SON DƏQİQƏ

Təbrizli İSTEDAD

Tarix:

27-07-2020, 19:53

/ 3 322 dəfə oxundu.
Təbrizli İSTEDAD

Mən onunla qardaşım Rafətin vasitəsi ilə tanış olmuşam. Daha doğrusu qardaşım Rafət keçənil Təbrizdə olanda Xosrov bəyin atası Səmədağa kişi ilə tanış olub və deyib ki, yazışı-rejissor Ağalar İdrisoğlu mənim böyük qardaşımdır. Və mənim Sadıq Murtuzayevlə birlikdə yazdığım "İmam Şamil” kitabını da ona hədiyyə edib. Xosrovun atası Səmədağa kişi də deyib ki, "mənim oğlum da yazardır. Cavan olmasına baxmayaraq, İranda tanınır, sevilir”. Atası bizim yazdığımız kitabı Xosrov bəyə verib. Beləliklə, bizim Xosrov Barışanla keçən ildən tanışlığımız başlayıb. O, "İmam Şamil” kitabını artıq əski əlifbaya çevirib və Azərbaycan türkcəsində Təbrizdə çap etməyi planlaşdırır. Həddindən artıq təvazökar insan olan Xosrov bəylə yazışmalarımızda mən də onun şeirlərini göndərməyi və bu şeirlərlə tanış olmağımı, həmin şeirləri Azərbaycan mətbuatında çap etdirməyimi desəm də o, təvazökarlıq eləyib, öz şeirlərini göndərmək istəmirdi. Axır ki, mən onu inandırandan sonra şeirlərini göndərdi. Oxudum. Açığı cəmi 37 yaşı olan cavan şairin belə maraqlı, dərin fəlsəfi, yüksək sözaltı mənaları olan, bədii cəhətdən çox peşəkar şeirləri olduğunu gördükdə Xosrov Barışana qarşı sevgim, istəyin çox artdı. Və belə qərara gəldim ki, onun yaradıcılığı ilə çoxminli oxucularımızı da yaxından tanış eləyim. Amma ilk öncə onun haqqında qısa məlumat yazıram ki, oxucular Cənubi Azərbaycanda yaşayan belə istedadlı eloğlumuzla daha yaxından tanış olsunlar.Təbrizli İSTEDAD

Qısa arayış: Xosrov Barışan 29 yanvar 1983- cü ildə Təbriz şəhərində dünyaya göz açdı. O, orta və lisey məktəblərini Təbriz şəhrində başa yetirib diplom alıb. Sonra Şəbistər Universitesinin dampərvəri (Heyvandarlıq) mühəndisliyi bölümünə qəbul olunub və burada təhsil alıb. Atası Səmədağa kişinin dediklərindən öyrəndik ki, Xosrov uşaqlıq çağlarından şeirə və kitab oxumağa maraqlıydı. Belə ki, digər uşaqlar kimi gününü oynamaqla yox, rəsm əsərləri çəkmək və kitab oxumaqla keçirirdi. Xosrov ilk şeirlərini elə orta məktəbdə oxuyarkən yazmağa başlayıb. Amma bu şeirlər sözün əsl anlamında şeir yox bəlkə şeir yazmağa bir istək idi. Məhz ona görə də Xosrov həmin şeirləri hələ də çap etdirməyib. Sonralar, 18 yaşlarındaykən yəni liseyin son sınıfı illərində təkrar şeir yazmağa başlayar. Elə o illərdən də Xosrov Barışan şeir yazmağa bir ciddi iş kimi yanaşır. Bax elə həmin illərdən də şeirlər yazmaq onun ən önəmli və peşəkar işinə çevrilir. 19 yaşlarında Xosrov Barışan Təbrizdə qurulan Çağdaş yazarlar dərnəyinin rəhbəri olur. Türk yazarları üçün qurulan bu dərnəkdə cavan şairlərin yetişməsində o, çalışqan bir rəhbər kimi iştirak edir. Bununla birlikdə Xosrov Barışan Təbrizin Qızıl Aypara Cəmiətinin də yazarlar dərnəyində iştirak edir. O, Universitetə girdikdən sonra isə Şəbistər şəhərinin Şeyx Mahmıd şəbistərli adlı yazarlar (yazınsal) dərnəyinin də çalışqan bir rəhbəri olur və onun tərəfindən bu rəhbərlik indi də davam etməkdədir. O, Şəbistar Universitetində oxuyan illərdə Aşina adlı derginin ədəbi başyazarlığını da üstələyir. Ayrica şeir özəl sayısı dərgisinin (şəm-i xəyal adlı) başyazarlığı da ona tapşırılır. Xosrov Barışanın ilk şeir toplusu- "Yağış Saniyəsi”kitabı da elə həmin dövrdə nəşr olunur. Həmin illərdə Təbrizdə keçirilən "Qızıl Alma” şeir yarışmasında Xosrov Barışan qalib ödülünə layiq görülür. O, bir ara Təbrizin Ərk qəzeti ilə işləməyə başlayar və şeirləri, yazıları bu qəzetdə sürəkli olaraq yayınlanar. Universiteti bitirib ali təhsil diplomu aldıqdan sonra o, əsgərliyə gedir. 20 ay əsgərlik dönəmini Tehran, İsfahan və Təbriz şəhərlərində keçirir. Əsgərlik illərində onun yaratdığı Çağdaş dərnəyi qapadılandan sonra bir neçə yazarla birlikdə Əsin adlı ədəbi dərnəyi qurur, amma sonralar bu dərnəkdən bəzi səbəblərə görə istefa verər. Əsgərliyi bitirdikdən sonra Təbrizdə keçirilən- Xətt-i sevvom adlı uluslar arası şeir yarışmasında Xosrov bəy birincilər ödülünə layiq görülər. Sonra Şəms ədəbi dərnəyinin rəhbəri olub ədəbi oturumlarında iştirak edir. Bu arada Aftab-i Azərbaycan dərgisiylə də işbirliyi qurur və yazıları orada da çap olunur. 2013 və 2014-cü illərdə Təbriz ədəbi ödülü festivalında şeirləri ilə çıxış edir və mükafata layiq görülür. O, Araz dərnəyinin oturumlarında hərdən-bir iştirak edir. Xosrov Barışan "YAŞAR QƏLƏM TƏBRİZ” adlı yaradıcı təşkilatın qurucusudur və həm də bu qurumun müdiri olaraq kitab nəşri işiylə də ciddi məşğul olur.

Xosrov bəy, özünün təxəllüs adını Barışan seçib. Bu ad öz soy adının (Solh Konəndə) Türkcə anlamıdır. Xosrov Barışan şeirlər yazmaqla birlikdə, maraqlı həkayələr də yazır. Onun şeirləri, hekayələri İranda, Azərbaycanda, Türkiyədə, İraqda, Kanadada və başqa ölkələrin muxtəlif dərgi və saytalarında mütəmadi olaraq, çap olunur.

Cəmi 37 yaşı olan və böyük istedad sahibi, eloğlumuz Xosrov Barışan bu vaxta qədər İran İslam Respublikasında və bir neçə xarici ölkələrdə belə mötəbər təşkilatların ödüllərini alıb.

1. Xətt-i sevvom yarışmasında üstünlər ödülü.

2. "Qızıl alma” şeir yarışması, birinci ödüllər.

3.Təbriz ədəbi ödülü yarışmasında təqdir ödülü (2013).

4.Təbriz ədəbi ödülü yarışmasında təqdir ödülü (2014).

5. "Anamın yaylığı” Folkolor uşaq nağılları ödülü.

6. 2017-ci ildə Bakıda Səməd Behrəngi ödülü.

7. Qıbrıs Türk Cumhuriyətində geçirilən şeir yarışmasının birincilər ödülü (2019)

Hələ ki, ömrünün şaqraq illərini yaşayan Xosrov Barışanı qarşıda çoxlu ödüllər, mükafatlar gözlədiyinə biz də çox inanırıq.

Bu vaxta qədər də onun "Yağış saniyəsi "(şeir toplusu), "Mən sənə məcburam” (Attila ilhandan Azərbaycan Türkcəsinə uyğunlaşdırma), "Dünyamız danışanda” (Uşaq şeirləri toplusu), "Dovşan” (Uşaq şeirləri toplusu), "Gözəl quşum” (Uşaq şeirləri toplusu), "Balta sapı” (Uşaqlar üçün həkayə), "İçdim Təbrizin işıqlarını” (şeirlər toplusu), "Məni hörən düşüncə” (şeirlər toplusu), ” Xəyyamdan Türkcəyə çevirmələr kitabında bir neçə rübayi”, "Bütün yağışlar darıxır” (Şeirlər toplusu), " Balaca qara balıq” (Farscadan Türkcəyə çevirililən -Səməd Behrəngidən nağıl), "Şu dağlarda qar olsaydım” ( Anadolu Türkcəsindən Azərbaycan Türkcəsinə uyğunlaşdırma- YusufHayaloğlu şeirləri), "Ulduz ilə qarğalar " (Farscadan Türkcəyə çevirilən -Səməd Behrəngidən nağıl).

Ümumilikdə 13 kitabı oxucuların ixtiyarına verilən Xosrov Barışanla biz də çoxminli oxucularımızı onun bir neçə şeirləri ilə yaxından tanış etmək istəyirik. İnanırıq ki, Cənubi Azərbaycanda yaçayan belə istedadlı eloğlumuzun "Doğma yurddan, doğma yurda ərmağan” adlı şeirləri çoxminli oxucularımzın xoşuna gələcək.

 

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

 

 

Doğma yurddan, doğma yurda ərmağan.

XOSROV BARIŞAN

 

AĞILLILAR ŞƏHƏRİ

Ağıllılar şəhərində

Nə gördüm dərddən savayı?

Hər cürə adam doğulur,

Yaşayır, mərddən savayı!

 

Buludlarından qəm yağır.

Yüküm tən gücümdən ağır!

Çarasız, məcbur insanlar

Baxır mənə fağır-fağır..!

 

Yağışda yuyunan bu şəhər

Dumanlar şəhridir yəqin;

Sənsizlik geyinib şəhər

Ah çəkməksə nə qədr çətin!

 

Bu şəhrin vitrinlərində

Mankən düzülüb yan-yana!

Ruhumuza hökm edirlər;

Acıq verirlər insana!

 

Bu şəhərin göylərində

Sənin göyərçin əllərin,
Öyrədir mənə uçmağı

Deyir: "-Ölümdən qaç gilən

Tap yaşamaq dəlillərin.”

 

Tablo dolu bu şəhərdə

Tanrım niyə yol azıram?!,

Yenə səni yamsılıram;

Oturub şeir yazıram.

 

Bir dərvişəm, yol gedirəm;

Mənim kəşkülümdür şeir.

Kəşkülüm deyil incidən,

Özüm özümü incidir.

 

Şair, ışıq qaçaqçısı...

Bu şəhrin duvarlarına

Qaranlıqlar dırmaşırlar!

Gecə geyimli adamlar,

Şair, kölgəndə yaşırlar!

 

Bu şuluq şəhərdə yalnız

Kitab içində itirəm!

Kimsə məni tapmır, qanmır!

Özüm özümə yetirəm.

 

Bu böyüklükdə şəhərdə

Cismim ruhuma dar gəlir.

Fikrim bütün qabar çalır;

Dərdsizlər dərdlini əlir!

 

Göydələnlər şəhərində

Gücsüzü əy, gücə əyil.

Şair olmasam, bilirəm

Yaşamaq çox çətin deyil.

 

Bu haylı, trafik şəhərdə

Çatanmır sevən sevənə;

Yoxsa aracları daşqa?!

Hər zadı mən yarımçılıq

Yaşadım, qorxudan başqa!

 

Ağıllılar şəhərində

Əslində mən bir dəliyəm.

Ağıllı rolun oynuram,

Şeirlərin mən veliyəm.

 

Axşam olan bu şəhərdə

Adamlar deyil qayıdan,

Yalqızlıqdır, yazıqlıqdır

Dörd düvarını ayıdan,

Ev dediyinə qayıdan!

 

Bu şəhrin küçələrində

Nə gəzir dərddən savayı?!

Bütün adamlar satılır,
Ölür, namərddən savayı!

 

1397\11\2

 

«عاغیللیلار شه­هری»

عاغیللیلار شه­هرینده

نه گؤردوم درددن ساوایی؟

هر جوره آدام دوْغولور،

یاشاییر، مرددن ساوایی!

بوُلودلاریندان غم یاغیر.

یوکوم تن گوجومدن آغیر!

چاراسیز، مجبوُر اینسانلار

باخیر منه فاغیر-فاغیر..!

یاغیشدا یوُیونان بوُ شهر

دوُمانلار شهری­دیر یقین؛

سنسیزلیک گئیینیب شه­هر

آه چکمک­ نه قه­در چتین!

بوُ شهرین ویترینلرینده

مانکن دوزولوب یان-یانا!

روُحوموزا حؤکم ائدیرلر؛

آجیق وئریرلر اینسانا!

بوُ شه­هرین گؤیلرینده

سنین گؤیرچین اَل­لرین،

اؤیره‌دیر منه اوُچماغی،

دئییر: "ـاؤلومدن قاچ­گیلن

تاپ یاشاماق دلیل­لرین."

تابلوْ دوْلو بوُ شه­هرده

تانریم نییه یوْل آزیرام؟!،

یئنه سنی یامسیلیرام؛

اوْتوروب شئعیر یازیرام.

بیر درویشم، یوْل گئدیرم؛

منیم کشکولوم­دور شئعیر.

کشکولوم دئییل اینجیدن،

اؤزوم اؤزومو اینجیدیر.

شاعیر، ایشیق قاچاقچیسی...

بوُ شهرین دوُوارلارینا

قارانلیقلار دیرماشیرلار!

گئجه گئییملی آداملار

شاعير، کؤلگه­نده یاشیرلار!

بوُ شوُلوق شه­هرده یالنیز

کیتاب ایچینده ایتیرم!

کیمسه منی درک ائله­میر(تاپمیر، قانمیر!)،

اؤزوم اؤزومه یئتیرم.

بوُ بؤیوکلوکده شه­هرده

جیسمیم روُحوما دار گلیر.

فیکریم بوتون قابار چالیر؛

دردسیزلر دردلینی اَلیر!

گؤی‌دَ‌لنلر شه­هرینده

گوجسوزو اَی، گوجه اَییل.

شاعیر اوْلماسام، بیلیرم

یاشاماق چوْخ چتین دئییل.

بوُ هایلی، ترافیک شَهرده

چاتانمیر سئون سئونه؛

یوخسا آراجلاری داشقا؟!

هر زادی من یاریمچیلیق

یاشادیم، قوْرخودان باشقا!

عاغیللیلار شه­هرینده

اصلینده من بیر دلییَم.

عاغیللی روْلون اوْینورام،

شئعیرلرین من وئلییم.

آخشام اوْلان بوُ شه­هرده

آداملار دئییل قاییدان،

یالقیزلیق­دیر، یازیقلیق­دیر

دؤرد دوُوارینی آییدان،

ائو دئدییینه قاییدان!

بو شهرین کوچه‌لرینده

نه گزیر درددن ساوایی؟!

بوتون آداملار ساتیلیر،

اؤلور، نامرددن ساوایی!

شعر: خُسروْ باریشان

2/11/1397


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ