Aqil ABBAS: ELMAR MÜƏLLİMİN «KREATİV» SÖZÜ LƏZZƏT ELƏDİ

ATƏT-in Minsk qrupu balıq sümüyü olub keçiblər xirtdəyimizə, nə uda bilirik, nə də çıxara bilirik. Gəlib buralarda sümsünüb-sülənib, yeyib-içib getməkdən başqa əllərindən-filan yerlərindən bir iş gəlmir. Əslində bu Minsk qrupunu ABŞ və Avropa dövlətləri sümsünüb-sülənmək üçün yaradıb ki, Qarabağın işğaldan azad olunmasının qarşısını alsınlar. Və düz 26 ildir ki, istəklərinə nail olublar.

Bir monitorinq qrupları da var, həftə səkkiz- mən doqquz kişiciklər gəlib təmas xəttində baxırlar ki, görsünlər Azərbaycan ordusu iki addım qabağa getməyib ki? Ayrı bir məqsədləri yoxdu. Bir məqsədləri də bizim dislokasiyanı öyrənib ermənilərə verməkdi.

İndi də Elmar Məmmədyarovla Nalbandyanın deyəsən, Polşanın Krakov şəhərində (o qədər tez-tez ayrı-ayrı şəhərlərdə görüşürlər ki, həmin şəhərlərin adları nəinki adamın yaddaşında, heç kompüterin də yaddaşında qalmır. Bir gün kompüterlər yorulub cızz eləyib yanacaq) görüşündən sonra belə bir məsələ ortaya atıblar ki, müşahidəçilərin sayını artırsınlar.

Bizim yük maşını sürən bir əmioğlu Ağcabədidən kəndə gəlirmiş. Fikirləşir ki, səmtinə iki adam düşsəydi iki manat pul eləyərdi, qənddən-çaydan alardı. Bazarın yanından keçəndə görür ki, bir əmioğlusu əl eləyir. Dilxor-dilxor əmioğlusunu götürür, deyir cəhənnəm, iki manat olmasın, bir manat olsun, qəndin-pulu düzələr. Heç bir 300 metr getməmiş görür bir əmioğlusu da yolun kənarında durub və ona əl eləyir. Dilxor olub deyir:

- Bir gədə də çıxdı ey.

O, bir az sərt deyib, mən yumşaq yazdım.

İndi sülənənlərin sayı guya çox azıydı, bir Kamaz da çıxdı.

Məsələ belədi. Biz əvvəlcə ATƏT-in Minsk qrupu ilə cəngə çıxıb Azərbaycanı onlardan azad etməliyik, sonra Ermənistanla başarmaq çox asandı. Apreldə də bunu onlara göstərdik. Sülənənlər qarışmasaydı, bəlkə də iki-üç rayonumuzu azad etmişdik.

Amma Elmar Məmmədyarovla Nalbandyanın sonuncu görüşündə bir şey çox xoşuma gəldi, Elmar Məmmədyarovun «kreativ» sözü. 26 ildir ki, danışıqlar «kreativ»siziymiş, indən belə «kreativ»li olacaq.

Bilmirəm, AMEA-nın Dilçilik İnstitutu hörmətli Elmar müəllimin dilimizə töhfə kimi bəxş etdiyi «kreativ» sözünü yeni Orfoqrafiya lüğətinə salacaq, ya yox? Salsa yaxşıdı, dilimiz zənginləşər.

скачать dle 10.6фильмы бесплатно
Video