
Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən vətəndaşların qəbulu elan edilib.
GunAz.az-a verilən məlumata görə, sənəd qəbulu mayın 15-dək Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində yerləşən ƏÜO-nun Təlim və Tədris Mərkəzində həyata keçirilir. Müraciətlər hər gün saat 09:00-dan 17:00-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) qəbul olunur.
“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul şərtlərinə əsasən, ən azı ümumi orta təhsilli, müddətli həqiqi hərbi xidmətini başa vurmuş və 35 yaşınadək hərbi vəzifəlilər müraciət edə bilərlər. Zabit, gizir və miçman hərbi rütbəsi olan şəxslər istisna edilir.
Bundan əlavə, ixtisasını dəyişmək və ya artırmaq istəyən, əvvəllər müddətdən artıq həqiqi hərbi xidmət keçmiş və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin müvafiq bəndlərinə əsasən (xidmət müddətinin başa çatması və ya ştat ixtisarı səbəbilə) ehtiyata buraxılmış 40 yaşınadək hərbi vəzifəlilər də kursa qəbul oluna bilərlər.
Namizədlərdən tələb olunan sənədlər sırasına kursa qəbul üçün ərizə, anket forması, tərcümeyi-hal, təhsil sənədinin surəti, doğum haqqında şəhadətnamə, yaşayış yeri və ailə tərkibi barədə arayış, şəxsiyyət vəsiqəsinin surəti, hərbi biletin notarial qaydada təsdiq olunmuş surəti, həmçinin psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən arayışlar daxildir. Eyni zamanda, əlavə ixtisas və bacarıqları təsdiq edən sənədlər, sürücülük vəsiqəsi (olduqda), nikah və ailə üzvlərinin sənədləri də təqdim edilməlidir. Namizədlərdən müxtəlif ölçülərdə fotoşəkillər də tələb olunur.
Qeyd olunub ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmış şəxslər, eləcə də məhkumluğu olan hərbi vəzifəlilər kursa müraciət edə bilməzlər.
Məlumata əsasən, hazırlıq kursunu uğurla başa vuran şəxslər Əlahiddə Ümumqoşun Ordunun ehtiyaclarına uyğun olaraq mövcud vakant vəzifələr üzrə xidmətə təyin ediləcəklər.






























