SON DƏQİQƏ

Ermənilər Heydər Əliyevdən çox qorxurdular

Tarix:

13-06-2020, 19:16

/ 4 488 dəfə oxundu.
Ermənilər Heydər Əliyevdən çox qorxurdular

Kamal Məmmədov: «Həmişə Heydər Əliyevin hansısa bir çıxışı olanda ermənilər mənə deyirdilər ki, həmin çıxışı tap bizə tərcümə et, görək o, nə deyir»

Qısa arayış: Məmmədov Kamal İbrahim oğlu 1935-ci ildə İrəvanda anadan olub. 1943-cü ildə orada orta məktəbə daxil olub və 1953-cü ildə bitirib. İrəvan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olub. 1959-cu ildə ali məktəbi bitirib və Əzizbəyov rayonu Köçbək kəndinə təyinat alaraq orada əmək fəaliyyətinə müəllim kimi başlayıb. Ermənistanda və Azərbaycanda yüksək vəzifələrdə çalışıb. Fəaliyyətinin son dönəmində isə Prezident Administrasiyasında qəbul şöbəsinin müdiri olub. 2008-ci ilin yanvar ayından təqaüdə çıxıb. Ailəlidir 1 oğlu, 2 qızı var.
 

- Bildiyimiz kimi Ermənistanın bu günkü yerləşdiyi ərazi Azərbaycanın qədim torpaqlarıdır. Bunu dəfələrlə prezident İlham Əliyev də çıxışında deyib ki, Ermənistanın yerləşdiyi ərazilər Azərbaycanın qədim torpaqlarıdır və biz dədə-baba torpaqlarımıza qayıdacağıq. Orada doğulub, boya-başa çatan insan kimi bu haqda nə deyə bilərsiniz?

Ermənilər Heydər Əliyevdən çox qorxurdular- Mən uşaq olanda həqiqətən İrəvanın özündə bir çox məhəllələr var idi ki, orada azərbaycanlılar yaşayırdı. Orada azərbaycanlı evləri həddindən artıq çox idi, tək-tək erməni ilə rastlaşardın. Stadionun yanında məhlələrdə hamısı azərbaycanlılar idi. Hansı tərəfə gedirdin azərbaycanlılarla rastlaşırdın. Belə olurdu ki, ermənilər küçədə futbol oynayırdılar, məhəllənin o başından azərbaycanlılar gələn kimi ermənilər oyunu yarımçıq qoyub qaçırdılar, qorxurdular. 

Orda iki məktəb fəaliyyət göstərirdi. Azərbaycanlı uşaqlar çox idi. Əzizbəyov və Axundov adına orta məktəblər vardı. Uşaqlar o qədər çox idilər ki, siniflərə yerləşmirdilər. Siniflərdə uşaq sayı 30-35 nəfərdən çox olurdu. Lakin sonradan ermənilər ki, başladılar azərbaycanlıları sıxışdırmağa, artıq bizi rəhbər vəzifələrə işə götürmürdülər, sıxışdırıb çıxarırdılar. Yavaş-yavaş azərbaycanlılar Azərbaycana üz tutmağa başladılar. Axırda elə oldu ki, təxminən 1988-ci ildə, köçə-köçdə orda heç 2 min azərbaycanlı qalmamışdı. 

İrəvanın əhalisinin 87 faizi azərbaycanlı olub. 1948-ci ildə erməniləri xaricdən gətirdilər. Ermənilər özləri danışırdılar ki, bizə xaricdə deyirdilər ki, orada küçələrdə toyuqlar yumurtalıyır. Bizi aldadıb gətirdilər. Bu həqiqət idi, doğrudan da erməniləri aldadıb gətirmişdilər Bu da hamısı daşnak Mikoyanın planları idi. 

1983-cü ildə mən rayon Partiya Komitəsində ideologiya katibi işləyəndə azərbaycanlılardan bir neçəsi gəldi yanıma ki, Kamal müəllim bizdən nəyəsə görə 4 manat pul yığırlar. Sonradan mənə aydın oldu ki, Qarabağ Komitəsi üçün azərbaycanlılardan gizlin pul yığılır.

1973-cü il idi. Anamın pasportunu almağa getmişdim. Pasportu alandan sonra dedim bir açım baxım görüm, ad-soyadını düz yazıblar? Birdən gözüm sataşdı, pasportun milliyət bölməsinə. Gördüm ki, anamın milliyətini erməni yazıblar. Mən öz iradımı bildirdim ki, babamın adı Rəhim, nənəmin adı isə Məsmə, niyə belə yazırsınız? Eləcə pasport dəyişilməz qaldı. Savadlı olduğumdan mən buna reaksiya verdim. Elə azərbaycanlılar var idi ki, heç xəbərləri də olmurdu. Bunu başa düşmürdülər və elə milliyəti erməni olaraq qalırdı. Sonradan nə qədər istəsələr də pasportu dəyişsinlər dəyişə bilmirdilər. Bunları etməkdə məqsədləri ermənilərin sayını artırmaq idi. Bu da sonradan çoxlarına problem yaradırdı, onlara erməni əsilli deyirdilər.

- Kamal müəllim İrəvanda azərbaycanlıların ali təhsil alması üçün şərait necə idi?

- 1953-cü ildə Ermənistanda Pedaqoji İnstitutda azərbaycanlı bölməsi açdılar. İki fakültə, riyaziyyat və dil-ədəbiyyat, bu fakültələr yetərli deyildi. Çox adam başqa ixtisaslar istəyirdi. Beləcə uşaqlar məcbur qalıb oxumaq üçün Azərbaycana üz tuturdular. Tələbələr oxuyub qurtarandan sonra qalıb Azərbaycanda işləyirdilər ki, valideynləri də məcbur olub köçüb gəlirdilər onların yanına. 

Məsələn, son dönəmlərdə Ermənistanda azərbaycanlıların cəmi 13-15 nəfəri vəzifədə idi. Heç bir nazirlikdə, idarədə azərbaycanlı görə bilməzdin. Çünki qəbul eləmirdilər. Azərbaycanlılar ya fəhlə işləyirdilər, ya da müəllim. Ondan başqa bir iş yox idi. İrəvanda Azərbaycan dilində ali məktəb də yox idi. Uşaqlar məktəbi bitirib məcbur olaraq ali məktəbdə təhsil almaq üçün Azərbaycana gəlirdilər. Beləliklə getdikcə ilbəil vəziyyətlə əlaqədar olaraq azərbaycanlılar məcburi Bakıya axışırdılar. 

- Sizcə burada məqsəd nə idi?

- Əlbəttə onlar planlı sürətdə bunları edirdilər. Bu iş plansız şəkildə ola bilməzdi. Oğlum Cavid İrəvanda instituta əla qiymətlərlə qəbul olmuşdu. 1-ci kursu qurtardı imtahan verməliydi ki, onu Azərbaycan institutlarına köçürsünlər. 1989-cu il idi. Artıq ordan köçürdük. Oğluma bilet aldım ki, sabah imtahanı verəndən sonra uçsun Bakıya. Elə oldu ki, dedilər imtahanın vaxtı dəyişib. Mən bileti qaytardım ki, imtahandan sonra gedər. Səhəri yaxın bir erməni mənə dedi ki, dünən təyyarədə iki azərbaycanlı getməli idi birini öldürüblər, amma o biri orda olmayıb. Bu da qismət imiş ki, mən bileti qaytarmışam.

- Deyirsiniz ki, oğlumun adı Caviddir, bu adı oğlunuza təsadüfən qoymusuz?

- Yox nə danışırsınız. Bu ad Hüseyn Cavidin adından götürülüb ki, bu da mənim arzum olub.

- Kamal müəllim uzun illər Ermənistanda yüksək vəzifədə işləmisiniz? Bu vəzifələrə təyinatınız necə olmuşdu?

- Mən İrəvanda Pedaqoji İnstitutun riyaziyyat fakültəsini bitirdim, Əzizbəyov rayonunun bir uzaq kəndi var idi. Orda məktəbdə bir il müəllim işləyərək, ikinci ili direktor işlədim. Çox balaca məktəb idi 7 illik, sonra 3-cü ili İrəvanda Təkmilləşdirmə İnstitutunda azərbaycanlı işləyirdi, onu Ermənistanda Təhlükəsizlik Komitəsində işə götürdülər, mən isə onun yerinə təyin olundum. Təkmilləşdirmə İnstitutunda azərbaycanlı məktəbləri üzrə metodist işlədim. Məsuliyyətli olduğumu nəzərə alıb 70-ci ildə elə şərait yarandı ki, Uluxanlı (Masis) rayon Partiya komitəsinə təlimatçı getdim. Bir neçə ay işlədikdən sonra məni göndərdilər Bakıya partiya məktəbində oxumağa. Ali Partiya Məktəbini oxuyub bitirdikdən sonra qayıtdım Rayon partiya komitəsində təlimatçı işlədim.

- Partiya məktəbinə getməyinizin təşəbbüskarı kim idi?

- Mənim özüm. Xahiş etdim, təşəbbüs göstərdim ki, getmək istəyirəm. Mənim rəhmətlik bacanağım var idi, Əli Həsənov. O, Ermənistanda Krasnoselski rayon komitəsində birinci katib işləyirdi. Sonra isə Ali Sovet sədrinin müavini vəzifəsində işlədi. Mən o vaxtı partiya məktəbini bitirərək Rayon komitəsində yenidən təlimatçı işləməyə başladım. Bir neçə ay təlimatçı işlədikdən sonra məni göndərdilər Uluxanlıda "Zəhmət” adlı Sovxoza direktor. Bir ildən artıq işlədikdən sonra ərizə verdim ki, işləmirəm. Çünki işləməyə imkan vermirdilər. Elə şeylər tələb edirdilər ki, o tələbləri yerinə yetirmək mənlik deyildi. Bunun üçün əl-əli yumalı idi ki, bu da mənlik deyildi. Mən həyatımda heç kəsdən pul almamışdım. Ona görə də ərizə yazdım çıxdım. Yenidən məni götürdülər rayon Partiya komitəsinə təlimatçı. 1-2 il işlədikdən sonra yenidən Sovxoza direktor göndərdilər. Çünki orada işlədiyim vaxt işimi çox yüksək səviyyədə görürdüm, yaxşı göstəricilərim oldu. Həmin il mənə rayon Partiya komitəsində katib vəzifəsini təklif etdilər və məni ideologiya üzrə 3-cü katib təyin etdilər. 1978-ci ildən 1983-cü ilə kimi rayon Partiya komitəsinin katibi işlədim. Nə qədər partiya təşkilatlarına sədr seçə bilmirdilərsə məni ora göndərirdilər. Gedərək onları başa salır, köməklik edir, işi qaydasına qoyub qayıdırdım. Sonra üçüncü və ikinci katibi çıxardılar. Amma məni bir addım da olsa belə irəli vəzifələrə aparmadılar. Moskvaya yazaraq məni ehtiyat kadr kimi göstərirdilər, yəni mən də varam. 

Sonra yeni birinci katib gəldi. Mən onu əvvəlcədən də tanıyırdım. O, Zori Balayanla yaxınlıq edirdi. Zori Balayan da bildiyimiz kimi azərbaycanlıların əleyhinə təhqiredici kitab yazırdı, azərbaycanlıları təhqir edirdi. Ona görə mən Ermənistan Mərkəzi Komitəsinə müraciət etdim ki, işləmək istəmirəm. Mənim iş yerimi dəyişin. Bununla əlaqədar Ermənistan Mərkəzi Komitəsinə gedərək işimin dəyişilməsini istədim. Məndən soruşdular: nəyə görə işini dəyişmək istəyirsən, sən yaxşı kadrsan. Mən cavab verərək bildirdim ki, əgər yaxşı kadramsa küçədən gəlməmişəm. Mənim işlədiyim yerdə 2-ci katib və əlavə bir katib yeri boşalıb, məni niyə ora təyin etmirlər? Yəqin ki, azərbaycanlı olduğuma görə məndən istifadə edərək müəyyən məsələləri həll etmək üçün mənim köməyimdən istifadə etmək istəyirdilər. 

Nəhayət ki, Mərkəzi Komitə də mənimlə razılaşaraq mənim iş yerimi dəyişərək, Nazirlər Kabinetinə məsləhətçi gətirdilər. Nazirlər Kabinetində Sovetlər şöbəsi var idi, orada məsləhətçi işlədim. Harda ki, azərbaycanlılar yaşayırdı, o kəndlərə məni təhkim edirdilər. Həmin bölgələrə gedib-gələrək azərbaycanlılarla söhbət edir, onların vəziyyəti ilə maraqlanırdım, çatışmazlıqları yazdığım arayışda qeyd etsəm də heç bir nəticəsi olmurdu. 

- Sovetlər dövründə siz orada yüksək vəzifələrdə işləmisiniz. Ümumiyyətlə azərbaycanlılara qarşı münasibət necə idi?

- Əlbəttə, pis idi. 24 aprel tarixində ermənilər azərbaycanlıların qəbirstanlığına girərək bir neçə qəbrin baş daşını uçurub dağıtmışdılar. 

- Bu hansı ildə idi?

- Bu 1983-cü ildə baş vermişdi. Şikayətlər əsasında Moskvadan bir qrup yoxlama gəlmişdi. Bunun da heç bir nəticəsi olmadı. Mənim yüksək vəzifədə işlədiyimi də nəzərə almadılar, məndən heç nə soruşmadılar. Çünki, ermənilər bunun qarşısını alırdılar. 

- Bu hadisənin heç bir nəticəsi olmadı?

- Nəticə bu oldu ki, bildirdiyim kimi birinci katibi dəyişdirərək, onun yerinə Daşnaksütyun partiyasının tərəfdarı Zori Balayanın dostunu gətirdilər. Bu hadisədən sonra mən işləmək istəmədiyimi bildirərək, işdən çıxdım. Ümumiyyətlə azərbaycanlılar olan kəndlərə sovxoz direktorları erməniləri təyin edirdilər. Bu isə bilərəkdən azərbaycanlıları sıxışdırmaq idi. Uluxanlı (Masis) rayonunda cəmi iki nəfər azərbaycanlı yüksək vəzifədə işləyirdi. Biri mən, biri isə icraiyyə komitəsində işləyirdi. Halbuki, rayon əhalisinin 33 faizindən çoxu azərbaycanlı idi. 

Mən Nazirlər Kabinetində işləyəndə Basarkeçər (Vardanes) mahalını respublika səviyyəsində şəhər təsdiq olunması haqqında Nazirlər Kabinetinə məktub göndərmişdilər. Bu məsələ ilə bağlı məni həmin rayona ezamiyyətə göndərdilər. O vaxtı həmin rayonda icraiyyə komitəsinin sədri azərbaycanlı idi. Mən onun otağına girərək həmin məktubla əlaqədar gəldiyimi bildirdim. O, isə rayonun birinci katibinə zəng edərək mənim Nazirlər Kabinetindən həmin məsələ ilə ezamiyyəyə gəldiyimi bildirərək, qəbul etməyini istədi. Biz birlikdə birinci katibin otağına daxil olduq (birinci katib mənim azərbaycanlı olmağımı bilmirdi). Həmin vaxt onun yanında əlavə iki katib var idi. Onlara bildirdi ki, siz azadsınız. 
Bizimlə söhbətində o, bildirdi ki, bilirsiniz, biz istəyirik ki, bu rayonda böyük zavodlar, fabriklər tikilsin. Ona görə ki, burda azərbaycanlılar çox yaşayır. O, kreslosunu göstərərək dedi ki, gələcəkdə bu məsələ həll olmalıdır. Halbuki, həmin rayonda 16 min azərbaycanlı, 11 min isə erməni yaşayırdı. Məqsəd burda ermənilərin sayını çoxaltmaq idi. Bu məsələ o vaxtkı Ermənistanın birinci katibi Dəmirçiyanın planı idi. 

Ermənilər Heydər Əliyevdən çox qorxurdularBu söhbətdən sonra mən kabinetdən çıxaraq heç kimə xəbər etmədən iş yerimə qayıtdım. Əgər xəbər etsəydim o, bilərdi ki, mən azərbaycanlıyam, məndən qabaq kimisə xəbərdar edə bilərdi. Gəlib şöbə müdirimə bunların hamısını danışdım, bildirdim ki, məni ələ salmısınız, bu oyunlar nədir belə? O, isə gülümsəyərək bildirdi ki, oldu, get özüm araşdıraram. Mənim əlimdən ancaq bu gəlirdi ki, mən xəbərdar edim, başqa heç nə əlimdən gələ bilmirdi və xəbərdar da etdim. Bax belə planlar çox idi. Məqsəd azərbaycanlıları sıxışdırmaq, vəzifələrdən uzaqlaşdırmaq idi. 

Mən işimin dəyişdirilməsi üçün Moskvaya müraciət etdim. Axır-axırda Ermənistanda baş verən hadisələrlə bağlı Moskvadan bir qrup nümayəndə gəlmişdi, məktubum əsasında məni qəbul etdilər. Məni dinləyərək soruşdular ki, şikayətin nədəndir. Mən bildirdim ki, Ermənistanda bu qədər azərbaycanlıların yaşadığı halda yüksək vəzifədə demək olar ki, azərbaycanlı yoxdur. Amma gedin Azərbaycana baxın, Binəqədi rayon Partiya Komitəsinin katibi erməni, icraiyyə komitələrinin sədrlərinin çoxu erməni, nazirliklərdə mühüm vəzifələri ermənilər tutur. Məni isə bir kadr kimi ehtiyatda saxlayırlar. Bu kadr nə vaxt öz yerini tutacaqdır. Əgər belədirsə mən köçüm gedim Azərbaycana, orada özümə bir iş taparam. Onlar gülümsəyərək get aydınlaşdıracağıq dedilər. 

Ermənistan torpağında bildiyimiz kimi türk adlı yaşayış əraziləri vardır. Onların adlarını deyə bilərsinizmi? Hansı ki, bu adlar indi dəyişdirilərək erməniləşdirilib. 

- Qəmərli-Ararat adı ilə, Uluxanlı-Masis adı ilə, Dərələyəz-Yexidnazor adı ilə və xırda çox adları dəyişdiriblər. 

- Bəs Azərbaycana gəlişiniz hansı ilə təsadüf edir?

- 1989-cu ilin dekabrın 31-də biz evimizi Bakı ilə dəyişərək Bakıya köçdük. Bir müddət işsiz qaldım, evdə heç kim işləmirdi, vəziyyətimiz çox ağır idi. Nazirlər Kabinetinə müraciət etdim və mənim əmək kitabçama baxaraq gördülər ki, həqiqətən də Ermənistanda bir kadr kimi püxtələşmişəm. Məni qaçqınlar şöbəsinə məsləhətçi götürdülər və orada işə başladım. Xalq Cəbhəsi hakimiyyətə gələndən sonra məni işdən çıxartdılar. Bundan sonra "Bakı poçt”da mühəndis kimi işə düzəldim. Orada bir neçə ay işlədikdən sonra Prezident Aparatına işlə bağlı müraciət etdim. O vaxtı Ulu öndər Heydər Əliyev Bakıya gəlmişdi, Milli Məclisin sədri idi. Məni Prezident Aparatına işə dəvət edərək qəbul şöbəsində məsləhətçi kimi işə qəbul etdilər. 

Nazirlər Kabinetində işləyəndə bir neçə partiya məni öz partiyalarında görmək istəyirdilər. Mən isə onlara bildirirdim ki, mən heç bir partiyaya üzv olmaq istəmirəm, yalnız Heydər Əliyev partiyası yaransa o partiyanın üzvü olacağam. Çünki Heydər Əliyev mənim idealım idi. O vaxtı Ermənistanda işləyəndə bilirdim ki, ermənilər ondan çox qorxur. Həmişə Heydər Əliyevin hansısa bir çıxışı olanda mənə deyirdilər ki, həmin çıxışı tap bizə tərcümə et ki, görək o, nə deyir. 
Mənim arzum olmuşdu ki, Heydər Əliyev komandasında işləyərək, onun gördüyü işlərə yaxından köməklik edim. Bu arzu mənə nəsib oldu. Hələ Heydər Əliyev Prezident Aparatına gəlməmiş mən orada avqustun 26-sı 1993-cü ildə qəbul şöbəsinə məsləhətçi kimi qəbul oldum. Sonradan isə Ulu Öndərin dövründə qəbul şöbəsinin müdiri vəzifəsinə təyin olundum. Həmişə qəbula gələnlərə deyirdim ki, bəxtimiz orda gətirib ki, Heydər Əliyev Azərbaycana yenidən rəhbər kimi qayıtdı. Yoxsa Azərbaycanın aqibəti çox pis olardı. 

- Kamal müəllim, Heydər Əliyevin Azərbaycana gəlişi bizə nələri bəxş etdi?

- Heydər Əliyevin hakimiyyətə gəlişi bu xalqa çox şey bəxş etdi. Birinci olaraq Ulu Öndər Azərbaycandan getməsəydi bu hadisələr heç vaxt baş verməzdi. Yenidən onun hakimiyyətə gəlməsi Azərbaycanı çox hadisələrdən xilas etdi. Ulu Öndər hakimiyyətə gələndə bizim ailəmiz çox sevinirdi. Hətta onun hakimiyyətə gəlməsi şərəfinə xırda bir yığıncaq da təşkil etdik. 

Qəbul şöbəsinə yüzlərlə insan gəlirdi. Mən elə edirdim ki, heç kim ordan narazı getməsin. Çünki hər bir insanın narazı getməsi o ağır dövrlərdə Heydər Əliyevə ağır zərbə idi. 

1993-cü il çox ağır il idi, Azərbaycanın əyalətlərə bölünməsinin qarşısını almaq xalq tərəfindən yenicə hakimiyyətə gəlmiş bir insan üçün nə qədər çətin olduğunu bilirdim. Əgər Heydər Əliyev olmasaydı bu çətin işlərin öhdəsindən gələcək ikinci rəhbər yox idi. Qısa bir dövrdə bir neçə rayonun ermənilər tərəfindən işğal olunması Prezidentə ağır zərbə idi. Amma Ulu Öndər bu işğalların qarşısını ala bildi. Əks təqdirdə bu işğallar daha da geniş miqyas ala bilərdi. Vətən xainlərinin bu işğalda rolu çox böyük oldu. Ulu Öndərin layiqli davamçısı Prezidentimiz cənab İlham Əliyev o vaxtı neft şirkətində işləyirdi. Mən öz-özümə həmişə düşünürdüm ki, onun yeri baş nazir olmaqdır. Çünki Heydər Əliyev siyasətini onun kimi davam etdirən ikinci bir şəxs ola bilməzdi. Çox şükür ki, arzularım çin oldu, hal-hazırda cənab İlham Əliyev Azərbaycanımızın layiqli prezidentidir. 

Ümumiyyətlə xaricdə və ya hansısa görüşdə cənab İlham Əliyev çıxış edən zaman onunla fəxr edirəm ki, belə düşüncəli, bilikli rəhbərimiz var. Ar olsun o adamlara ki, bunu başa düşmür. 

- Həyat yoldaşınız eşitdiyimizə görə İrəvanda tanınmış diktor kimi fəaliyyət göstərib, bu düzdür?Ermənilər Heydər Əliyevdən çox qorxurdular

- Bəli, həyat yoldaşım 1938-ci ildə İrəvanda anadan olub. Axundov adına İnstitutun dil-ədəbiyyat fakültəsini bitirərək mənimlə birgə müəllim işləyib. Sonralar isə İrəvanda həm müəllimə, həm də Ermənistan radiosunun Azərbaycan bölməsində diktor vəzifəsində çalışıb. 

Düz deyirsiniz o məndən tanınmış olub. Çünki onun səsini bütün xalqımız hər gün eşidirdi (gülür).

Kamal müəllim əldə etdiyim məlumata görə, iyunun 4-də sizin doğum gününüz, yubileyiniz, 85 yaşınız tamam olub.

- Bəli.

- Onda fürsətdən istifadə edərək yubileyiniz münasibətilə sizi redaksiyamızın kollektivi adından təbrik edir, can sağlığı arzulayır, dövlətçiliyimiz yolunda əhəmiyyətli işlərinizə, fədakarlığınıza görə sizə təşəkkürümüzü bildiririk.

Bilman İSAQ

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ