SON DƏQİQƏ
» » Məişət zorakılığı ilə mübarizə hansı üsullarla aparılır? -Təhlil

Məişət zorakılığı ilə mübarizə hansı üsullarla aparılır? -Təhlil

Tarix:

3-02-2020, 13:36

/ 1 891 dəfə oxundu.
Məişət zorakılığı ilə mübarizə hansı üsullarla aparılır? -Təhlil

Məişət zorakılığı Azərbaycanda geniş yayılmış gender problemidir. Demək olar əksər ailələrdə məişət zorakılığı özünü müəyyən formalarda biruzə verir. Kimdəsə bu fiziki, cinsi şiddət, kimdəsə də psixoloji təzyiq və təcrid edilmə kimi formalarda müşahidə olunur. Bəs Azərbaycan cəmiyyətində müşahidə edilən məişət zorakılığı halları digər cəmiyyətlərdə baş verən zorakılıq halları ilə oxşardırmı? Məişət zorakılığının qarşısının alınması üçün nə kimi tədbirlər görülməlidir, bunun həlli kimlərdən asılıdır və həlli nə kimi əhəmiyyətə malikdir? Mütəxəssislərin qənaətinə görə, məişət zorakılığının baş vermə səbəblərini və eləcə də nəticələrini öyrənərkən onun qarşısının alınması və həllində dövlət və cəmiyyətin birgə təşəbbüs göstərməsi vacibdir. Nəzərə almaq lazımdır ki, məişət zorakılığının baş vermə formaları digər zorakılıq halları ilə demək olar ki, oxşarlıq təşkil edir. Hətta məişət zorakılığında zorakı şəxs tərəfindən istifadə edilən zorakılıq taktikalarını öyrənən tədqiqatçılar onun müharibə əsirlərinə qarşı törədilmiş zorakılıq taktikaları ilə oxşar olduğunu vurğulayıblar. Məişət zorakılığı müharibə əsirləri və ya məhbuslardan istənilən informasiyanı almaq və deyiləni yerinə yetirmək üçün istifadə edilən psixoloji və fiziki zorakılıqdan istifadə üsulları ilə oxşardır. Üstəlik, məişət zorakılığında işlədilən şiddət ona görə daha faciəvidir ki, burada zorakılığı qurbana ən yaxın insan- onun intim partnyoru törədir və buna görə də məişət zorakılığı daha qəliz və kompleks bir davranış hesab olunur.

Hüquqşünas Alim Hüseynli bildirib ki, məişət zorakılığı və ya ailədaxili şiddətə adətən arvad döymək, qadına qarşı şiddət, ailə üzvlərinin döyülməsi, ər-arvad arasında baş verən dava kimi adlar verilir. Lakin məişət zorakılığının hüquqi və kliniki tərifləri mövcuddur. Məişət zorakılığının hüquqi tərifi məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunda göstərilmişdir. Bu qanuna əsasən məişət zorakılığı "yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır". Kliniki tərifə gəldikdə isə məişət zorakılığı yeniyetmələr, gənclər və böyüklərin öz intim partnyorlarına qarşı törətdikləri fiziki şiddət, cinsi zorakılıq, psixoloji basqı, iqtisadi asılılıq və ya məhrumetmə kimi aşağılayıcı və zorakı davranışların törədilməsi ardıcıllığıdır.

Məişət zorakılığının qarşısının alınması-məişət zorakılığı təhlükəsinin aradan qaldırılması məqsədi ilə həyata keçirilən hüquqi, sosial və qabaqlayıcı tədbirlərdir. Qanunvericiliyə müvafiq olaraq məişət zorakılığının qarşısının alınmasını yerli icra hakimiyyəti orqnları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili işlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyi həyata keçirir: "Məişət zorakılığı ilə bağlı şikayətlərə baxılarkən aşağıdakılar təmin edilir: Məişət zorakılığı ilə bağlı daxil olmuş şikayətdə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat olduqda həmin şikayətin aidiyyatı üzrə göndərilməsi, müraciət etmiş şəxsə onun hüquqlarının izah edilməsi, müraciətə səbəb olmuş hərəkətlərin təkrarlanmaması və məişət zorakılığının qarşısının alınması üçün tədbirlərin görülməsi, zərərçəkmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi, onun yardım mərkəzində müvəqqəti sığınacaqla, geyim və qida məhsulları ilə, tibbi və psixoloji yardımla təmin edilməsi, zərərçəkmiş şəxsə mühafizə orderinin verilməsi".

Onun bildirdiyinə görə, məişət zorakılığına məruz qalan şəxslər üçün yardım mərkəzləri və sığınacaqlar nəzərdə rurulur. Yardım mərkəzləri-zərər çəkmiş şəxslərə hüquqi, tibbi, psixi, sosial və digər yardımın göstərilməsi məqsədi ilə yaradılan dövlət və qeyri-dövlət qurumlarıdır. Zərər çəkmiş şəxslər üçün dövlət yardım mərkəzləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil olunur. Dövlət Yardım mərkəzlərinin göstərdiyi xidmətlər ödənişsizdir: "Yardım mərkəzlərinin fəaliyyət istiqamətləri aşağıdakılardır:  zərər çəkmiş şəxsləri hüquqi və tibbi yardımla təmin etmək; zərər çəkmiş şəxslərin işlə təmin edilməsinə, yeni peşələrə yiyələnməsinə kömək göstərmək; zərər çəkmiş şəxslər üçün psixoloji reabilitasiya kursu təşkil etmək; zərər çəkmiş şəxslərin sosial müdafiəsi üçün müvafiq sanədlərin hazırlanmasında və ya sosial müavinətlərin alınmasında kömək göstərmək; zəruri hallarda zərər çəkmiş şəxsləri müvəqqəti sığınacaqla təmin etmək; zərər çəkmiş şəxslərin ailələrində normal həyat tərzinin bərpa edilməsi üçün tədbirlər görmək; məişət zorakılığı ilə bağlı müvafiq qabaqlayıcı tədbirlər həyata keçirmək. Yetkinlik yaşına çatmamış zərər çəkmiş şəxslər yardım mərkəzində 3 ay müddətinədək, digər zərər çəkmiş şəxslər isə 2 ay müddətinədək zəruri hallarda sığınacaqla təmin oluna bilərlər. Yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları, digər qurumlar və şəxslər yardım mərkəzlərini yarada bilərlər. Qeyri-dövlət yardım mərkəzləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən akkreditasiyadan keçir".

Hüquqşünas qeyd edib ki, məişət zorakılığı ilə bağlı məlumat bankı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılır və aparılır. Məlumat bankında baş vermiş məişət zorakılığı halları, məişət zorakılığı halları ilə bağlı dövlət orqanlarına müraciət etmiş şəxslər, məişət zorakılığı halları ilə bağlı aparılmış araşdırmalar və araşdırmaların nəticələri, məişət zorakılığı halları ilə əlaqədar məsuliyyətə cəlb edilmiş şəxslər, məhkəmə qərarları, o cümlədən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər, eləcə də valideynlik hüquqları bərpa edilmiş və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ləğv edilmiş şəxslər, akkreditə edilmiş yardım mərkəzləri, onların fəaliyyəti barədə və digər məlumatlar toplanır. Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması qaydaları Nazirlər Kabinetinin 19.12.2011-ci il tarixli 207 nömrəli Qərarı ilə müəyyən edilir. Dövlət orqanları və yardım mərkəzləri məişət zorakılığı halları ilə bağlı məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığı ilə bağlı məlumat bankında məişət zorakılığı halları üzrə toplanan məlumatlar əsasında ümumiləşdirmələr və təhlil materialları hazırlanır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ