SON DƏQİQƏ
» » Tovuzda baş verənləri şans kimi qiymətləndirək...

Tovuzda baş verənləri şans kimi qiymətləndirək...

Tarix:

17-07-2020, 10:08

/ 2 969 dəfə oxundu.
Tovuzda baş verənləri şans kimi qiymətləndirək...

Nəbzimizin Tovuzda döyündüyü günlərdir. Ağır günlərdən keçirik. Baş verənlərlə bağlı nə qədər sevindirici xəbər gəlsə də, itkilərimizin olması çox ağrılıdır...

Şəhidlərimiz var. Düşmənin xain təxribatı dağ kimi oğullarımızı aldı.

Hər ölüm sarsıntıdır, kədərdir, üzüntüdür. Amma Şəhidlik fərqlidir. Ölüm deyil Şəhidlik. Millət olaraq qürur mənbəyimizdir. Ağrısaq da, yara alsaq da, qürurvericidir.

Tovuz döyüşlərindən nələri öyrəndik: tanımadığımız, haqqında son olaylaradək heç bir şey bilmədiyimiz neçə-neçə qəhrəmanımız varmış.

Gerçək və gizli qəhrəmanlarımız.

Biz filmlərdən, kitablardan oxumuşuq qəhrəmanlar və qəhrəmanlıqlar barədə. Çox təsirli hekayələr dinləmişik. Çoxunu uydurma, təxəyyül məhsulu olduğunu bilə-bilə dinləmişik...

Gerçək qəhrəmanlar öz sıralarımızda, ən yaxınımızda, bircə addımlığımızdaymış, sən demə. Üz-üzə də gəlmişik haçansa, danışmışıq da bəlkə. Amma günün birində Qəhrəmanımıza çevriləcəklərini bilməmişik.

Müharibə nə qədər qan-qada, ağrı-acı, itkidirsə, o qədər də qazancdır. Ənənələrin, dəyərlərin, mədəniyyətin, mənəvi dayanıqlılığın, milli birliyin davamıdır. Bir ana oğul, bir uşaq ata itirir, amma nəticə olaraq millət bir Qəhrəman qazanır. Gerçək nümunələr ənənələri yarıda qırılmağa, yarımçıq qalmağa qoymur. Toplumun varoluşunu təmin edərək irəli aparır...

Qarabağ uğrunda son 30 ildə gedən müharibəni, Aprel döyüşlərini, Tovuzda baş verənləri bir şans kimi qiymətləndirək. Savaş baş verir və ölümdən qorxmayan, cəsur, Qarabağ üçün, Vətən üçün canından keçməyə hazır olan və canından keçən igidlərin öz adlarını tariximizə qanlarıyla necə yazdıqlarına şahidlik edirik...

Hər əsgərimiz Şəhid olduqca Millət bir boy ucalır...

Şəhidlik – yaşamdır, yaşamın başqa formaya keçməsidir. Cismən yanımızda olmaya bilərlər, amma ruhən aramızda, bir nəfəs qədər yaxınımızdadırlar...

İnanaraq, əmin olaraq yazıram.

"Ruh” filmini xatırlayırsınız?..

Bir anlıq gözlərinizi yumun və xəyalınızda canlandırmağa çalışın. Onlar necə sağ-salamat, dipdiridirlər. Şəhidlərimiz bu ölkənin ən diri, ən sağlam, ən sadiq, ən vətənpərvər sakinləridirlər.

Bu Vətən də onların çiynindədir!

Mən onları belə təsəvvür edirəm. Canımız yanır, ürəyimizə od düşür. Amma bu ağrının, yanğının içində coşğu var. Bu coşğudur günlərdir bizi yatmağa qoymayan, ruhumuzu oyaq saxlayan, milləti bütövlükdə qəhrəmana çevirən!

Bu qürurla gecədən səhərə kimi Bakının küçələrində həmrəylik və sevgi nümayişi sərgiləyə bildik, "Şəhidlər ölməz, Vətən bölünməz” dedik.

O qədər gözəl, o qədər ehtişamlı anlardı ki!

Milləti millət, Dövləti dövlət edən məqam budur əslində. Barmağının ucuna tikan batanda yanıb yaxılırsan, COVİD-19 təhlükəsi var, yoluxmamaq, sağlam qalmaq, həyatda qalmaq üçün çarpışırsan, hətta 80-90 yaşında bu dünyadan köçəcəyini, bir gün bu dünyada olmayacağını təsəvvür etməyə belə çətinlik çəkirsən. Amma məsələ Vətən və Qarabağ olanda ölümü şərbət kimi içməyə - şəhadətə yüksəlməyə hazırsan. Nə qədər möcüzəvi, nə qədər qeyri-adi, eyni zamanda həqiqi, real duyğudur, yaşam aktıdır!

Şəhid generalımız Polad Həşimov barədə sosial şəbəkələrdə dostlarının, əsgərlərinin danışdıqlarına, yazdıqlarına marağın səbəbi də odur. Çünki Polad Həşimov bizimçün tamamilə yeni bir obrazdır. Onunla bağlı yəqin ki, çox gözəl kitablar yazılacaq. Hətta təsirli bir film də çəkmək olar. Film kimi bir ömür yaşayıb. Adamın inanmağı gəlmir 45 yaşlı generalın bu qədər sadəliyinə, təvazökarlığına, alicənablığına. Eyni zamanda, insanpərvərliyinə, vətənpərvərliyinə.

Belə də olurmuş demək ki! Belə də yaşamaq mümkünmüş!

Bu qədər təmiz, saf qalmaq, Vətəni, vətəndaşı, Vətən daşını bu qədər sevmək mümkünmüş!

Bu dövrdə, bu çağda İnsan olmağın, Polad olmağın, Polad kimi bərkiməyin nümunəsidi onun qısa ömrü, əsgər yaşamı, zabit həyatı...

Xatirələri oxuduqca heyrətlənirəm. Qəhrəmanlıq yalnız ön cəhhədə, döyüşdə şəhid olmaq deyil ki! Qəhrəmanlıq həm də budur: rüşvətə, korrupsiyaya bulaşmadan, kabinetlərdə rahat kreslolarda yayxanmadan Vətənə xidmət etmək. Rütbəcə General olmaq, amma Vətənə Əsgər kimi xidmət etmək!

Vətəni Vətən edən bu cür insanların ruhi müvazinətidir əslində. Əsgərə canının bir parçası, ciyərparası kimi baxmaqdı, insanı Vətən kimi, vətəni İnsan kimi sevməkdi...

Hərbçi dostları danışır ki, 4 il əvvəl – Aprel döyüşlərində xüsusi şücaət göstərib. Düşmənə ağır zərbələr endirib. Ön cəbhədə əsgərlər üçün öz hesabına postlar tikdirib. Həmin postlardan biri Lələtəpədədir və "Polad postu” adlanır.

Aprel savaşındakı qəhrəmanlığına görə dövlət tərəfindən ona verilən evi ehtiyacı olan şəhid ailəsinə bağışlayıb.

Fərqli və qeyri-adi adam olub. Ağır sınaqlarla, imtahanlarla dolu hərbçi həyatı yaşayıb. Çətinlikləri, əzab-əziyyəti həddən ziyadə çox olub. Əslində Aprel döyüşlərindəki şücəati, fədakarlığı ilə Milli Qəhrəman adını haqq edib.

Polad Həşimov başdan ayağadək millidir, qəhrəmandır, Azərbaycan sevdalısı, Qarabağ fədaisidir!

O, bizim üçün təkcə Milli Qəhrəmana çevrilmədi, həm də hamımızın daha bir Qəhrəmanlıq nümunəsi oldu!

Qəzamız mübarək olsun!


скачать dle 12.1

Şərhlər