SON DƏQİQƏ

Bankların faizlərinə əncam çəkilməlidir

Tarix:

5-10-2017, 13:05

/ 2 037 dəfə oxundu.
Bankların  faizlərinə  əncam çəkilməlidir

 

 2014-cü ildə dollarla kredit götürmüş insanların problemləri hələ də öz həllini tapmayıb.

Milli Məclisin oktyabrın 2-də keçirilmiş növbəti iclasında bu məsələ təkrar qaldırılsa da, yenə də sükunət hökm sürür. Sadə, imkansız vətəndaşların vəziyyəti nəzərə alınmır, bank işçiləri isə borcluları məhkəmələrə sürükləyir və hədə-qorxu gəlirlər.

Milli Məclisdə deputatların səsləndirdikləri fikirləri əlaqədar qurumların rəhbərlərinin nəzərinə çatdırırıq.

Deputat Çingiz Qənizadə bahalaşma ilə bağlı seçicilərinin narahatlığını çatdıraraq dedi:

“Mən vaxtaşırı seçicilərimlə görüşürəm. Onları narahat edən məsələləri diqqətinizə çatdırıram: banklardakı problemlə bağlı narahatlıq var, faiz dərəcələri aşağı salınmalıdır. Niyə ölkəmizdə istehsal olunan malların qiyməti xaricdən gətirilən mallardan bahadır? Ərzaq bazarındakı bahalaşmanın absurd olduğunu vurğulayan deputat bildirdi: “8 aydır manatın dəyəri xarici valyutaya nisbətən 4 faiz möhkəmlənib. Nəyə görə yağın bir  kiloqramı 12 manatdan 18 manata qalxıb. Kimsə pul qazanmaq istəyirsə, halal pulla qazansın, əhalidə narazılıq yaratmasın! Eyni zamanda ətin (və digər məhsulların da - R.İ.) qiyməti qalxıb. Mən İqtisadiyyat Nazirliyinə, digər qurumlara müraciət edirəm, qiymətlərə nəzarət olunsun”.

Spiker Oqtay Əsədov deputatın çıxışına “Çingiz müəllim, qiymət qaldıran sahibkarlar başqa ölkədən gəlmiş kəşfiyyatçılar deyil ki, onlar da bizim vətəndaşlardır” deyə ümumi cavab verib.

Əgər Milli Məclisdə qaldırılan ciddi məsələlər qulaqardına vurulursa, bankların faiz dərəcələrini azaltmaq haqda deputatların, vətəndaşların, seçicilərin müraciətinə biganə yanaşılırsa, onda Milli Məclis nəyə lazımdır?

Axı millət vəkillərini xalq seçib. Əgər deputatın sözünə məhəl qoyulmursa, bu şou nəyə lazımdır?

Deputat Əli Məsimli isə diqqəti bank sahəsindəki problemlərə çəkərək vurğuladı ki, Azərbaycanda hər dörd nəfərdən biri banklara borcludur, problemli kreditlər iki dəfədən də çox artıb, təhlükəli həddə çatıb. Dünyanın heç yerində borcu olanı həbs etmirlər. Kimsə borcunu ödəyə bilmirsə, onu həbs etmək yox, borcu bağışlanması daha düzgün yoldur. Sivil dünyada bu belədir, borca görə vətəndaşı həbs etmirlər. Bu, dollar kreditləri olanlara məzənnə güzəştlərinin tətbiqinə də yol açacaq. Bütün bunların müqabilində dövlət banklara birbaşa və dolayısı ilə yardım edə bilər”.

Dəfələrlə seçicilərinin haqlı tələbini Milli Məclisdə qabardan deputat Vahid Əhmədov da bank sistemindəki durumdan danışdı: “Maliyyə bazarlarına Nəzarət Palatası yaradılanda biz hesab edirdik ki, vəziyyət yaxşılığa doğru dəyişəcək. Amma çox təəssüflər, biz bunun əksinin şahidi olduq. Keçən il vaxtı keçmiş kreditlər 1,6 milyard manat idisə, artıq 1,8 milyard manatı keçib. Bank sistemindəki problemlər Azərbaycan iqtisadiyyatının inkişafını əngəlləyir. Ona görə də təklif edirəm ki, bank sistemi rəhbərliyi ilə Milli Məclisdə görüş keçirilsin.

Cənab sədr, mən xahiş edirəm, keçən sessiyada da bu barədə təkliflər vermişdim, birgə müzakirələrə və çıxış yolunun axtarılmasına ehtiyac var. Bu gün bank sistemində faizlər 28-30 faizdən aşağı düşmür”.

Əhalidə banklara inam daha da azalıb.

2014-cü ildə bank işçilərinə gizli xəbərdarlıq edilmişdi ki, əhaliyə krediti dollarla verin, dollar qalxacaq. Deməli, banklar əhalini 28-30 faiz kreditə cəlb etməklə dollarla qəsdən vətəndaşlara zərbə vurmuşlar. Yəqin ki, bu məsələ də araşdırılar. İndiyə qədər dollar kreditləri üzrə hələ də heç bir qərar yoxdur və ya qəbul edilməyib.

Bəzi banklar çox cüzi güzəştlər etsə də, 170 manat təqaüd alan vətəndaş dolların kursu 78 manat olanda banklardan götürdüyü kredit borcunu indiki bahacıllıqla necə ödəsin?

Dövlət təcili və ciddi proqram hazırlamalıdır. Vətəndaşların, əlillərin, aztəminatlı ailələrin vəziyyəti nəzərə alınmalıdır.

Dövlət vicdanlı vətəndaşlardan ibarət komissiya yaratmalıdır. Həmin komissiya banklarda yoxlama aparmalıdır ki, problemli kreditlərin əksəriyyəti hara gedir?

İqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənovun bu məsələ ilə bağlı fikri olduqca düşündürücüdür: “Dövlət hələ də banklarda yoxlama aparıb müəyyən etməyib ki, problemli kreditlərin əksəriyyəti hara gedib. Məsələn, müflisləşmiş ən iri bankın - “Bank Standart”ın timsalında biz əyani görürük ki, problemli kreditlərin yalnız cüzi hissəsi vicdanlı borclularla bağlıdır. Əksər hissəsi bank rəhbərlərinin və Mərkəzi Bankın sövdələşməsi nəticəsində, sadəcə, bankdan kredit adı ilə çıxarılıb. Nəticədə minlərlə bank əmanətçisinin pulu bankda ilişib qalıb.

Onlara kömək edən də yoxdur. Amma bankların özü vicdanlı müştərilərə kredit verəndə və sonuncular obyektiv səbəbdən pulu qaytara bilmədikdə, başlarına oyun açılır. Bütün bunlar bank sistemimizin ədalətsiz və qeyri-şəffaflığından xəbər verir. Belə getsə, böhran daha da dərinləşəcək”.

Onu da qeyd edək ki, son ildə bir çox mədəniyyət ocaqlarının, mərkəzlərin birləşdirilərək insanların ixtisar olunma halları həddi aşıb.

Kredit borcu olan vətəndaşlar ağır duruma salınıb. Bahacıllıq həddini aşıb. Nəzarətsizlik hökm sürür. Borclu ailələrdə boşanma halları, psixoloji gərginliklər, ailə münaqişələri, stress və digər əsəb xəstəliklərinin sayı həddindən artıq çoxalıb. Hələ saxta keyfiyyətsiz dərmanları, pulagir, savabsız həkimləri demirəm.

Prezidentimiz dollarla kredit götürmüş vətəndaşlarına sahib çıxmalıdır. Ümid edirik ki, bu məsələ təcili həllini tapmalı, vətəndaşlar dövlətimizin ətrafında daha sıx birləşməklə Qarabağımıza sahib çıxmalıyıq.

 R.İlyasoğlu

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ