SON DƏQİQƏ
» » Kataloniya və Kürdüstanı gözləyən qaranlıq sabah... – Şərh

Kataloniya və Kürdüstanı gözləyən qaranlıq sabah... – Şərh

Tarix:

2-10-2017, 23:14

/ 999 dəfə oxundu.
Kataloniya və Kürdüstanı gözləyən qaranlıq sabah... – Şərh

"Oktyabrın 1-də Kataloniyada keçirilən referendum Qərbin yürütdüyü ikili standartlar siyasətinin bariz nümunəsi kimi ortaya çıxıb".

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

O qeyd edib ki, bundan öncə – sentyabrın 25-də İraq Kürdüstanında referendum keçirilmişdi: “Katalonlar bu məsələni bir dəfə qaldırmışdılar, mərkəzi hökumət və Avropanın digər dövlətləri onların “ağzından vurmuşdu”, onlar da yerlərində oturmuşdular. İraq Kürdüstanı referendum keçirdikdən və dünya birliyinin onlara ciddi reaksiya vermədiyini gördükdən sonra katalonlar da ayağa qalxdılar və bu iş zəncirvarı şəkildə dolaşmağa başladı”.

Q.Hüseynli qeyd edib ki, separatizm hansı formada olursa-olsun, onu pisləmək lazımdır: “Təəssüf ki, Avropada hələ bunu anlamırlar, yaxud anlasalar da, əməl etmirlər. Əgər İraq Kürüdstanı, Kataloniya referendumlarının qarşısı alınmasa, sabah Avropanın hansısa başqa bir bölgəsində separatçı referendum keçirilə bilər”.

Müsahibimiz bildirib ki, separatizmin yayılması ümumiyyətlə, çox təhlükəli tendensiyadır:
“Bu tendensiya Yaxın Şərqi və Avropanı bütünlüklə qan çanağına çevirə bilərlər. İraq və İspaniya hökumətlərinin bir qədər yumşalması o demək deyil ki, onlar bu referendum aktını qəbul edirlər. Xeyr. Əksinə, vəziyyət daha da kəskinləşib. İqtisadi baxımdan sanksiyalar qaçılmazdır. Məsələn, maaşların bir hissəsi veriləcək. Nəyə görə özünü dövlət elan etmiş bir qurumun məmurlarının maaşını bu hökumətlər ödəməlidir?!”.

Q.Hüseynli qeyd edib ki, İraq Kürdüstanı müstəqilliyə yaxın muxtariyyətə malik idi:
“İraqın neftini satıb, pulunu yeyib, üstündən su içirdilər. O qədər qudurdular ki, referendum keçirmək istədilər. Məncə, bu onlara baha başa gələcək. Çox güman ki, indi malik olduqları muxtariyyət səlahiyyətlərini də əllərində qoruyub saxlaya bilməyəcəklər. Çünki bu muxtariyyət səlahiyyətlərini də Səddam Hüseyn devrildikdən sonra xaosdan istifadə edib əldə ediblər. Bu nöqteyi-nəzərdən kürd referendumu çox təhlükəli referendumdur, bütün Yaxın Şərqi öz nəzarəti altına ala və bütün bölgəni barıt çəlləyinə çevirə bilər”.
Politoloq Kataloniyadakı hadisələrin onu bir qədər təəccübləndirdiyini vurğulayıb:

“Kataloniya yüksək səviyyəli özünüidarəetmə formasına malik idi. Bu bölgə mərkəzi büdcəyə heç nə ödəmirdi, öz qazandığını özü xərcləyirdi. İdarəetmə işlərində Madridin Barselonaya təzyiq və təsiri, demək olar, yox dərəcəsində idi. Amma millətçi dairələr katalonları da yoldan çıxara bildilər və birdən-birə bu referendumu keçirdilər. Zənnimcə, bu referendumun keçirilməsi digər Avropa ölkələrinə də mənfi təsir edəcək. İspaniyanın şimalı və Fransanın cənubunda yaşayan baskları da yuxudan oyada bilər, Şimali İrlandiyanı, Şotlandiyanı və digər bölgələri məhvərindən çıxara bilər. Zənnimcə, Avropa İttifaqı ölkələri bu separatçı referendumlara mənfi münasibət bəsləyəcək və onların həyata keçirilməsinə imkan verməyəcək. Çünki bu, son nəticədə Avropa İttifaqı ölkələrini separatizm alovunun bürüməsi ilə nəticələnəcək”.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ