Deməsi məndən, adını qoyması sizdən

Təhmasib Novruzov

Son vaxtlar bir-birinə bənzər çoxsaylı telefon zənglərinə cavab verməli olmuşam. Ədalət naminə deyim ki, zəng edənlərin heç biri etik normalar çərçivəsindən çıxmır, sadəcə, məni qınaq obyektinə çevirərək bəzi-bəzi cəbhəçilə bağlı verdiyim açıqlamalardan narahat olduqlarını bildirir və məni belə yazılara son qoymağa dəvət edirlər. Həm də məni inandırmağa çalışırlar ki, onlar (yəni cəbhəçilər) daha demokratik və daha ədalətli dövlət idarəçiliyi nümayiş etdirirmişlər.

Mən də bu adlarını bildirməyən "köhnə cəbhəçi dostlarım"ın dediklərinə toplum bir cavab verməyi daha münasib saydım. Əminəm ki, onlar kimi düşünən adamlar, nə yazıqlar ki, cəmiyyətimizdə hələ də var. Bəzən dövlət və dövlətçilik anlayışının əsl mahiyyətini anlamağa belə çətinlik çəkənlər adama dövlətçilik dərsi vermək istəyirlər. Sən demə, əsl demokratik dövlət o imiş ki, heç kəs məsuliyyətinin fərqinə varmasın, tutduğu vəzifədən asılı olmayaraq, hamı ilə sadə və çayxana dostları kimi rəftar eləsin, belədə dövlət özü idarə olunacaqmış! Yox, atam, sizlərin dediyi dövlətçilik təfəkkürü nağıllarda deyilənlərdir. Cəmiyyət isə nağıllarla idarə olunmur, cəmiyyətin və dövlətin idarə olunması real həyata, təkcə ölkə daxilində deyil, dünyada gedən labirintləşdirilmiş situasiyalara adekvat idarəçiliyə əsaslanır. Belə olmasa, ölkə elə dərin quyuya salınar ki (1992-1993-də olduğu kimi), ordan çıxmağa əsrlərlə zaman lazım olar.

Mən 1988-ci ildə Qarabağda erməni məkrinə qarşı təşkilatlanmaq ideyasının təşəbbüskarı olmuşam. Yəni zəng vuranların dediyi kimi, AXC hakimiyyəti süquta uğrayandan (Oxu: hakimiyyəti qoyub qaçandan) sonra deyil, hakimiyyətə gəlməzdən əvvəl dəfələrlə bu qurumu yanlış istiqamətə yönəldənlərlə savaşmışam. Bunu təsdiq edən kifayət qədər video-lentlər, mətbu yazılar bu gün də arxivimdədir. Bir sözlə, mən "köhnə dostlar"ımı iflasa uğrayandan sonra yox, hakimiyyətə gəlməzdən əvvəl də, hakimiyyətdə olduqları zaman da dəfələrlə yanlış fəaliyyətlərinə görə tənqid etmişəm. Təəssüflər olsun ki, saqqalım olmadığından, sözüm ötmədi. Ya da onları idarə edən gözəgörünməz qüvvələr mənim saqqalımı görmələrinə icazə vermədilər. Nəticə də göz qabağında oldu. İndi mən bu məxluqların dövlət idarəçiliyindəki yanlışlıqlarından bir nümunə gətirəcəm. Belə nümunələrdən minlərlə sadalamaq olar. Amma düşünürəm ki, elə gətirəcəyim bir nümunə o insanların ölkəni hansı səviyyədə idarə etdikləri barədə gərəkli təsəvvür yaradacaq.

1992-ci ilin noyabr ayında o zamankı Respublika Sarayında AXC-nin 3-cü qurultayı keçirilirdi. Cəbhədə gərgin döyüşlər getdiyi bir zamanda, qurultaya üç həmsədr seçildi: Ölkənin prezidenti, o zamankı ali baş komandan Əbülfəz Elçibəy, Ali Sovetin sədri İsa Qəmbər və Müdafiə Naziri Rəhim Qazıyev. Qurultaya mən də qonaq kimi dəvət olunmuşdum. Fasilədə ölkənin müdafiə naziri Rəhim Qazıyev foyedə məni görüb, əsəbi tərzdə dedi:

- Burda nə gəzirsən, ermənilər Mərziliyə hücum ediblər?!.

Məncə, bu faktın izaha ehtiyacı yoxdu. Erməni hücum edib, müdafiə naziri sıravi vətəndaşı qınayır ki, niyə burdasan! Özü isə ali baş komandan və ölkənin ikinci şəxsi ilə birgə səhnəyə qayıdıb, qurultaya sədrlik edir...

Bilmirəm, bunu səriştəsizlik adlandıraq, bacarıqsızlıq, yoxsa xəyanət?!. Mən dedim, adını siz qoyun.

 

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]