SON DƏQİQƏ
» » BİR PSİXOLOQ-ALİMDƏN TOPLADIĞIM MÜDRİK İFADƏLƏR

BİR PSİXOLOQ-ALİMDƏN TOPLADIĞIM MÜDRİK İFADƏLƏR

Tarix:

28-09-2018, 17:24

/ 10 427 dəfə oxundu.
BİR PSİXOLOQ-ALİMDƏN TOPLADIĞIM MÜDRİK  İFADƏLƏR

Söhbət psixoloq-alim, psixologiya üzrə

fəlsəfə doktoru Hüseyn Soytürkdən gedəcəkdir.

 

İnsanlarla münasibətdə, onların bir-biri ilə söhbətində də çox vaxt bədahətən deyilmiş çox qiymətli kəlamlar var ki, onlar ağızdan çıxdığı kimi qələmə alınmadığı üçün çox vaxt unudulur və ya deyildiyi kimi ifadə edilmir.

Çalışdığım Azərbaycan Dövlət İqtisad Universitetinin 85 illiyi münasibətilə «İqtisadi və ədəbi təfəkkür işığında» adlı bir araşdırma kitabı hazırlayırdım. Həmin kitabda tanıdığım bir çox iqtisadçı alimin iqtisadi təfəkkürü ilə ədəbi yaradıcılığını arayıb-axtardığım zaman həmin alimlərin bir çoxunun yaradıcılığında ixtisasından asılı olmayaraq söylədiyi bir çox qiymətli kəlamlarla qarşılaşdım. İqtisadçı-alimlərin müdrik kəlamlarını da, onların ədəbi təfəkkürü ilə bağlı bədii yaradıcılığını da adı keçən kitabda toplayıb nəşr etdirməyimə çox sevindim. Axı müdrik qələm ustalarımız deyiblər ki, «deyilən çöz yadıgardır», «sözün də su kimi lətafəti var». Böyük Füzulinin təbiri ilə desək,

 

«Artıran söz qədrini sidq ilə qədrin artırar,

Kim nə miqdar isə əhlin eylə ol miqdar söz».

 

Elə haqqında söhbət açdığım doktor Hüseyn Soytürk də sözün mizan-tərəzisinə qiymət verərək, «Qəlbi qırmağa tək bir söz yetər, amma qırılan qəlbi təmir etməyə nə bir üzr, nə də bir ömür yetməz» demişdir.

İki ildən çoxdur ki, otaylı, butaylı Azərbaycanın dili, tarixi, mədəniyyəti, etnoqrafiyası ilə bağlı bir neçə kitabın və çox sayda məqalənin müəllifi, əslən Cənubi Azərbaycandan olan və Tehranda Azərbaycan və fars dillərində yayınlanan «Xudafərin» adlı elmi-ədəbi bir dərginin təsisçisi və baş redaktoru şair təbiətli bir

psixoloq-alimlə yazışmalarımız davam edir. Bu yazışma və söhbətlərdən onun dilə gətirdiyi bir çox mülahizə və müdrik kəlamları diqqətimi çəkdi və onları istər müsahibimlə olan şifahi danışıqda, istərsə də mənimlə yazışmasında özünə belə hiss etdirmədən qələmə aldım ki, bunlar bir cənublu soydaşımızın dilindən çıxan kəlamlar kimi itib-batmasın. Haqqında bir il öncə «Hüseyn Şərqi Soytürk» adlı bir məqalə yazdığıma baxmayaraq, sonralar topladığım kəlamları bir yazıya almaq qərarına gəldim ki, yaxınlarda 50 yaşı tamam olacaq soydaşımıza ərmağan edim.

Bir də yadıma düşdü ki, 50 yaşlı soydaşımız Hüseyn Soytürkün Tehranda nəşr etdiyi «Xudafərin» dərgisi ilə bizim Bakıda nəşr olunan «Yada düşdü» adlı dərgi ilə əməkdaşlığı var. Odur ki, topladığım ədəbi, fəlsəfi, psixoloji nümunələri «Yada düşdü» oxucularına da təqdim etməyi özümə borc bildim.

Hüseyn Soytürkdən topladığım bədii və fəlsəfi kəlamlar və müdrik ifadələrin mövzu dairəsi genişdir. Burada Vətən, ilahi eşq, məcazi eşq, sevgi, düşüncə, insan və cəmiyyət, həyat və ölüm, dostluq kimi fəlsəfi anlayışlar ifadə edilir.

Həmin kəlamlardan örnəklər:

«İnsan pulunu-parasını deyil, sevdiklərini itirdikdə fağırlaşır».

 

«Türklük təkcə Türkiyəli olmaq deyil, sadəcə türk doğulmaq, türkcə danışmaq və türk olmağa inanmaq deməkdir».

 

«Gözəl hər zaman gözəl olmaz, amma gözəllik əbədidir».

 

«Uşaqdım. Anama, ağaca çıxacam, mənə yardım et» dedim.

Anam: «Başqasının çıxartdığı yerdən enə bilməzsən, yıxılarsan» dedi. Bunu heç unutmadım. Nə qədər doğru olduğunu böyüyüncə anladım».

 

«Eşq unu ilə tikilən tikiş bir ömür boyu sökülməz imiş».

 

«Ömür bir gül kimidir. Bəlkə solmaz, amma hər gün bir yarpağı tökülür».

 

«Könlü gözəl hər yeri gözəlləşdirir».

«İnsan yaşadığı yerə görə deyil, daşıdığı ürəyə görə yaşar».

 

«Xəyal bir film kimi yaşanır və bitir. Önəmli olan necə yaşanıb, necə bitdiyi deyil, yaşarkən nələrin bitdiyidir».

 

«Sən mənim gözümün daldığı ürəyimin yandığı, ağlımın qaldığı tək gerçəksən. Harada olursan ol, sən məndə cansan».

 

«Gerçək sevgi səbrdir. Hər şeyə dayanar, əhv edər, çabalar. Gerçəkləşdiyində susar, qəbul edər, amma əsla bitməz».

 

«Eşq pul, sevgi pul, su pul, hava pul. Mən yalnızlığımı sayıram pulsuz. Of, dünya, alan varmı».

 

«Eşqin ən ədalətsiz tərəfi nədir, bilirsənmi? Ağızdan çıxmağa cəsarəti olmayan sözlərin ürəkdə fırtına qoparmasıdır».

 

«İnsan bir əcəlini, bir də qədərini bilməzmiş. Bilinən tək şey varmış, o da sevgi. Onun da qədəri bilinməzmiş».

 

«Sevmək sevdiyin insanla birlikdə olmaq deyildir. Unutma! Çünki eşq onunla yaşamaq deyil, onu yaşatmaqdır».

 

«Sərxoşkən söylənən hər söz ayıqkən düşünülmüşdür».

 

«Eşq elə bir şeydir ki, həmişə sevənləri yaşadar, ömürləri uzun edər».

 

«Ayrılıq bir çiçək açdı, amma nə soyuq, nə dadsız...».

 

«Yolu doğru olanın yükü ağır olur».

 

«Ürəkdə sümük yox, amma çox qırılan yer orası».

 

«Həyat zənginə deyil, yaşamasını bilənə gözəldir».

 

«Ağızdan çıxan söz silahdan çıxan qurşun kimidir. İkisi də öldürür: biri bədəni, biri ruhu».

 

«Ayaqda duracaq halım yoxkən, həyatda durmaq məcburiyyətindəyəm».

 

«Həyat bəzi şeyləri başına vura-vura bəzi şeyləri də qəlbini qıra-qıra öyrədir».

 

«Bir ağıllı insan beyninizi inkişaf etdirər. Bir gözəl insan gözlərinizi işıqlandırar. Bir mehriban insan isə qəlbinizi rahatladar».

 

«Vəfa çox ağır bir yükdür, hər insan daşıya bilməz».

 

«Batan günəş yerini hüzura, sevincə, yeni ümidlərə buraxsın».

 

«Bir insanın sizi nə qədər sevdiyi göstərdiyi ilgidən, girdiyi riskdən və verdiyi mücadilədən bəlli olur».

 

«Eşq sonum nə olacaqdır deməməkdir».

 

«Eşq sevənlə sevənin arasında, Leyli ilə Məcnun arasında, insanla Yaradanın arasında gözəl bir varlıqdır. Onu, bəlkə də, çox insanlar nə duya bilər, nə kəşf edə bilər. Nə mutlu o insanlara ki, tək bir dəfə gəldiyi həyatda bu sirri duyur, bu sirdən ləzzət alır, bu sirri yaşadır.

Bu elə bir sirdir ki, elə bir hikmətli sirdir ki, o hətta ölünü belə dirildər, çansıza can verər, hətta quru torpaqlarda gül-çiçək bitirər».

 

«Of, səndən dahası varmı, sevgi! Səndən daha ötəsi varmı, sevgi! Sevir insan, başı dumanlanır, gözləri kor olur. Yaş yox burada. Sevgidə yaş olmaz. Dərd çəkməyənlərin gözündə yaş olma. Mən sevginin içindəyəm, əzizim. Mən sevərək yaşaram, içimdəki atəşləri yakaram. Kim bilir, bəlkə də, mən dünya qədər sevərəm, sevərəm səni».

 

«Sən içində olan sevgidən bir ulduz yaparsan. O ulduz mənəm, sən məni göyləri buraxıb, həm də yerə sərərsən, süpürərsən. Amma sən mənim ürəyimdə bir

ulduz olaraq yaşayırsan. Dünyanın ulduzlarını saymaqla bitməz. Amma, nə bilim, mənim ürəyimdə bir ulduz var. O da sənsən, sən…»

 

«Mən sevgidən doğan bir cocuğam. Sevgini dünyaya yaymaq üçün uğraşıram».

 

«Bir gün göz ürəkdən şikayət etdi və dedi: «Sən sevirsən, mən də sənin sevginə göz yaşı tökürəm». Ürək dedi: «Sən görürsən, mən də onun əzabını çəkirəm».

 

«Adını aynalara yazmadım hirslənib, qıraram deyə,

Adını divarlara yazmadım, zalimin biri boyayar deyə,

Adını qəlbimə yazmadım, mən ölüncə,

Orqanlarım bağışlanarsa, sən başqasının olursan deyə».

 

«Ehtiyacım yox başqa həyata. Səni sevdim sadəcə. Həyatımda bir sənin üçün başladım yürüməyə. Bu həyatda bir sənin üçün düşərəm qara torpağa. Sən həmişə mənim qəlbimdəsən. Bundan gözəl nə ola bilər?».

 

«Dünyada o qədər böyük ol ki, özünü başqalarından geri alanda çarəsiz qalan onlar olsun, yerin və dəyərin özlənilsin».

 

«Həyat bomboş. Bir gün varıq, bir gün yoxuq. Yaşadığımız günlərin qiymətini düşünək gərək».

 

«Ağacdan bir alma düşdü. İnsan cazibə qanununu bildi. Minlərlə insan düşdü (öldü). Kimsə insanlığın anlamını bilmədi».

 

«Yaşamağı düşün, amma onun üçün qüssə etmə».

 

«Görmək həqiqətdir, ancaq doğru görmək fəzilətdir».

 

«Ədəb öz-özlüyündə xərc tələb etmir, andaq ədəblə hər şey almaq olar».

 

«Yeni günün başlanması ilə elə bil bu gün doğulmusan».

 

«Mehriban və aşiq ol ki, bəlkə sabah olmayacaqsan, ya da sabah sənin ən çox sevdiyin olmayacaq».

 

«Qadın şəffaf şüşədir. Sildikcə özünü onda yaxşı görə bilərsən. Onu kirlətsən, daha özünü də görməzsən. Onu sındırsan, yapışdırmağı çox zor olar. Hər dəfə onu siləndə şüşənin sınıq yerləri barmaqlarını kəsər və canını ağrıdar».

 

«Qadın qəhvə kimidir. Bişirənə qədər acıdır. Bişdikdən sonra sevinc verər.

Uşaq kimidir. Öncə danışmasını istərsiniz, sonra susmasını.

Dəniz kimidir. Nə zaman durğun, nə zaman dalğalıdır, bilməzsən.

Siqara kimidir. Zərərlidir, amma buraxmaq zordur.

Avtomatik qapı kimidir. Nə zaman çarpacağı bəlli olmaz.

Termos kimidir. Mübahisə etməyi ilk günkü kimi sıcaq tutar.

Gül kimidir. Qoxladıqca açar, sevildikcə gözəlləşər.

Onları çox sevin».

 

«Yaşamağı düşün, amma onun üçün qüssə etmə».

 

«Günəşin doğuşu, ayın batması deməkdir».

 

«İstər daşı vur kuzəyə, istər kuzəni vur daşa. Sınan kuzə olacaq. Diqqətli olaq, ürək sındırmayaq».

 

«Üç cür dost vardır. Birincisi, əkmək kimidir. Hər gün onu ararsan. İkincisi, dərman kimidir. Lazım olduğunda ararsan. Üçüncüsü, mikrob kimidir. O, səni axtarıb tapar».

 

«Mən dostlarımı nə qəlbimlə, nə də ağlımla sevərəm. Olar ki, qəlb durar, ağıl unudar. Mən dostlarımı ruhumla sevərəm. O, nə durar, nə də unudar».

 

«Dünyada ən dəyərli odur ki, deməyək nəyimiz var, bəlkə deyək ki, kimlərimiz var».

 

«Yaş bir paydır alnında yazılmış. Amma onun keyfiyyəti sənin əlində».

 

«İçdən gələn bir istək ruhun doğmalaşıb cismə sarılması deməkdir. o üzdən sizi ruhumda daşıyaraq içimdəki üsyana baş əyirəm».

 

«Bir erkək dünyanın ən gözəl qadınını deyil, dünyanı gözəlləşdirən qadını sevər».

 

«Hər insan kaybedər, amma sevməyən vazkeçər. Bil ki, aşk kaybetdiyində deyil, vazkeçdiyində bitər aslında».

 

«Of, of, of. Bu dünya, of. Saçlarım bəyazladıqca məni onlardan dar ağacına asdırdın, dünya. Səni uzaqlarda hiss etdim. Ən içimdə, yaxınımda çalxalandın, dünya».

 

«Bir hüzün gizlənib gecədə və min ümid vardır hər yeni gün doğuşunda. Bir hüznlə uyuyub min ümidlə oyanın».

 

Hüseyn Soytürkün bir deyimi də belədir:

«Nöqtəni cümlənin sonuna deyil, tərəddüd etdiyin yerə qoyacaqsan».

 

Çoxşaxəli yaradıcılığı olan soydaşımız haqqında yazdığım bu məqaləyə nöqtə qoysam da, tərəddüd etmədən onun şeirləri haqqında bir yazı yazmağı da düşünürəm, ömür vəfa etsə.

 

 

Maarifə Hacıyeva,

filologiya elmləri doktoru, professor

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ