SON DƏQİQƏ

Erməni vandalizmi və soyqırım

Tarix:

31-03-2019, 00:30

/ 10 527 dəfə oxundu.
Erməni vandalizmi və soyqırım

 

Azərbaycan! Odlar yurdu igidlər məskəninin tarixə öz adını ən qədim zamanlardan yazdırmış ölkənin yerləşdiyi coğrafi məkandır. Azərbaycanın yeraltı-yerüstü sərvətləri, gözəl məkanda yerləşməsi əsrlər boyu düşmən dövlətlərin, xain xislətli ölkələrin gözünə ox kimi batmışdır. Ölkəmizin yaxın və uzaq tarixini vərəqləyərkən sadaladıqlarım tam əsaslıdır. Sübuta, isbata heç bir ehtiyac qalmır.

1918-ci il 30 mart - 3 aprel tarixlərində azərbaycanlılara qarşı baş vermiş soyqırım bunun bir daha bariz nümunəsidir. Həmin dövrdə mənfur düşmənlərimiz, sonradan isə dost, qonşu olaraq bizə sırıdılmış erməni vandalları yenidən Azərbaycan xalqını dəhşətli soyqırıma məruz qoydular. Onlar Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan rayonlarında, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə Bakı sovetinin və Daşnaksutun partiyasının üzvü olan erməni silahlı dəstələri ilə Azərbaycan xalqına xüsusi vəhşiliklə kütləvi qırğın törətdilər. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 30 minə yaxın dinc Azərbaycan əhalisi xüsusi amansızlıqla qətlə yetirilmiş, on minlərlə insanlar itkin düşmüşdür. Soyqırıma məruz qalanlar arasında Türklər üstünlük təşkil etsə də, kürd, ləzgi, talış, yəhudi, alman əsilli Azərbaycan vətəndaşları da qeyri-insani  işgəncələrlə qətlə yetirilmişdir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş ən ağır faciəli hadisələrlə milli və qan yaddaşıma əbədi həkk olunmuşdur. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider, Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycan hakimiyyətinə qayıdışından sonra bu məsələ dahi insanın diqqətindən yayınmadı. O, soyqırım faciəsini tariximizin qan yaddaşında əbədi qalması üçün 31 mart Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunmasını rəsmi olaraq dövlət səviyyəsində təsdiq etmişdir. Ulu Öndər Heydər Əliyev 1998-ci il mart ayının 26-da 31 martla bağlı sərəncam verərək öz vətənsevərliyini və dahiliyini bir daha xalq qarşısında göstərdi. Erməni vəhşiliyi tək 1918-ci il qırğınları ilə başlamadığı kimi bununla da bitməmişdir. 1-ci Qarabağ savaşında onların Azərbaycanın müxtəlif yerlərində həyata keçirdikləri terror aktları, qətliamlar, bəşəriyyətin tarixində xüsusi qəddarlıqla törətdikləri Xocalı soyqırımı, dinc vətəndaşların amansızlıqla qətlə yetirilməsi xalqımızın böyük faciələri sıralarına daxildir.

Azərbaycanda sovet hökuməti qurulandan xeyli sonra 1937-ci ildə xalqımızın ziyalıları, ictimai aktiv nümayəndələri vətənə xəyanət adı ilə o zamanlar dövlət orqanlarında yerləşdirilmiş erməni təxribatçıları tərəfindən saxta ittihamlarla şərlənərək, böhtan kompaniyalarına, repressiyalara məruz qalaraq ən ağır cəza növü olan güllələnmə  cəzasına məhkum edilərək güllələnmişdirlər. Bəziləri isə Sovetlər birliyinin müxtəlif bölgələrinə, xüsusən Sibirə sürgün olunaraq orada ağır şərtlər altında ölümə məhkum şəkildə yaşamağa məcbur edilmişdilər.

1988-ci ildən başlayaraq Azərbaycana qarşı torpaq iddiasına düşmüş həmin zehniyyətli ermənilər Qarabağda günahsız insanları, körpə uşaqları, ahıl, yaşlı vətəndaşlarımızı qətlə yetirməklə analoqu görünməmiş qırğınları yenidən davam etdirməyə başladılar. 1992-ci il 26 fevral Xocalı soyqırımı dinc əliyalın Azərbaycan əhalisinin növbəti dəfə kütləvi şəkildə xüsusi azğınlıqla qətlə yetirilməsi yeni tariximizə qanlı hərflərlə yazıldı. Həmin dövrdə ermənilər tərəfindən Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutuldu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə çox sayda azərbaycanlıların məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi. Ümumən 1992-ci ilin fevralında ermənilər tərəfindən Xocalı şəhərinin əhalisinə divan tutulması dünyanın bir çox ölkələrinə və nüfuzlu beynəlxalq təşkilatlara məlum olsa da, dünya birliyi bu ədalətsizliyə hələ də göz yumur susur. Separatçı terrorist, işğalçı ermənilərin Qarabağda  başlatdığı qəsbkar hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız erməni işğalının nəticəsində öz doğma yurd-yuvalarından didərgin salınmış ağır şəraitdə yaşamağa məhkum edilmişdir. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olmuş, itkin düşmüş, əsir alınmış və Azərbaycan dövlətinə milyardlarla dollar ziyan dəymişdir.

Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev 26 fevral 2008-ci ildə Xocalı soyqırımının unudulmaması üçün, gələcək nəsillərə tariximizin qan yaddaşını ötürmək məqsədilə “Ana harayı” abidəsinin qoyulmasına sərəncam verdi və açılışını edib xalqımızın ziyarətgahına çevirdi. Bununla bərabər Ölkə başçısının təşəbbüsü ilə dünyanın bir çox şəhərlərində Haaqada, Berlində, Sarayevoda, Mexikoda, Ankarada, İzmirdə və s//. şəhərlərdə soyqırım abidələri ucaldıldı. Dövlət başçısının tapşırığı, göstərişi ilə demək olar ki, əksər dünya ölkələrində fəaliyyət göstərən səfirliklərimiz və konsulluqlarımız vasitəsilə dünya ictimayyətinə Xocalı faciəsi haqqında ətraflı məlumat verilərək Ermənistanın işğalçılıq siyasəti pislənilib. Ermənilərin hər zaman Azərbaycanın müstəqilliyinə xain gözlə baxması çox üzücüdür. Təsadüfi deyildir ki, onlar bizim ərazi bütövlüyümüzə zərbə vuraraq torpaqlarımızı işğal altında saxlamaqla bərabər müstəqil dövlətçiliyimizə də ağır zərbələr vurmuşdular. Ancaq Ali Baş Komandan, Ölkə Prezidenti İlham Əliyevin bu gün davam etdirdiyi dövlətçiliyin möhkəmləndirilməsi və daha güclü Azərbaycan quruculuğu siyasəti düşmənin göz dağına çevrilmişdir. Azərbaycan 31 mart soyqırım faciəsini heç zaman unutmayacaqdır. Çünki damarında azərbaycanlı qanı axan hər bir şəxs soyqırımın nə üçün, nə məqsədlə, hansı planları həyata keçirmək üçün təşkil edildiyini bilir və bilməlidir. Vətənimizin, Dövlətimizin, Dövlətçiliyimizin, Müstəqil Azərbaycanımızın qorunmasında hər birimiz öz borcumuzu yerinə yetirməklə, ölkəmizin haqq səsini dünyaya yaymalıyıq. Müstəqil dövlətimiz bizə ata-babalarımızdan miras qaldığı kimi biz də onu övladlarımıza, gələcək nəsillərimizə çatdırıb sağ-salamat təslim  etməliyik. Gələcəkdə də bu müqəddəs yol dönmədən uğurla davam etdirilməlidir. Dövlətçiliyimizin, ərazi bütövlüyümüzün qorunması hər bir vicdanlı Azərbaycan vətəndaşının ləyaqət və şərəf borcu olmalıdır. Düşmən indi də Azərbaycanın inkişafını, möhkəmlənməsini heç cür qəbul edib, həzm edə bilmir, dinc dayanmır, ölkəmizdəki ictimai-siyasi sabitliyi qanı pozuq antimilli qüvvələr vasitəsilə daxildən, xarici dövlətlərdə  sığınacaq almış bəzi Azərbaycan kökənli adamlardan bilərəkdən istifadə etməklə ölkə xaricindən pozmağa cəhd göstərir.

Müstəqil Azərbaycan dünya birliyində kifayət qədər nüfuzlu ölkələr sırasındadır. Azərbaycanın güclü, iradəli, müstəqil milli maraqlara xidmət edən dəqiq və vaxtında qərarlar verən rəhbəri var. Ölkə başçısının ordu quruculuğu sahəsində apardığı uğurlu islahatlar və tədbirlər nəticəsində Azərbaycan güclü qüdrətli, müasir silahlarla təchiz edilmiş orduya malikdir.

Ordu quruculuğunun əsasını qoyan ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı dövlət başçısı İlham Əliyevin daha güclü Azərbaycan üçün hər zaman apardığı daxili və xarici siyasət, Ordumuzun Qafqazın ən güclü ordusu olduğu kimi, dünya miqyasında da öz xüsusi yerini tutmasının əsas və başlıca səbəbidir. Möhtəşəm ordumuz işğal olunmuş torpaqlarımızın çox qısa müddətdə azad etmək, düşməndən təmizləmək üçün bütün şəxsi heyəti ilə yalnız Ali Baş Komandanın əmrini gözləyir. Bu gün ölkəmizdəki ictimai-siyasi sabitlik məhz Prezident İlham Əliyevin siyasi iradəsi demokratiya və humanizm prinsiplərini üstün tutması, xalqımızın rifahının yaxşılaşdırılması istiqamətində apardığı səmərəli fəaliyyəti nəticəsində qorunub saxlanılmaqdadır. Qüdrətli müstəqil, demokratik, daha güclü Azərbaycan naminə xalqımız Ali Baş Komandanımızın, dövlətimizin ətrafında sıx birləşərək tezliklə ermənilər tərəfindən işğal olunmuş ərazilərimiz yağı tapdağından azad edəcəyik. Yaşasın Müstəqil Azərbaycan!!!      

 

Namiq Əliyev,

Dövlətçiliyə Dəstək Mərkəzinin

hüquq şöbəsinin müdiri

 

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ