
Məlum olduğu kimi, Azərbaycan müstəqillik
əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici
ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi
maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur. 1993-cü ildə sabiq
prezident Heydər Əliyevin hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi,
diaspor quruculuğu işində də əsaslı dönüş yaratmışdır. Ulu öndər bütün xarici səfərlərində
Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları
ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın
tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı.
Qısa bir müddət keçdikdən sonra, diaspor
quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən
birinə çevrildi. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu
siyasətin məqsədi dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf
etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun
potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində
faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi
hüquqlarını müdafiə etməkdən ibarət idi.
Bu gün azərbaycanı layiqincə təmsil edən bir
çox diaspora təşkilatları ilə yanaşı, sadə azərbaycanlılar da var ki, onlar öz
yaxşı əməlləri ilə millətimizin başını uca edə bilir.
Belə həmyerlilərimizdən
biri də Ukrayna dövlətinin, Xarkov şəhərində yaşayan Ağamirzə Nuriyevdir. Müsahibim Ukrayna
respublikasının Xarkov şəhərində, otuz
ildən artıq yaşayan Nuriyev Ağamirzə Mirzəağa oğlu ilə iş başında görüşdük.
Ağamirzə və onun kiçik qardaşı Şahin, Azərbaycan respublikasının dilbər güşələrindən
biri olan, Lənkəran rayonundandırlar. Onların atası Mirzəağa Nuriyev, istər Lənkəranda
istər də, Xarkov şəhərində din xadimi kimi yaxşı hörmətə və nüfuza malik olub.
O dünyasını dəyişəndən sonra övladları onun tutduğu yolu davam etdirməyə başlayıblar.
Hazırda Ağamirzə Nuriyev Xarkov şəhərində fəaliyyət göstərən "İmam Hüseyn "
dini cəmiyyətin sədri və Xarkov şəhərindəki məscidin rəhbəridir. Kamil Ələsgərov
isə, həmin məsciddə Qafqaz müsəlmanları idarəsindən göndərilmiş axund kimi fəaliyyət
göstərir. Ağamirzə müəllimin dediyinə görə, məscidə namaz qılmaq üçün gələnlərin
sayı günbəgün artır. Dini bayramlarda isə beş yüzə qədər insan bir yerdə bayram
namazı da qılırlar. Ağamirzə və qardaşı Şahin dindar olmaqla yanaşı, Xarkov şəhərində xeyriyyəçi kimi daha çox tanınırlar.
Ukraynada yaşayan azərbaycanlıların diaspor təşkilatlarına da həmişə maddi dəstək
olan qardaşlar BUAK- nin Xarkov şəhərindəki nümayəndəliyi ilə sıx əməkdaşlıq
edir, bir çox tədbirlərdə Azərbaycan naminə həmişə öndə getməyi özünə borc
bilir. Onun yaxşı əməllərini, vətənpərvərliyini, din adamı olmasını nəzərə alan
azərbaycanlılar, Xarkov şəhərində tikilən məscidi də, məhz buna görə ona həvalə
ediblər. A. Nuriyev deyir ki, istər namaz vaxtlarının, istər də ki, dini mərasim
və bayramların dəqiq tarix və vaxtlarını yazaraq, lövhədən asırıq:”
bilirsinizmi, bizdə ayrıseçkilik yoxdur, təriqətindən asılı olmayaraq, hər bir
insan gəlib burada Allaha dua edə bilər, çünki bura Allahın evidir. Bu məsciddən
əlavə mən 150 kv.m sahəsi olan bir mənzil alaraq, yüksək səviyyədə təmir
etdirib, öz müsəlman bacı-qardaşlarımızın namaz qılması üçün, "İbadət Evi” kimi
onlara hədiyyə etmişəm. İnsanların hamısı məscidə gələ bilmədiyi üçün mən bu
addımı atdım. Şəhərin digər tərəfində böyük bir binanın birinci mərtəbəsini
alaraq, təmir etdirdim. Döşəməyə xalça döşətdirdim, dəst-nəmaz almaq üçün
otaqlar və s. şərait yaratdım. Ümumiyyətlə orada namaz qılmaq və bəzi dini mərasimlər
keçirmək üçün, yaxşı şərait yaratdım. Biz bu dünyada müvəqqətiyik, bizdən sonra
gələn müsəlman bacı-qardaşlarımızın namaz qılmasına şərait yaratmağın özü də,
bir savabdır.”
Diqqətimizi çəkən
daha bir məqam isə Ağamirzə müəllimin yerli millətlə ailə qurması oldu.
Viktoriya Nuriyeva nəinki ağamirzənin soyadını qəbul edib, həm də müsəlman
dinini də qəbul edərək, əsil seyidə yaraşan həyat yoldaşı olub.
Ağamirzə müəllim xeyriyyəçilik işlərindən çox danışmaq istəmirdi,
deyir ki, bu əlin verdiyindən, digər əlin belə, xəbəri olmamalıdır. Ancaq digər
azərbaycanlıların vasitəsilə öyrəndik ki, hətta onun gördüyü xeyriyyəçilik
yerli mətbuatda da dəfələrlə qeyd olunub. Əlimizə düşən bir qəzetdə böyük bir
məqaləyə rast gəldik. Ağamirzə müəllim balaca Serqeyin həyatını necə qurtardı?
Bu məqaləni oxuduqca istər-istəməz millətimizin belə qeyrətli oğulları ilə fəxr
duyursan. Serqey anadangəlmə əlil olan bir uşaqdır. Onun əməliyyat və digər
xərclərini qarşılayan Ağamirzə, yerli ictimaiyyətin və şəhərin rəhbərliyinin də
diqqətini çəkib. Dəfələrlə diplom və medallarla təltif olunub. Kazakstvo
təşkilatı yerli mətbuatda bu məqaləni oxuyandan sonra, A. Nuriyevi "Qızıl "
medalla təltif edərək, ona qəhrəman adı da verib. Ağamirzə müəllim uzun müddət
MAUP-da tərbiyəvi işlər üzrə direktor müavini də işləyib. Onun tələbələrə olan
isti, tərbiyəvi münasibəti, apardığı təbliğat, universitet rəhbərliyinin də
diqqətindən yayınmayıb. Onlar da A. Nuriyevi fəxri fərman və diplomlarla təltif
edib. Ümumiyyətlə isə, Xarkov şəhərindəki uşaq evləri, şəhər təsərrüfat
birlikləri, məktəb və s. təşkilatlardan xeyli diplom və fəxri fərmanlar alıb.
Azərbaycanlılardan öyrəndik ki, Ağamirzə müəllimə, Taciq millətindən
olan, bir qız müraciət edir. Qız gözlərinin kor olduğunu lakin buna baxmayaraq,
quran oxumaq istədiyini bildirərək, əllə
toxunaraq oxunan kitab istədiyini bildirir. Heç kimin ağlına gəlməzdir ki, əllə
oxunan "Qurani Kərim” kitabını Ağamirzə müəllim Azərbaycandan öz şəxsi vəsaiti
ilə alıb, bu gözəl Taciq qızına hədiyyə edəcək. Əslində, burada söhbət
maddiyyatdan getmir, həmin kitab həcmcə çox böyük olduğu üçün istər gömrük,
istər də, təyyarədə müəyyən problemlər yarada bilərdi. Lakin bu çətinliklərdən
qorxmayan A. Nuriyev əllə oxunan Quran kitabını, balaca qıza hədiyyə etməklə
bir daha savab qazanmağı bacardı.
Xarkovda yaşayan azərbaycanlılar deyir ki, Ağamirzə müəllimin
xeyriyyəçilik işlərini sadalamaqla bitmir. Belə ki, o dəfələrlə azərbaycandan
gələn bir çox idmançılara maddi yardım edib, onların yarışlara qatılmasına
şərait yaradıb.
Bəli, həqiqətən də belə həmyerlimiz olduğu üçün qürur duyursan. Bu
qardaşlar öz əxlaqı, tərbiyəsi və xeyriyyəçiliyi ilə bir çox azərbaycanlıya
nümunə olmaqla yanaşı, həm də yerli millətlərin gözündə Azərbaycan xalqının adını
yüksəldir, başını uca edir.
Əlmaniz Ələkbərli.
Ukrayna Bürosu.
Azərbaycan Jurnalistlər və
Yazıçılar Birliyinin üzvü.