SON DƏQİQƏ

Əfsanəvi qəhrəman

Tarix:

22-04-2019, 16:37

/ 10 328 dəfə oxundu.
Əfsanəvi qəhrəman

Milli Qəhrəman Allahverdi Bağırovun aprelin 22-də 72 yaşı tamam olur.

Azərbaycan ta qədimdən bu günə qədər mərd, qorxmaz, vətənpərvər oğulları ilə fəxr edib və bu gün də belə oğullarımız günü-gündən çoxalır. Yeniyetmə gənclərimiz atalarının, babalarının yolunu şərəflə davam etdirirlər.

Oğul var evdən gedir, oğul var eldən gedir. Haqqında söhbət açmaq istədiyim qeyrətli oğullardan biri də Azərbaycanın Milli Qəhrəmanı, şəhid Allahverdi Teymur oğlu Bağırovdur.

Hündür boylu enlikürək, yaraşıqli mərd bir oğul haqda oxucuları bir daha məlumatlandırmaq, ölməz qəhrəmanımızın keçdiyi qısa, lakin şərəfli ömür yoluna səyahət etmək istərdim.

Yazını çapa hazırlayarkən qələm dostlarım deyirdi: Bu kişi əsl qeyrət rəmzimizdir. Belə qəhrəmandan cildlərlə əsərlər yazılsa da azdır.

Beynəlxalq Əlillər Cəmiyyətinin sədri, birinci qrup əlil Tahir Xudiyevin sözləri yadıma düşur: “Xalqımızın qeyrətli oğulları çoxdur. Qəhrəman adı almaq olar. Mənim gözümdə bir neçə Milli Qəhrəmanımız var və onları idealım sayıram. Belə qeyrətli oğullardan biri də Allahverdi Bağırovdur.

Allahverdi Bağırovla dostluq münasibətim olmasa da, qardaşım, batalyon komandiri Xudu Xudiyevlə yaxın münasibətləri olub. Türk dünyasındakı əsl qəhrəmanlara hörmətlə yanaşıram. Mən özüm də öz daxilimdə əsl qəhrəmanlar 3-4 qəhrəman qəbul etmişlərdənəm. Onlardan biri də Allahverdi Bağırov əsl xalq qəhrəmanı və qeyrət şəcərəsidir.

Mən belə insanın ruhu qarşısında baş əyirəm. Türk dünyasındakı haqq-ədalət yolunda, milli qeyrət uğrunda şəhid olanlarımıza Allahdan rəhmət diləyirəm”.

Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprel ayının 22-də Ağdam şəhərində zəhmətkeş bir ailədə anadan olmuşdur.

O, gənc yaşlarından çox cəsarətli, qorxmaz, sözübütöv və haqsızlığa dözməyən adam idi. Hətta müəllim də bir şagirdin haqqını tapdalayırdısa, ona etirazını bildirirdi. Sinif rəhbəri və dil-ədəbiyyat müəllimi Qənirə Məmmədova da onunla qürrələnir və hər yerdə fəxrlə deyirdi ki, “Mən Allahverdinin oxuduğu sinfin rəhbəriyəm”.

Allahverdi Bağırov orta təhsilini Ağdam şəhər 1 saylı orta məktəbdə alıb. Onda gənc yaşlarından böyük təşkilatçılıq istedadı vardı. Hamını ətrafına yığmağı bacarırdı.

Kiçik yaşlarından idmana, xüsusən də futbola, yüngül atletika və voleybola böyük həvəsi olub. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərindən keçirilən idman oyunlarında, xüsusən futbol yarışlarında fərqlənirdi. Ağdamın qələbə qazanmasında böyük rolu olmuşdur. O, həm də Ağdamın

“Qarabağ” futbol klubunun şərəfini qorumuşdur. 1970-ci ildə Füzulidə “Qızıl sünbül” kubokunda Ağdam-Cəbrayıl oyununda kapitan olmuşdur.

Allahverdi Bağırov (5 nömrəli hücumçu) qardaşı Eldar Bağırovla (müdafiəçi) birlikdə Ağdamın futbol komandasını şərəflə təmsil etmişlər.

O, 1976-cı ildə “Qarabağ” futbol klubun baş məşqçisi təyin olmuş və həmin ildə keçirilmiş Ümumittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük zəhməti olmuşdur. Keçmiş futbolçu Müşfiq Hüseynov Allahverdi Bağırov haqqında demişdir:

“İlk məşqçim rəhmətlik Milli Qəhrəman Allahverdi Bağırov olub. Allahverdi müəllim futboldan öncə bizə dürüst olmağı öyrətmişdi. Bizim həyata müstəqil olaraq atılmağımızda rəhmətliyin böyük əməyi olub. Həqiqətən də o, futbolçulara gözəl bir örnək idi”.

Hamının Alı deyə müraciət etdiyi Allahverdi Bağırov 1991-ci ildə “Qarabağ” və “Neftçi” veteranları arasında keçirilən oyunda iştirak etmişdir. 1:1 hesabı ilə başa çatan qarşılaşmada Ağdam klubunun qoluna imza atan 5 nömrəli oyuncu məhz Allahverdi Bağırov olmuşdur.

Qarabağ müharibəsi başlayanda onun xidmətləri, mərdliyi, qoçaqlığı, vətənpərvərliyi xüsusilə qabarıq şəkildə görsəndi.

O, Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünümüdafiə dəstələrinə yaxından köməklik etmişdir. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub və həmişə də öndə döyüşə atılıb, qorxmazlığı ilə silahdaşlarını ruhlandırıb. Müharibə qızışan zaman qardaşı, millət vəkili Eldar Bağırov Ağdam rayon Xalq Cəbhəsinin sədri seçilmişdir.

Allahverdi və Eldar Bağırov qardaşlarının 1988-ci ildə Ağdamda ilk müdafiə dəstələrinin formalaşmasında böyük rolu olmuşdur. Həmin ildə dövlətin xəbəri olmadan Əsgəranla Ağdam arasında keşikçi postularını könüllü olaraq ilk dəfə Allahverdi və Eldar Bağırov qardaşları yaratmış, sonradan ermənilərlə həmsərhəd olan bütün kəndlərdə postlar qurulmuşdur.

Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Ağdama Allahverdi Bağırov gətirib sancmışdı.

1991-ci ilin oktyabr ayının 1-də Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələri onun və qardaşı Eldar Bağırovun komandirliyi altında yaradıldı. Eldar Bağırovun rəhbərlik etdiyi hərbi hissə 845 nömrəli Ağdam Ərazi Özünümüdafiə taboru idi. 760 nəfərlik olan batalyon “Vətən oğulları” adlanırdı. Həmin ildə onun qardaşı Müstəqillik aktına imza atan millət vəkili Eldar Bağırov, Bakıda Ali Sovetin iclasından qayıdarkən, 4-cü mikrorayonda bacısının yaşadığı evinin qarşısında müəmmalı şəkildə qətlə yetirilmişdir. Qardaşı Eldarın ölümündən sonra Allahverdi Bağırov batalyona rəhbərlik etmiş və uğurlu döyüşlərə komandirlik etmişdir.

1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi taborun igid döyüşçüləri ilə birlikdə Naxçıvanik kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edilmiş, 150 döyüşçü ilə birlikdə Allahverdi Bağırov Əsgəran qalasına qədər irəliləmiş, Pircamal kəndindəki bütün yüksəkliklər tutulmuş, Kətük kəndi ilə üzbəüz mövqe qurulmuşdu. Bu əməliyyatın başa çatması və erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi iki saat lazım olmuşdur. Arxadan kömək gəlmədiyinə görə igid oğullar döyüşərək mühasirədən çıxmışlar. Bu əməliyyata görə Allahverdi Bağırov “General Məhəmməd Əsədov” adına mükafata layiq görülmüşdür. 2015-ci ildə Qarabağ qazisi Bakir Behbudovun verdiyi müsahibədən:

Allahverdi Bağırov yeganə komandir idi ki, döyüş vaxtı qabaqda gedirdi. O, çox ciddi, tələbkar adam idi. Bir dəfə kəndi erməni yaraqlılarından geri alanda dedi ki, “birdən kimsə kənddə əhalini qarət edə, doğma oğlum da olsa, güllələyəcəm. Biz oğurluğa getmirik, torpağımızı geri almağa gedirik”.

1992-ci il mayın 3-də Allahverdi Bağırova məlumat vermişdilər ki, ayın 8-də Şuşa işğal olunacaq. O da həmin məlumatı bizim bütün dövlət qurumlarına çatdırmışdır. Həmin ay Allahverdi Bağırov qərargaha beş əsgəri çağırtdırıb birlikdə plan hazırlamağa başladılar.

Əfsanəvi komandirin başçılığı ilə Aranzəmin kəndi uğrunda gedən döyüşlərdə torpağımıza basqın edən 100 yaraqlı, işğalçı erməni qulduru məhv edilmiş və 10 düşmən əsir götürülmüşdür.

O, Xocalı soyqırımı zamanı həlak olanların meyidlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçılarının meyidləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidmət göstərmişdir. Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu 300 nəfər şəhid vermişdi. Bağırov erməni polkovniki Vitali Balasyan vasitəsilə üç gün ərzində 1003 nəfərdən çox Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir. Ağdamın Qarağacı qəbiristanlığında azərbaycanlı əsirləri təhvil alır, erməni işğalında olan işgəncələrə məruz qalan əsirlərimizi avtobusla gətirib, sahiblərinə təhvil verdi. O, cəsədləri Ağdam məscidində, kəfənə tutdurub torpağa tapşırırdı. Hətta özünün saxladığ mal-heyvanını kəsdirərək şəhidlərimizə ehsan verirdi, imkansıza kömək edirdi.

Səkkiz günlük erməni əsirliyində işgəncələrə məruz qalan Hüseynağa Aydın oğlu Quliyev: “Məni əsirlikdən qurtarmaq üçün Allahverdi Bağırov çox çalışdı. İgid Qəhrəman Allahverdi Bağırova ermənilər pul təklif etmişdilər ki, azərbaycanlılar tərəfindən əsir götürülmüş muzdlu Suriya ermənisini qaytarsın. Allahverdi qəti etiraz edərək ermənini söymüşdü. Rəhmətlik Allahverdi kişilik göstərib ermənini pula deyil, mənə dəyişdi. Anamı da buraxdırmışdı rəhmətlik. Yeri behişt olsun”.

Məhz Allahverdi Bağırovun Vitali Balasyanla apardığı danışıqlar nəticəsində, hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olmuşdu.

Allahverdi Bağırov Xocalı faciəsindən həddindən artıq sarsılmışdı. Xocalı qadınlarını və qızlarını dəhşətli vəziyyətdə görəndən sonra özünə gələ bilmirdi. Xüsusən də 9 yaşlı qız uşağının ermənilər tərəfindən vəhşicəsinə öldürülməsi ona pis təsir etmişdi.

2015-ci ildə telejurnalist Nadejda İsmayılovanın verdiyi müsahibədən:

“Onun üzündəki solmuş təbəssümünü, yorğun sifətini unuda bilmirəm. Mənə elə gəlirdi ki, bu güclü, cüssəli oğlan gözlərimin qarşısında bu dəqiqə səndərləyib yıxılacaq. Heç kim bilmirdi ki, o, nə zaman yatır. Ümumiyyətlə, yatırmı? Mən çəkiliş qrupumuzun rejissoru Namiq Şirəlibəyov və operator İzzət Əzizovla çəkilişləri səhər o başdan başlayırdıq, eşidirdik ki, Allahverdi artıq hardasa insanların köməyinə çatır, üzərinə düşən hansısa əməliyyatı yerinə yetirir. Gah ermənilərlə danışıqlarda olurdu, gah meyit dəyişirdi, gah da ağlayıb-sızlayan ana-bacıların ətrafında onlara ürək-dirək verirdi. Qəfildən gedib postları yoxlayırdı, Ağdamı qoruyan uşaqların ayıq-sayıq olmaları üçün tapşırıqlar verirdi. Bir də görürdün ki, əlinə bir dəfə də tüfəng götürməyən müdafiəçilərə silahla davranmağı öyrədirdi. Allahverdi Əsgərana - döyüşlərin ən qızğın mərkəzinə gedib, oradan ermənilərdən ya ölümüzü, ya dirimizi alıb gətirirdi. Bu erməni silahlı quldurları ilə qarşılaşmanın hər dəqiqəsində ölüm var idi”.

1992-ci il iyunun 12-də Allahverdi Bağırovun rəhbərliyi ilə Naxçıvanik, Aranzəmin, Kətik, Ağbulaq, Pircamal yüksəklikləri erməni quldurlarından təmizləndi. Postlar quruldu. Növbəti postu yoxlayarkən xidməti avtomobili minaya toxundu.

Maşında olan digər üç nəfər sağ qalsa da, Allahverdi Bağırov və sürücüsü Əmir şəhid oldular.

Qarabağın sanki bel sütunu qırıldı.

Ölkə Prezidentinin sərəncamı ilə Allahverdi Bağırova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Vətən uğrunda canından keçən Allahverdi Bağırova Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunmaq üçün yer ayrılsa da, qardaşı polkovnik Əmir Bağırovun təklifi ilə o, yaşadığı doğma Ağdamın Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

“Allahverdini Bakıda dəfn etsək, bəs onda burdakı şəhidlərimizi, Eldarı hara aparaq”, - deyə hönkürtü ilə Əmir Bağırovun dediyi sözləri bu gün də xatırlayıram.

Allah rəhmət eləsin.

Hər il Allahverdi və Eldar Bağırov qardaşlarının xatirəsinə həsr olunmuş futbol yarışları keçirilir.

Qeyrət rəmzi olan Bağırov qardaşlarının mərdliyi, qorxmazlığı, xeyirxahlığı haqqında çoxlu məqalələr yazılıb. Televiziyalarımızda filmlər çəkilib.

Tanınmış qələm sahibləri İlyas Allahverdiyev, Aqil Abbas, Elbrus Şahmar, Surxay Əlibəyli, Sarvan Şamil oğlu, Seyidağa Mövsümlü, Asif Mərzili, Rauf İlyasoğlu, Əyyub Şırlanlı, Zakir Ağdamlı və neçə-neçə ziyalılarımız Allahverdi və Eldar Bağırov qardaşlarının şərəfli döyüş yolundan, qısa, lakin mənalı həyatı barədə əsərlər, poemalar, məqalələr, şeirlər yazmışlar.

Allahverdi Bağırov həyətində saxladığı mal heyvanını, var-dövlətini də şəhidlərimizin dəfninə sərf etmiş və demişdir: “Erməni mənim meyidimin üzərindən adlayıb Ağdama girə bilər”.

Belə bir qeyrətli oğulu unutmaq olarmı?

Bu gün də Ağdamın mərkəzi sayılan Quzanlı qəsəbəsinə daxil olarkən hər kəs ayaq saxlayır və şəhidlərimizin xatirəsinə ucaldılmış abidəni ziyarət edir, Allahdan cəmi şəhidlərimizə rəhmət oxuyuruq. Peşəkar jurnalist, şair-publisist, mərhum İlyas Allahverdiyevin (Qəmgin) Milli Qəhrəmanımız Allahverdi Bağırovun əziz xatirəsinə ürək ağrısı ilə həsr etdiyi poemadan bir bayatını qeyd etmək yerinə düşər:

 

Allahverdi Ağdama,

Arxa idi Ağdama.

Siz Allah, bəd xəbəri

Yetirməyin Ağdama.

 

* * *

Kaş Eldarın batalyonu

Ağdamını alaydı.

Erməninin canına

Bir vəlvələ salaydı.

 

Bu gün ordumuz günü-gündən güclənir.

Ölkə Prezidentinin çevik siyasəti nəticəsində bütün dünya xalqları Azərbaycanın haqq səsini eşidir.

Ermənilərin işğalçılıq siyasəti, yalan, böhtan dolu məkrli siması ifşa olunur.

Əminəm ki, Ali Baş Komandanımızın və Ordumuzun gücüylə işğal altında qalan torpaqlarımızı erməni quldurlarının tapdağından tezliklə azad edəcəyik. Onda şəhidlərimizin də ruhu şad olacaqdır. Amin.

Rauf İlyasoğlu (Allahverdiyev),

Şair-publisist,

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ