SON DƏQİQƏ
» » Kərkükdən və Danimarkadan gələn vətən həsrətli doğmalar

Kərkükdən və Danimarkadan gələn vətən həsrətli doğmalar

Tarix:

1-04-2019, 14:14

/ 10 224 dəfə oxundu.
Kərkükdən və Danimarkadan gələn vətən həsrətli doğmalar

 

Bu günlərdə İraqın Kərkük vilayətində yaşayan, kökü kökümüzdən olan Kərkük türkmənlərinin iki nəfər nümayəndəsi redaksiyamızın qonağı olmuşdur. Əməkdaşımız hər iki ziyalı ilə görüşmüş və onlardan müsahibə almışdır.

Sirvan Saçıuzun şair, proqram aparıcısı, Türkmən eli radio və televiziyasının baş redaktorunun müavinidir. İraqın Kərkük türkmən şəhərində yaşayır. Sirvan saçıuzunun əsli Türkiyənin diyarbəkir vilayətindəndir. Atası Mustafa Yusif oğlu Osmanlı imperiyası dövründə düşmənlərə qarşı vuruşaraq Türkiyədə fəaliyyət göstərmişdir. Sonradan onlar Kərkükə köçmüşlər.

Sirvan Saçıuzun xoş təəsüratlarını bizimlə bölüşür: “Böyük Türkmən əhalisinin və mədəniyyət mərkəzlərinin olduqları şəhərlər Kərkük, Tel-Əfar, Mosul və Ərbil şəhərləridir. Bundan başqa Türkmənlər daha kiçik yaşayış məntəqələri olan Altun körpü, Leylan, Tuz Karmatu, Səncər, Daquq (Tavud) qəsəbələrində məskunlaşmışlar. Türkmənlər həmçinin Bayat, Küfri, Qaratəpə, Qızlarbat, Xanəgin, Şəhriban, Əlmənsuriyyə, DəliAbbas, Qazaniyyə habelə Diyalə İraq sərhəddi boyunca Məndəli və Bədrə məntəqələrində yaşayırlar. Tarixən Mosul, Ərbil və Kərkükün şəhər əhalisi arasında Türkmənlər sayca çox olsalar da, bu şəhərləri əhatələyən əyalət ərazilərində əsasən kürd və başqa etnik qruplar da yaşayırlar.

İraqın Kərkük şəhərində və onun ətrafında 2 milyon türk yaşayır. İraqda isə ümumiyyətlə 3,5 milyon türkmən yaşayır.

İraqda Səddam Hüseynin hakimiyyəti dövründə Türkmənlər çox işgəncələrə və məhrumiyyətlərə məruz qalmışdılar. İraqda türkmənlərə qarşı siyasi basqılar olur və türkmən ziyalılarını qəstdən terror nəticəsində məhv edirlər. Amma hər şeyə rəğmən məmləkətimizin əfəndiləri, zənginləri, ziyalıları əsasən türkmənlərdir. Burada şairlər, həkimlər, mühəndislər, dövlət qulluğunda işləyənlər əsasən türkmənlərdir.

İraq türkmən cəbhəsi başqanı, türkmən millət vəkili hörmətli Ərşəd Salehi İraq ərazisində parlamentdə türkmənlərin hüquqlarını qoruyur və bizi şərəflə təmsil edir. Onun xidmətləri danılmazdır.

Biz Azərbaycanı doğma vətən sayırıq, çünki bizim kökümüz birdir. Azərbaycanda gördüyümüz bu inkişafdan çox qürurlanır və vətənə qayıdandan sonra türkmən televiziya və radiosunda silsilə verilişlər

hazırlayacağıq. Bizim ürəyimiz Qarabağla döyünür. Qarabağ düşmən tapdağındadır. Biz dünən Cocuq Mərcanlı kəndində olduq və insanların yaşayış tərzindən çox qürurlandıq. Oradan vətən torpağı götürdük, özümüzlə İraqa aparacağıq. Arzu edirəm ki, erməni işğalçıları tərəfindən zəbt olunmuş Qarabağ və ona bitişik ətraf rayonlar yağı tapdağından azad olunsun. Mən də övladlarım Gürcan, Aynur, Cəngiz, Məhəmməd, nəvələrimlə ailəliklə doğma Azərbaycana yenidən gələk və qələbə sevincini yaşayaq”.

İkinci qonağımız İbrahim Rauf Tərzi 1945-ci ildə Kərkükdə doğulub. Hazırda Danimarkada yaşayır və orada oğlu Turanla birgə “Ahus Türkmən səsi” radiosunun rəhbəridir, eyni zamanda musiqiçidir. Danimarkada ərəblərə, türkmənlərə muğamın incəliklərini öyrədir. Onun türkmən dilində oxuduğu şərqisi bizi çox kövrəltdi. İbrahim Rauf Tərzinin də qəlbi vətənlə döyünür. O, 1981-ci ildən siyasi hərəkata qoşulub və Türkiyədə yaşamağa məcbur olub.

Bu haqda belə söyləyir: “Səddam Hüseynin dövründə çox haqsızlıqlarla üzləşdik. Bizə çoxlu basqılar olurdu. İşgəncələrə məruz qalırdıq və bu səbəbdən Türkiyənin İstanbul şəhərinə köçməyə məruz qaldıq. Onu da qeyd edim ki, 1966-cı ildən 1975-ci ilədək Bağdat radiosunda musiqiçi olmuşam. 1981-ci ildən 10 ilə qədər Türkiyə radio və televiziyasında sənətçi-musiqiçi olaraq fəaliyyət göstərmişəm. 1990-cı ildə ticarət işi ilə əlaqədar Danimarkaya köçdük və indiyənə qədər Ahus şəhərində yaşayırıq. Oğlanlarım Turan, Murad və qızım Günəş adlı övladlarım var. Nəvələrimin adları da milli köklərimizə uyğundur: Aytürk, Alkan, Furkan, Türkay, Tura və Ümid. Biz tez-tez doğma vətənə, Kərkükə gedərək bu gün də əlaqələrimizi kəsmirik.

21 ildir ki, bu şəhərdə oğlum Turanla birlikdə Türkmən radiosunu açmışıq. Turan Udda ifa edir, mən isə şərqi söyləyirəm. Eyni zamanda muğamat müəllimiyəm.

73 yaşım var. 50 ildir ki, Azərbaycanı görmək həsrətində idim. Bu gün Allaha şükür ki, Sirvan qardaşımzla Bakıya gəldik. Ürəyim Qarabağı görmək idi. Axı, bizim kökümüz birdir. Cocuq Mərcanlıya gedərkən oradan vətən torpağı götürdüm. Həm Danimarkaya, həm də Kərkükə aparacağam.

Azərbaycan multikultural dəyərlərə qiymət verən güclü dövlətdir. Danimarkada da diaspor təşkilatı fəaliyyət göstərir. Biz doğma Azərbaycanda gördüyümüz gözəllikləri orda da vəsf edəcəyik. Eyni zamanda Danimarkada yaşayan türkdilli xalqlarla tez-tez əlaqə saxlayır və diaspor təşkilatların gördüyü işləri yüksək qiymətləndiririk. Belə ki,

qədimdən türk xalqlarının milli adət-ənənələri, qurban bayramı, ramazan bayramı ilə bağlı mərasimlər keçirilir, insanlar öz mərhəmət hissini artıraraq bir-birinə kömək edir, yardım edir, çətinliyə düşənlərə hər zaman qayğı göstərirlər. Bu dəyərlər qorunur və digər dövlətlər tərəfindən də qəbul olunur. Çünki müsəlman dünyasında insanlar hər zaman bir-birinə yardım edir, ticarət əlaqələrini davam etdirirlər. Bu da ölkələr arasında sülhün, mehribançılığın bərqərar olmasına səbəb olur. Odur ki, hər bir ölkənin xaricdə yaşayan vətəndaşları diaspor təşkilatları ilə sıx əməkdaşlıq edərək, milli-mənəvi dəyərlərin qorunması və təbliği sayəsində geniş iş aparmalıdır. Biz Azərbaycandan qayıdarkən özümüzlə apardığımız kitabları, qəzet və jurnalları təbliğ etməklə xarici oxucuları da məlumatlandıracağıq. Çünki bir çox xarici dövlətlər Qarabağ həqiqətlərini dəqiq bilmir. Xaricdə yaşayan erməni diaspor təşkilatları və onlara havadarlıq edənlər öz məkirli siyasətlərini təbliğ etməklə Azərbaycana, bir sözlə türk dünyasına qarşı qarayaxma kompaniyasını davam etdirirlər.

Tarixə nəzər salsaq görərik ki, 31 mart soyqırımı günündə nə qədər müsəlmanlar erməni vandalları tərəfindən qətlə yetirilib. 1992-ci ilin fevral ayının 25-26-na keçən gecə Azərbaycann dilbər güşəsi olan və qədim tarixə malik Xocalı şəhərinin erməni-rus birləşmələri tərəfindən dağıdılması, insanlara qarşı soyqırım törədilməsi bizi çox hiddətləndirdi. Xocalı soyqırımına siyasi qiymət verilməlidir. Biz Azərbaycan hökümətinin bu sahədə apardığı daxili və xarici siyasəti həmişə dəstəkləyirik.

Ölkə prezidenti hörmətli İlham Əliyev cənablarının rəhbərliyi ilə Azərbaycanın günü-gündən gözəlləşməsinin şahidi olduq. Öz dilimizdə danışan gülərüz insanları görərkən qəlbimiz fərəhləndi. Və biz Azərbaycan haqqında İraqda, Türkmən elində, həm də Avropada geniş radio və televiziya verilişləri təşkil edib, xoş təəsüratlarımızı bölüşəcəyik. Hər birimizin arzusu budur ki, doğma Qarabağımız işğaldan azad olunsun və möhtəşəm Türk dünyasının birliyi təmin olunsun”. Qonaqlara müxtəlif qəzet və jurnallar hədiyyə etdik.

Sonda İbrahim Rauf Tərzinin oxuduğu “Can Qarabağ” mahnısı hər birimizi çox duyğulandırdı.

Onu da qeyd edim ki, Türkiyənin Suriyada və öz ərazisində geniş miqyaslı anti-terror əməliyyatları aparılmasından sui-istifadə edən İraq kürdləri Kərkukun “İraq Kürdüstan”ına daxil edilməsi istiqamətində xeyli irəliyə gedə bilib. İraq neftinin əhəmiyyətli hissəsini təşkil edən Kərkük rəsmi Bağdad üçün də mühüm ünvandır. Son bir neçə il ərzində

hissə-hissə Kərkükün neft yataqlarn ələ keçirən və istehsala başlayan kürd hərbi birləşmələri bu ərazidən çıxarılan nefti ətraf ərazidən satmağa başladılar. Beləliklə böyük pul qazanmaq imkanı olan bölgənin zəbti onlar üçün vaz keçilməz məsələyə çevrildi.

Onu da qeyd edək ki, İraqın və dünyanın ən zəngin neft regionu olan Kərkükdə 10 milyard bareldən çox ehtiyyat olduğu bildirilir. Şübhəsiz ki, İraq türkmənləri soydaşlarmızdır və bu durum ilk növbədə Azərbaycan türklərinin ürəyini ağrıdır. Amma çox təəssüflər olsun ki, biz kənardan baş vermiş proseslərə hər hansı bir formada təsir etmək imkanında deyilik. Allah insanları yaradarkən heç kəsə fərq qoymamışdır. Lakin, bəzi hegemon dövlətlər neft, var-dövlət naminə qrğınlar törədir və nəticədə bəşəriyyət əziyyət çəkir. Kərkük türkmənlərinə uğurlar, can sağlığı və sağlam həyat arzulayırıq. 

Rauf İlYASOĞLU,

Şair-publisist

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ