Fikrət Qoca: “Nizami indi göydən baxıb, onlara gülür”
Tarix:
26-07-2017, 15:36
/ 2 403 dəfə oxundu.
Dərbənd şəhərində yerləşən, bərbad vəziyyətə düşən dahi Nizami Gəncəvi adına parkın və həqarətə məruz qalan heykəllə bağlı məsələ artıq bir neçə gündür ki, ictimaiyyətdə geniş müzakirə olunmaqdadır. Ziyalılar və tanınmış ictimaiyyət nümayəndələri tərəfindən ciddi etirazlar səslənməkdədir. Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca da mövzu ilə bağlı musavat.com-a danışaraq öz etirazını bildirib: "Görün, nə qədər aciz insanlardır. Nizami Gəncəvi ilə döyüşmək olmaz. Onlar əvvəl-axır təslim olacaqlar, indi isə öz rəzilliklərini göstərirlər. Nizami 800 ildən artıq yaşayıb. Hələ bundan sonra da neçə min il yaşayacaq. Bunun qarşısında nə edə biləcəklər? Onun adına olan parkı alacaqlar? İsraildən Bakıya müraciət edib bildiriblər ki, orada dahi şairin adına park açılsın. Amma Dərbənddə ona qarşı bu cür həqarətlər olunur. Hərə öz ağlını nümayiş etdirir, amma axırda ağıllı qalib gəlir. Belə şeylərdən narahat olmayın. Nizami indi göydən baxıb gülür, onların əxlaqına, tərbiyəsinə... Onların hamısı özünü nümayiş etdirir. Əxlaqı olan dövlət bu məsələdə məsuliyyət daşıyır. Bildiyiniz kimi, Dərbənd bizim torpağımızdır. Amma biz hər halda o insanların cavabını verəcəyik. İnanıram ki, dövlətimiz bu məsələyə reaksiya verəcək”.
Xatırladaq ki, bu günlərdə Nizami Gəncəvinin heykəlinin yenidən yandırılması ilə bağlı məlumat yayılıb. Ümumiyyətlə isə son illərdə dəfələrlə adıçəkilən parkın, dahi şairin heykəlinin bərbad vəziyyətə düşməsi, yandırılması, təhqir olunması ilə bağlı məlumatlara rast gəlinməkdədir.
Hətta iddialara görə, parkda nə vaxtsa tualet açılıb, sirk təşkil olunub və s. İki il öncə də məlumat yayılmışdı ki, abidənin barmaqları qoparılıb, heykələ dəfələrlə xəsarətlər yetirilib, dahi Azərbaycan şairinin adına olan park xarabalığa, zibilxanaya çevrilib.