SON DƏQİQƏ
» » Fazil Mustafa: “Cümhuriyyətin 100 illiyi ilə bağlı daha fundamental işlər görülməli idi”

Fazil Mustafa: “Cümhuriyyətin 100 illiyi ilə bağlı daha fundamental işlər görülməli idi”

Tarix:

22-05-2018, 09:10

/ 10 388 dəfə oxundu.
Fazil Mustafa: “Cümhuriyyətin 100 illiyi ilə bağlı daha fundamental işlər görülməli idi”

Dilavər Əzimli: “Sevindirici haldır ki, cümhuriyyətlə bağlı xarici ölkələrdə keçirilən tədbirlərin sayı artıb”

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə bir həftə vaxt qalıb. Cümhuriyyətimizin yaranmasının 100 illiyi ilə bağlı müxtəlif dövlət qurumlarında, təhsil müəssisələrində, ölkə xaricində tədbirlər keçirilir, bu şanlı tarixi hadisələrlə bağlı seminarlar təşkil olunur.

Qeyd edək ki,  ötən ilin may ayında prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb. Həmin sərəncamda qeyd olunur:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilsin".

 

“Yeni Müsavat”a danışan deputat Fazil Mustafa bildirib ki, görülən tədbirlər onu tam qane etmir:

“Çünki daha fundamental işlər görülməli idi. Ancaq yenə də müəyyən işlərin görülməsi normaldır. Ən azından müxtəlif televiziyalarda verilişlərin verilməsi, o dövrün şəxsiyyətlərinin xatırlanması istiqamətində addımların atılması yaxşı haldır. Lakin bunu daha fərqli formada keçirmək imkanı vardı. Xüsusilə də Rəsulzadə irsinə, Nuru paşaya münasibətdə daha fərqli addımlar atılmalı idi ki, bu işlər görülməyib”.

Deputat hesab edir ki, belə bir məqamda xarici ölkələrdən çox ölkə daxilində tədbirlərin keçirilməsinə üstünlük verilməlidir:

“Çünki cümhuriyyətə dəyər vermək bizim özümüzə lazımdır. Xaricdə tanıtım, təbliğat keçirilə bilər. Ancaq əsas Azərbaycanın daxilində insanlar bilməlidir ki, cümhuriyyətin dəyəri nədir. Bilməlidir ki, bu, təsadüfən alınmayıb, şəhidlərin qanı bahasına əldə olunub. Böyük mütəfəkkirlərimiz Cümhuriyyətin meydana çıxması üçün xeyli işlər görüblər. Azərbaycan vətəndaşı bunu anlamalıdır. Ona görə də tədbirlərin ölkə daxilində keçirilməsi daha önəmlidir”.

“Yeni Müsavat”a danışan tarixçi Dilavər Əzimli isə bildirib ki, xaricdə və daxildə keçirilən tədbirlər eyni səviyyədə olmalıdır:

“Sevindirici haldır ki, cümhuriyyətlə bağlı xarici ölkələrdə keçirilən tədbirlərin sayı artıb. Bildiyimə görə, ABŞ-ın iki ştatında, Avropada xeyli tədbirlər keçirilir. Qardaş Türkiyədə də həmçinin tədbirlər baş tutur. Türkiyə ilə Azərbaycanı ayırmıram. Ancaq Avropa ilə Amerikada ötən illərə nisbətdə cümhuriyyətimizlə bağlı tədbirlərin sayının artması müsbət haldır. Bu, bizim üçün mühüm əhəmiyyət kəsb edir. Çünki artıq görürlər ki, 20-ci əsrin əvvəllərində demokratiyaya görə dünya dövlətlərini üstələyən cümhuriyyət qurulub. Bunun söykəndiyi prinsipləri Avropa dövlətləri sonradan mənimsədilər. Burada təmsil olunan şəxsiyyətlər onları valeh etdi. Məsələ ilə bağlı Avropa qəzetləri xeyli sayda yazılar dərc etdilər. Bildirdilər ki, bu şəxsiyyətlər çox demokratik dəyərləri özündə əks etdirən təfəkkürə malikdirlər, yüksək intellektual səviyyəli insanlardır. Bütün hallarda bizim mütəfəkkirlər keçmiş Rusiya ərazisində olan demokratik ruhlu şəxsiyyətləri üstələyirdilər. Həmin şəxsiyyətlərimizin təbliği hesab edirəm ki, Azərbaycanın imicinə müsbət uğurlar gətirir. Tarixi nəticəni unutmaq olmaz”.

 

Dilavər Əzimli bildirib ki, ölkədə keçirilən tədbirlər ötən illərlə müqayisədə yüksələn xətt üzrə davam edir: “Ancaq deyə də bilmərəm ki, tədbirlər məni tam qane edir. Bir məsələ var ki, cəmiyyətimiz iki sistem arasında döyüşür. Cümhuriyyət təfəkkür sistemi və buna qarşı hələ də yaşayan bolşevik təfəkkürü. Hazırda cümhuriyyət təfəkkür sistemi üstünlük təşkil edir. Təəssüf ki, bizim hələ də idarəetmədə olanların içərisində bolşevik təfəkkürlü insanlar var. Biz bu yolların hamısını keçəcəyik. Əminəm ki, zaman gələcək ən möhtəşəm tədbirlər keçiriləcək. Bu gün milli qüvvələr cəmiyyətimizin hər tərəfində olsa da, hələ onlar zəifdir. Ancaq proses bolşevik, sovet təfəkkürünün tamamilə sıradan çıxması istiqamətində gedir. Bu təfəkkür sıradan çıxandan sonra biz istəyimizə nail olacağıq. İnanıram ki, yaxın müddətlərdə cümhuriyyətimizlə bağlı keçirilən tədbirlər məni tam qane edəcək. Çünki bu 100 illik böyük rəqəmdir. Ancaq bunun 101, 102 yaşı da layiqli qeyd olunmalıdır. Ona görə ki, bu, bizim milli dövlətimizdir. Bu milli dövlətdən yapışmaqla biz çox şeyə nail ola bilərik. Gürcü menşevik, erməni daşnak dövləti idi. Azərbaycan Xalq Cümhuriyyəti isə milli dövlət idi. Məhz bu milli dövlət bizə imkan verir ki, İran-fars şovinizminin qarşısına çıxaq. Deyəndə ki, Azərbaycan adlı dövlət olmayıb, biz bildirək ki, olub və tarixi də 1918-ci ildən başlayır. Onların özlərinin isə həmin dövrdə heç bir milli dövlətləri olmayıb. Olanların hamısı dini dövlətlər olub. Bayram münasibətilə keçirilən tədbirlər adi tədbirlədir. Yəni 10 illik, 100 illik kimi keçirilir. İkinci Dünya müharibəsində döyüşənlər də 10 illikləri böyük tədbirlərlərlə keçirirlər. Ancaq Cümhuriyyətlə bağlı milli dövlət zəminindən olan yanaşma ortaya qoyulmalıdır ki, 20-ci əsrin əvvəllərində biz milli dövlət ortaya qoyduq. Bu milli dövlətə qarşı isə dünyanın bütün gücləri birləşdirlər. O cümlədən də bizim torpaqlarımızı da erməni daşnaqlarına, qonşu dövlətlərə verdilər. Milli dövlətin ortaya qoyduğu xəritədən yapışmalıyıq. Bütün bunları anlayıb tədbirlər keçirilərsə, bu, daha möhtəşəm olar”. 

скачать dle 12.1

Şərhlər