SON DƏQİQƏ
» » Aktuallaşan ideya- Güney Azərbaycan Cümhuriyyətinin dirçəlişi

Aktuallaşan ideya- Güney Azərbaycan Cümhuriyyətinin dirçəlişi

Tarix:

24-10-2022, 13:49

/ 1 456 dəfə oxundu.
Aktuallaşan ideya- Güney Azərbaycan Cümhuriyyətinin dirçəlişi

Son 120 ildə İran daima inqilablar, üsyanlar, siyasi təlatümlər, daxili münaqişələr, hərc-mərclik, xarici intervensiyalar yuvası olub. Xiyabani hərəkatını Səttarxan hərəkatı əvəz edib, ondan sonra Mirzə Kiçik xan, Heydər Əmioğli, Seyid Cəfər Pişəvəri kimi inqilabçılar boy göstərib.

Əslində 100 il əvvəl artıq ölkəni idarə edə bilməyən Qacarlar xanədanının yerində mütərəqqi konstitusiyaya əsaslanan dünyəvi respublika qurulmalı olsa da, İran xalqının şahsevənliyi sonda başqa bir sülalənin – Pəhləvilərin hakimiyyətə gəlməsinə rəvac verib.

Nəticədə xalqın şah mütləqiyyətinə qarşı mübarizəsi davam edib, şah öz müxaliflərini amansız cəzalandırmalar yoluyla ram etməyə səy göstərib. Ölkə uzun müddət ingilislərin, amerikalıların, bir ara da rusların hərbi müdaxiləsindən əziyyət çəkib. İranın sərvətlərini pay-bölüş etmək üçün şaha dəstək verən yadellilərin yardımına baxmayaraq, xalqların azadlıq və müstəqillik uğrunda mübarizələri səngiməyib.
İran daxilində ilk belə bir respublika 1920-ci ildə ölkənin şimalında – Xəzərin sahilində yaradılıb. Həmin respublika sovet ordusunun köməyi ilə ərsəyə gəlib və rəhbərliyində Mirzə Kiçik xan, eləcə də Heydər Əmoğlu, Seyid Cəfər Pişəvəri kimi kommunistlər təmsil olunub. Sonradan bu gənc respublika daxili çəkişmələr və şah ordusunun hücumu nəticəsində süqut edib.

Bununla belə, İranda etnik azlıq kimi qələmə verilən, ancaq çoxmilyonliq icmalara malik olan xalqların milli-azadlıq hərəkatları gah şiddətlənənib, gah da repressiyalar üzündən passivləşib.
İkinci dünya müharibəsi zamanı sovet qoşunlarının İrana yeridilməsi, İran şahı Rza Pəhləvinin taxt-tacdan əl çəkməsi fonunda yaranmış əlverişli şəraitdən istifadə edən Azrbaycan türkləri və İran kürdləri öz respublikalarını yaradıblar. Qazı Məhəmmədin, Şeyx Hacı Babanın və Mustafa Bərzaninin başçılığı ilə kürdlərin yaratdığı Mehabad respublikası 1946-47-ci illərdə fəaliyyət göstərib. Sonra şah ordusu Mehabadı işğal edib, Qazı Məhəmməd və Şeyx Hacı Babanı, eləcə də digər dövlət rəhbərlərini asıblar. Mustafa Bərzani isə SSRİ-yə qaçıb (o, bu gün İraq Kürdüstanını idarə edən Məsud Bərzaninin atası, Neçirvan Bərzaninin babasıdır).
Güney Azərbaycanda qurulan dövlətin ömrü 1945-ci ilin noyabrından 1946-cı ilin noyabrına qədər çəkib. Paytaxtı Təbriz olan dövlətin başçısı Seyid Cəfər Pişəvəri olub. Bu dövlət İranda yaşayan azərbaycanlılara azadlıq və müstəqilliyin nə demək olduğunu göstərib. Quruculuq istiqamətində böyük planları olan, hərtərəfli islahatlar keçirməyi düşünən bu dövlət də ABŞ və Böyük Britaniyanın İran şahının əliyə ölkənin sərvətlərini talamaq məqsədinin, eləcə də SSRİ-nin onların təzyqinin qarşısından çəkilməsinin qurbanı olub. SSRİ qoşunları Güney Azərbaycandan çəkilincə, şah ordusu Təbrizi tutub və böyük repressiyalara başlayıb. Nəticədə Azərbaycan Demokrat Firqəsinin minlərlə üzvü SSRİ-yə, konkret olaraq sovet Azərbaycanına sığınmalı olublar. Hazırda ölkəmizdə İrandan 1946-cı ildə gələn şəxslərin on minlərlə varisi yaşayır.
Ölkəsinin sərvətlərini yadlara peşkəş edən, özünü Avropa ölkələrinin monarxları kimi aparan, sadə iranlılara da Avropa yaşayış tərzini təlqin etməyə çalışan şahın əzazilliyinə baxmayaraq, İranda yaşayan azərbaycanlıların öz hüquqları uğrunda mübarizələri davam edib. Yeni nəsillər estafeti ələ alıblar. Bir ara onlar ayətullah Ruhulla Xomeyninin başçılığı ilə başlayan islam inqilabının, nəhayət, İranın əzilən xalqlarına da azadlıq bəxş edəcəyini düşünüblər, inqilabın lokomotivi rolunu oynayıblar, ancaq sonradan yanılıblar. Xomeyni hakimiyyətdə möhkəmlənəndən sonra fars şovinizmi daha da güclənib, ermənilər xaric, başqa xalqlara ana dilində təhsil almaq, hər hansı bir muxtariyyata malik olmaq hüququ verilməyib, azadlıqları məhdudlaşdırılıb, ölkədə avtoritarizm və totalitarizmin qarışığı olan sərt rejim yaradılıb, öz millətinin haqqını tələb edən fəallar ya edam edilib, ya da türmələrə doldurulub, zülmə etiraz olaraq başladılan lokal üsyanlar, aksiyalar qanla boğulub və s
Azərbaycanlılar yaşayan ostanlardan seçilən deputatlar İran parlamentində cürətli çıxış edərkən, əzilən xalqın harayını parlament tribunasından səsləndirərkən amansız təqib-təzyiqə məruz qalıblar. Məsələn, Mahmudəli Çöhrəqanlının başına gələnlər buna əyani sübutdur. Amansız təqiblərə məruz qalan və ölkəni tərk etməyə məcbur olan Çöhrəqanlı İran dövləti tərəfindən Azərbaycanda da təqib olundu, molla rejimi onun ölkəmizdə məskunlaşmasına imkan vermədi. Çünki bu rejim Çöhrəqanlınnı İranın qonşuluğunda yaşamasını Güney Azərbaycandakı milli-azadlıq hərəkatına təkanverici stimul olacağından çəkinirdi. Təkcə Çöhrəqanlı deyildi, rəsmi Tehran İranı tərk etməyə məcbur olan digər milli fəalların da Azərbaycandan çıxarılmasını tələb edirdi. Ermənistanla müharibə vəziyyətində olan Azərbaycan dövləti isə ikili münasibətlərə xələl gəlməməsi üçün İranın kaprizlərinə dözməyə məcbur idi. Bunun qarşılığında İran paytaxt Bakıda, Gəncə və Sumqayıtda, eləcə də bəzi şəhərətrafı qəsəbələrdə öz "inqilabçılar”ını təmərküzləşdirir, lazımi anda ölkəmizi qarışdırmaq üçün əlindən gələn hər şeyi edirdi.

Bu günlərdə İranın Araz qırağında keçirilən hərbi təlimlərdən, ölkəmizə və dünyaya "Arazı keçərik” mesajı verərək, hər an hərbi müdaxiləyə hazır olduğunu bildirməsindən sonra artıq Azərbaycan-İran münasibətləri yeni mərhələyə qədəm qoyub.
İndi Azərbaycan dövləti İranın qarşısından qaçmağı, onun bitib-tükənməyən şıltaqlıqlarının üstündən keçməyi düşünmür. Bu, əlbəttə, emosional ovqatla qəbul edilən bir qərar deyil, ölçülüb-biçilmiş siyasətin nəticəsidir. İrana qarşı 30 illik susqunluq istənilən nəticəni vermədi, İranın ölkəmizə qarşı aqressiyasını azaltmadı, məkrli planlarını pozmadı, əvvəl-axır bunun yerini uyğun siyasi kurs almalıydı. İndi Türkiyə, Pakistan, İsrail kimi qüdrətli dövlətlərlə yaxın müttəfiqlik əlaqələrinə malik olan Azərbaycanın İrandan qorxub-çəkinəcəyi bir şey yoxdur. Üstəlik, İranın özünün həm ərəb ölkələri ilə, həm qonşu türk respublikalarıyla, həm ABŞ başqa olmaqla Qərb dövlətləriylə, eləcə də İsraillə ciddi problemləri var.

Belə bir durumda "dəvədən yıxılsa da, höt-höt deməkdə davam edən” İranla münasibətləri aydınlaşdırmaq üçün ən optimal yol onun üstüaçıq yaralarının olduğunu nəzərə çatdırmaqdır. Belə yerlərdən biri dövlətsizlikdən, hüquqsuzluqdan əziyyət çəkən Güney Azərbaycan xalqının azadlıq mübarizəsidir. İstər İranın daxilində, istər ölkəmizdə, istərsə də Avopa ölkələrində yaşayan milyonlarla İran azərbaycanlısı molla rejiminin indiki siyasəti ilə xalqın ağ günə çıxmayacağının fərqindədirlər. Onlar çıxış yolu kimi Güney Azərbaycan Cümhuriyyətinin yaradılmasını görürlər.

Azərbaycan dövləti artıq bu ideyanı, bu ideya ilə yaşayan qüvvələri görməzliyə vurmaq fikrində deyil.
Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının baş katibi Bağdat Amreyevi qəbul edərkən dediyi sözlər aktual və ibrətamizdir. Həmin görüşdə Prezident belə deyib: "Azərbaycanda öz tərəfimizdən bizim təşkilatımıza daxil olan ölkələrin birliyini möhkəmləndirmək üçün hər şeyi edəcəyik, dünyanın müxtəlif ölkələrində yaşayan qardaşlarımızı, - on milyonlarla qan qardaşlarımızı, - dəstəkləyəcəyik. Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik”.

Bu, yuxarıda dediyimiz kimi, İran-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanması deməkdir.// Musavat.com
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ