2021-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqədar Azəristiliktəchizat ASC tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq istilik təchizatı obyektlərinin mövsümə hazırlanması ilə bağlı tədbirlərin icrası başa çatdırılıb.
Bunu açıqlamasında ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib. O bildirib ki, dağ və dağətəyi rayonlarında artıq noyabrın 1-dən mərkəzi istilik sistemi işə düşüb:
"Digər ərazilərdə, o cümlədən Bakıda isə noyabrın 15-dən mərkəzi istiliyin verilməsinə başlanılması nəzərdə tutulub. Mövsüm ərzində 559 qazanxana istismar edilməklə 3870 yaşayış binası, o cümlədən 182 minə yaxın mənzil, 287 məktəb, 159 uşaq bağçası, 162 səhiyyə müəssisəsi və 1950 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.
Bununla əlaqədar olaraq istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunub, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənib, nəzarət ölçü cihazlarının və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilib, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunub, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib”.