SON DƏQİQƏ

Zəhərlənmiş GƏLİNLİK PALTARI

Tarix:3-07-2020, 13:11 Oxunub:3 156

 

                                                                  (hekayə- nağıl)

Bu ölkəni neçə illər idi ki, Gözəl xanım idarə eləyirdi. Həyat yoldaşı döyüşlərdə öləndən sonra hakimiyyət ərindən sonra ona miras qalmışdı. Onun adı kimi xasiyyəti də gözəl idi. Adamın başı üstündə Allah var. O, ölkəni gözəl və ədalətli idarə eləyirdi. Bu ölkədə heç kim incidilmir, hamı bir tikə çörəyini qazana bilirdi. Hər il sarayda yığılan töycülərdən, gələn vergilərdən kasıb, vəziyyəti ağır olan adamlara lazım olan bütün köməkliklər olunurdu. Ona görə də adamların sözünün əvvəli də, sonu da Gözəl xanım idi. Hamı ona dua edir, can sağlığı arzu edirdi...

Gözəl xanımın tək qızı vardı. Tuti xanım. O da anası kimi həm gözəl, həm də səxavətli və ağıllı idi. Tuti artıq həddi-buluğa çatmışdı. O, dayısı oğlu Cavanşiri sevirdi. Cavanşir həqiqətən adına layiq igid, boy-buxunlu, yaraşıqlı, qorxmaz, xalqı üçün canından keçən oğlan idi. Həm də saray qoşunun başçısı idi. Hamı onun şücaətindən ağız dolusu danışırdı. Cavanşirin atası, Gözəl xanımın qardaşı Savalan isə sarayda ikinci vəzir idi. Əlindən gələni eləyirdi ki, ölkənin adamları onlardan razı qalsın. O, tez-tez təğyiri-libas olub, adamların gur olan yerlərinə, bazarlara, meydanlara gedir, bacısı və özü haqqında camaatın dediklərini eşidib, gəlib bütün bunları Gözəl xanıma danışırdı...

Sarayın baş vəziri Əmir də istəyirdi ki, Tutini öz oğluna alsın. Onu alan oğlan, sonra bu ölkənin hökmdarı olacaqdı. Çünki Gözəl xanim belə məsləhət etmişdi və demişdi: "Tutinin qəlbini kim əsir eləsə, məndən sonra bu ölkəni həmin igid idarə eləyəcək. Bilirəm ki, Tuti yalnız ağıllı, igid, xalqını sevən oğlana könül verəcək”. Bir vaxtlar Gözəl də Baycana könül verdiyinə görə atası öz xoşu ilə hökmdarlığı kürəkəni Baycana vermişdi. O da ölkəni çox yaxşı idarə eləyirdi. Deməli, əgər Cavanşir Tutini alsa, onda hamının "Qara vəzir” ləqəbi qoyduğu Əmir baş vəzirliklə xudaafizləşməli olacaq. Axı Cavanşir onu heç vaxt baş vəzir saxlamazd;. Çünki o, "Qara vəzir” adlandırılan Əmirin çox bic, hiyləgər, acgöz olduğunu, xalqa zülm elədiyini, "saman altından su yeritdiyini” yaxşı bilir. Bütün bunları onun üzünə də deyirdi. Amma Əmir, Gözəl xanımın qılığına necə girmişdisə, o, baş vəzirinə inanırdı. Gözəl xanım hələ də başa düşə bilmirdi ki, ölkəsində baş verən bütün narazılıqların başında onun baş vəziri Əmir durur....

Beləliklə, Əmir yollar axtarırdı ki, Tutidə Cavanşirə qarşı nifrət yarada bilsin. O, özünə yaxın saray əyanları tərəfindən xalq arasında belə uydurmalar yayırdı ki, guya Cavanşir əyyaşdır, arvadbazdır. Sarıqulaqlar, yastıbaşlar , saqqallılar ölkələrinin cəsusudur. Cavanşir ölkənin hökmdarı olandan sonra hamıya qan udduracaq.Bütün bu dedi-qoduların Tutiyə təsir eləmədiyini və əksinə onun Cavanşiri daha çox sevdiyini görən Əmir çox dəhşətli bir oyuna əl atdı. Artıq hamı Cavanşirlə Tutinin toyuna hazırlaşan ərəfədə, Tutiyə gəlinlik paltarı tikilən vaxt ona zəhər sürtdürdü. Bu elə bir zəhər idi ki, həmin paltarı geyən adamın dərisi vasitəsilə bədənə yayılır və bir neçə günə həmin adamın qanına keçib, onu öldürür...

Toyuna bir həftə qalmış Tuti dərzinin yanına gəldi ki, dərzi paltarın son əyər -əskiyini düzəltsin. O, paltarı əyninə geyindi və paltarda daha gözəl göründü. Sanki, gözəllikİlahəsi idi, göydən yerə enmişdi. Paltar elə yaxşı tikilmişdi ki, əlavə düzəlişədə heç bir ehtiyac yox idi. Tuti bu paltarda dərzinin otağındakı güzgülərdə özünə bir neçə dəfə məftunluqla baxdı. Özündən çox xoşu gəldi. Sonra o, həmin paltarda anasının otağına gəldi. Paltarı ona göstərdi. Gözəl xanım da çox bəyəndi. Qızı həqiqətən də əsl gözəllik İlahəsi idi ki, qarşısında dayanmışdı. Gözəl xanım dərziyə buna görə yaxşı ənam verdi. Sonra dərzinin iş otağında Tuti paltarı soyundu, öz otağına getdi. Beynində toy mərasimini canlandırdı... Tutinin toyu bir həftə davam eləyəcəkdi. Qonşu ölkələrdən də qonaqlar gələcəkdi. Gözəl xanım belə qərar vermişdi. Bu həm də onun həyat yoldaşı Baycanın arzusu və son vəsiyyəti idi...

Bu vaxt Cavanşir gəldi. Tuti sevgilisinə yaxınlaşmaq istəyəndə birdən halı pisləşdi, gözləri qaraldı və yerə yıxıldı. Cavanşir tez onu yerdən qaldırdı. Tuti çox çətinliklə nəfəs alırdı.

-Ey, kim var orda? Köməyə gəlin,- deyə Cavanşir fəryad qopardı.

Onun səsinə baş vəzir Əmir birinci gəldi. Sonra o, saray adamlarını səslədi...

-Bu qıza birdən-birə nə oldu,- deyə Əmir təəccüblə Cavanşirə baxdı. Sən bu qıza nə etdin?

- Mən heç nə eləmədim. Tuti məni görəndə, mənə yaxınlaşmaq istəyəndə, qəflətən gözləri qaraldı və yerə yıxıldı.

- Ay bala, sən bizi avam yerinə qoyma. Necə ola bilər ki, Tutinin elə birdən-birə gözələri qaralsın və yerə yıxısın. Bu sap-sağlam qızdı. Sən bu adamlara düzünü de ki, Tutiyə nə eləyibsən? Deməli, sənin haqqında adamların dediyi sözlər düzdür. Toyunuzun yaxınlaşdığını görüb, sən Tutidən canını qurtarmaqçün bu yazıq qızı öldürmək istəyibsən. Axı Tuti gec-tez biləcəkdi ki, sənin başqa qızlardan neçə uşağın var.

- Sən nə çərənləyirsən, qoca köpək? Bu saat mən səni cəhənnəmə vasil eləyərəm,- deyə Cavanşir qılıncını çıxarıb, Əmiri vurmaq istədi.

Tez onun qarşısını aldılar.

-Gördünüz, ay camaat? Ay saray əhli. Bu nanəcib gədə düz söz dediyimə görə məni də öldürmək istəyir ki, əsl həqiqət ört-basdır olsun. Həbs eləyin bu məlunu!

Bu sözləri eşidən Əmirin adamları tez Cavanşirin qollarını burdular. Cavanşir çox çalışsa da, üstünə gələn on beş nəfərin qarşısında təslim oldu. Onun qollarını bağladılar, qılıncını aldılar və özünü də döyməyə başladılar. Axı Gözəl xanım güc işlərilə bağlı bütün səlahiyyətləri Əmirə vermişdi. Onun əmrləri də bu ölkədə qanun idi.

-Aparın, bu gədanı edam eləyin, - deyə Əmir Cavanşiri kəndirlə sarıyan əsabələrinə əmr elədi.

Onlar Cavanşiri edama aparmaq istəyəndə, birdən Gözəl xanım göründü. Hamı dayandı. Gözəl xanım yerdə yıxılıb qalan qızı Tutini və qolları sarıqlı Cavnşiri gördü. Çox böyük təşvişləsoruşdu:

- Burada nə olub? Tuti niyə yerdədir. Cavanşirin qolları niyə sarıqlıdır?

- Hökmdar sağ olsun. Mən Tutinin "kömək eləyin, Cavanşir məni öldürür” sözlərini eşidib, tez bura gəldim. Və gördüm ki, Cavanşir onu yerə yıxıb, boğur. Bütün gücümü sərf eləyib, TutiniCavanşirin əlindən almaq istədim, mümkün olmadı. O mənə bir şapalaq vurdu və mən yerə yıxıldım. Tuti son nəfəsində deyirdi ki, "mən bilirəm sənin başqa qadınlardan neçə uşağın var. Bunu mənə demişdilər. Amma mən inanmamışdım. İndi özün boynuna aldın. Əclaf! Şərəfsiz!”..

-Sən nə çərənləyirsən, qoca kaftar? Nə vaxt Tuti bu sözləri deyib? Məgər mən Tutini boğurdum? Sənə lənət olsun!

- Hökmdar sağ olsun. Biz gələndə gördük ki, Tuti ağır nəfəs alır. O bizə dedi ki, onu Cavanşir boğurdu, -deyə yaşlı eşik ağası, Əmirin sarayda əlaltılarından biri olan qara Mehman kişi utanmadan, qızarmadan düz Gözəl xanımın gözlərinə baxdı.

- Cavanşiri hələ ki, həbsxanaya salın,- deyə Gözəl əmr verdi. Tutinin nəbzini yoxlayan təbibin yanında oturdu. Vəziyyəti necədi təbib? – soruşdu.

- Burda boğulma əlaməti yoxdur. Çünki boynunda barmaq izləri görünmür. Nəfəs almağına alır, amma nə isə burada başqa xəstəlik var. Mən bir-iki günə əlimdən gələni eləyəcəm, amma qonşu ölkələrdən tanımış təbiblər dəvət eləmək lazımdı. Həm də Tuti xanımı çox möhkəm qorumaq lazımdı. Ola bilər ki, onu öldürsünlər və bütün sirlər açılmasın...

Gözəl əmr verdi. Bir neçə nəfər çapar qonşu ölkələrdə olan məşhur təbiblərin ardınca getdilər. Əmir başa düşdü ki, fırıldağının üstü açıla bilər. O, elə həmin gecə təbibi zəhərlədib, öldürtdürdü. Həm də həmin çaparların ardınca öz çaparlarını göndərdi ki, onları yolda öldürsünlər. Əmirin göndərdiyi adamlar həmin çaparları yolda öldürdülər...

Sizə xəbər verim Cavanşirin atası Savalan kişidən. O hamıdan xəbərsiz, qonşu ölkədə yaşayan və bu mahalda məşhur olan, adı da Loğman olan təbibi gecəykən gedib gətirdi. Onlar sübh tezdən saraya çatanda eşitdilər ki, sarayın təbibi ölüb. Əmir qurduğu oyunların uğurlu olmasını düşünərək, öz otağında qalib kimi gəzirdi. Çünki Tutinin geydiyi gəlinlik paltarının zəhəri bir neçə saata onu öldürəcəkdi və Gözəl xanım əmr verib, Cavanşiri asdıracaqdı. Əmir hətta saray təbibinin ölümünü Savalan kişinin boynuna qoyduracaqdı. Hələ üstəlik təbib ardınca gedən çaparların ölümünə də məhz onun bais olduğunu sübüt etdirəcəkdi...

Savalan kişi təbib Loğmanla bacısı Gözəl xanımın yanına gəldi. Gözəl xanım qardaşını çox soyuq qarşıladı. Onun üzünə belə baxmaq istəmədi:

-Bacı, atamızın belə bir gözəl sözləri vardı. Deyirdi ki, "səbrli olan həmişə qələbə çalır. Çünki səbr elə uca ağacdır ki, hər adamın bağında bitmir”. Bax, bu kişi mahalda ən məşhur təbibdir. Adı Loğmandır, özü də yaxşı loğmandır. Atamız hər dəfə xəstələnəndə mən gedib onu gətirmişəm və həmişə də atamızı sağaldıb. İcazə ver Tuti xanıma baxsın və əsl xəstəliyini müəyyən eləsin. Mən inanıram ki, bu loğman Tutini sağaldacaq. Əgər oğlumun günahı olsa, mən onu sənin gözlərinin qarşısında öz əllərimlə öldürəcəm. Atamızın müqəddəs goruna and içirəm.

Övlad şirin şeydi. Ana üçün isə daha şirindi. Çünki ana həmişə övladı ilə nəfəs alır. Qardaşının bu sözlərindən sonra Gözəl xanım yumşaldı və Loğman təbibi Tutinin yanına apardı. Tuti artıq son saatlarını yaşayırdı. Onun rəngi göyərmişdi. Loğman həkim tez qızın nəbzini yoxladı. Sifətinin rəngindən başa düşdü ki, qız zəhərlənib. Həm də hiss etdi ki, Tuti ən geci bir saata ömrünü tapşıra bilər. Dedi:

-Bu xanim zəhər içib. Tez mənə yekə bir qab gətirin.

Tez Loğman təbib üçün ləyən gətirdilər. O böyük çantasını açıb, oradan sulu bir dərman çıxardı və dedi:

-Qızın ağzını açın. Bu məhlulu ağzına tökməliyəm.

Savalan kişi dayı olduğuna görə Tutiyə ən məhrəm adam idi. O, çox çətinliklə Tutinin ağzını, kilidlənmiş dişlərini tez araladı. Loğman təbib həmin məhlulu onun ağzına tökdü. Heç on dəqiqə keçmədi ki, Tuti bədənində nə vardısa hamısını qaytardı. Ləyən göm-göy olan məhlulla doldu. Tez ikinci ləyəni gətirdilər. Tuti yenə də bədənində olanları qaytardı...

-Şükür. Hər şey yaxşı qurtardı. Mən bir-iki saat gec gəlsəydim, qız öləcəkdi. Bir saata kimi ölü vəziyyətində qalacaq və sonra ayılacaq. Narahat olmayın, - deyə Loğman həkim hamını və əsasən də Gözəl xanımı inandırmağa çalışdı.

Tuti həqiqətən də bir saata kimi ölü kimi uzandı. Gözəl xanım qızının başı üstündə dayanıb, hönkür-hönkür ağlayırdı. Sonra Tuti gözlərini açdı. Hamı sevincdən ağlayırdı. Amma o, danışa bilmirdi.

-Üç gün heç nə deyə bilməyəcək. Sonra danışacaq. Niyə zəhər içdiyini də deyəcək, - deyə Loğman təbib Gözəl xanımı yenə də inandırmağa çalışdı. Amma bu xanımın yanında bir neçə nəfər qalıb, gözdə-qulaqda olsun ki, yenidən zəhər içməsin.

Savalan kişi dedi:

- Özüm hər şeyə nəzarət eləyəcəm. Mənim yanımda etibar elədiyim adamlar da olacaq. Gözəl xanım, səndən bir xahişim var: Cavanşiri də özünün etibar elədiyin adamlar qorusun. Yoxsa onuöldürə bilərlər.

Gözəl xanim sevincdən artıq hər şey eləməyə hazır idi. O, əmr verib Cavanşiri həbsxanadan azad etdirdi. Amma bir şərtlə ki, ölkədən heç yerə qaçmasın...

Bir neçə saatın içərisində sarayda baş verən bu xəbərləri baş vəzir Əmirə dedilər. O əmr verib,Tutinin paltarını tikən dərzini öldürtdürdü ki, bütün izlər itsin...

Cavanşir isə özünün etibar elədiyi qoçaq adamlardan ibarət güdükçü dəstəsi ayırmışdı ki, baş vəzir Əmiri və oğlunu izləsinlər.

Bir neçə gün sonra Tuti artıq danışmağa başladı və bütün olanları olduğu kimi dedi. Onu dinləyən Lomğan təbib dedi:

-Gətirin, Tutinin geyindiyi gəlinlik paltarını.

Gözəl xanım əmr verdi. Bir dəstə adam dərzinin ardınca getdi. Nə dərzi tapıldı, nə də Tutinin geydiyi gəlinlik paltarı. Elə bil hər ikisi qeybə çəkilmişdi...

-Həmin parçanın kiçik bir hissəsi xoşuma gəldiyinə görə götürüb, özümlə gətirmişdim. Hədiyyələrim olan bu sandıqçanın içinə qoymuşam, - dedi Tuti.

-Sandıqçaya heç kim toxunmasın. Onu mən özüm açacam, - deyə Loğman bildirdi. Əlinə ağ rəngdə əlcək geyib, sandıqçanı açdı. Oradakı bütün zinyət əşyalarının hamısı göm-göy idi. Qorxu içində dedi: - Bu parça çox zəhərlidir. Özü də elə zəhərdir ki, insan bədəninə dəyən kimi bir neçə saata qana keçir və adamı öldürür. Deməli, Tuti xanımın geyindiyi gəlinlik paltarı zəhərli olub və həmin zəhər qanına keçib. Onun sağ qalması bir möcüzədi. Çünki bu zəhərdən heç kim salamat qalmır.

- Bəs bu parçanı kim zəhərləyib, - deyə Gözəl xanım ətrafında olanlara baxaraq, özü-özünə sual verdi.

Bu vaxt Cavanşir saraya bir qoca kişini sürüyə-sürüyə gətirdi. Qoca kişi Gözəl xanımın ayaqlarına yıxalaraq dedi:

-Məni bağışlayın, hökmdar. Həmin parçaya zəhəri mən vurmuşam. Məni baş vəzir Əmir məcbur elədi. Dedi ki, əgər bunu eləməsən səni öldürtdürəcəm. İşin üstü açılanda o, adamlar göndərib, məni öldürtmək istəyirdi. Mən bilirdim ki, belə olacaq. Ona görə də həmin gecə evdə qalmadım. Dostumun yanına getdim. O da Savalan kişini yaxşı tanıyır. Gedib, əhvalatı Cavanşirə deyib. O da məni sürüyə-sürüyə bura gətirdi.

- Sən bilirdin ki, bu cinayətdi, niyə bu cinayətə əl atdın? - deyə Savalan soruşdu.

- Başqa çarəm yox idi. Əgər zəhəri həmin paltara sürtməsəydim, Əmir məni öldürtdürəcəkdi. Onsuz da bilirəm ki, bu cinayyətimə görə siz də məni öldürəcəksiz. Ona görə, sizə bir neçə sirr də açmaq istəyirəm. Sizin atanız ürək çatışmazlılğından yox, onun paltarına sürtülən zəhərdən ölüb. Eləcə də keçmiş hökmdarımız Baycan döyüşdə yox, onun paltarına sürtülən zəhərdən ölüb. Həmçinin xalqın sevimli şairi, çox istedadlı insan, gözəl saz çalıb-oxuyan, minlərlə şeirləri əzbər bilən Yaqub Ağalını da Əmir ona həcvlər yazdığına görə zəhərlədib. Bu ölkənin ən ağıllı adamlarının hamısının ölümündə Əmirin əli var. Bu cinayətlərə məni Əmir sürükləyib. O fikirləşirdi ki, Baycandan sonra hökmdar ola bilər. Amma sizin atanız onun bu istəyinə mane olub. Xalqın istəyilə sizi hökmdar seçdirəndən sonra atanızdan da qisas aldı. Əmir uzun illərdir ki, qonşu Sarıqulaqlar ölkəsinin burada cəsusudur. Ölkəmizdə nə baş verirsə öz əlaltıları tərəfindən hamısını onlara ötürür. Baycanın paltarını da məndən aldıqları zəhərlə, onun ətrafında olan və sarıqulaqlara cəsusluq eləyən tərəfdarlarının köməkliyilə zəhərləyib onu öldürdülər. Amma sizi inandırdılar ki, Baycan döyüşdə ölüb. Çünki sarıqulaqlar Əmirə söz vermişdilər ki, onu bu ölkənin hökmdarı eləyəcəklər. Amma xalqın istəyi güc gəldi...

Qoca onlarla belə gizli sirrin üstünü açdı...

Beləliklə, artıq hər şey aydın oldu. Hamı çox gərgin vəziyyətdə, amma maraqla qocanın dediklərini dinlədi. "Qara vəzir” Əmirin Sarıqulaqlar ölkəsinə cəsusluğu bilinsə də, bunu heç kim sübut eləyə bilmirdi. Çünki o elə səriştəli işləyirdi ki, sirlərinin üstünü açmaq çətin idi.

-Cavanşir, oğlum, sənə əmr edirəm, təcili Əmiri bura gətirin. O yəqin ki, saraydakı hücrəsindədir. Amma tək getmə. Özünlə silahlı dəstə apar. Çünki o, çox bic adamdır. Ətrafında silahlı dəstəsi var. Sənə xətər yetirə bilərlər.

- Oldu, böyük hökmdar, - deyə Cavanşir iyirmi nəfər həmfikirlərilə otaqdan çıxdı.

Onlar tez Əmirin hücrəsinə gəldilər. Hücrədə heç kim yox idi. Cavanşir bilirdi ki, elə-belə də olacaq. Əmir Sarıqulaqlar ölkəsinin cəsusu olduğunu hiss elədiyinə görə Cavanşir əvvəlcədən həmin ölkənin sərhəddində öz adamlarını yerləşdirmişdi. Əgər Əmir ora gəlsə, onu dərhal həbs eləsinlər. Cavanşir tez Gözəl xanımın yanına gəlib, Əmirin və ailə üzvlərinin hücrədə olmadığını dedi.

-Deməli, Əmir bütün işləri əvvəlcədən qurubmuş. Təcili sarıqulaqlarla sərhəd olan yerə adamlar göndər.

-Tutinin mən tərəfdən öldürülməsi məsələsini Əmir ortaya qoyan gündən dostlarım Sarıqulaqlar ölkəsilə sərhəddə keşik çəkirlər. Artıq onlar sarıqulaqlara işləyən və o ölkəyə keçmək isyətən beş yüz adamı həbs eləyiblər. Amma onlar nə qədər incidilsə də, bu işin başında kimin durduğunu boyunlarına almaq istəmirlər. İndi artıq hər şey məlum oldu. Mənim adamlarım xalq tərəfindən "Qara vəzir” adlanan Əmiri tezliklə ələ keçirəcəklər.

Cavanşir bu sözlərini deyib qurtaran vaxtda dostları "Qara vəzir” adlanan Əmiri qolları bağlı Gözəl xanımın hüzuruna gətirdilər. Gözəl xanımın ətrafında olan adamlar Baycanın və Gözəlin atası, el ağsaqqalı Kərəm kişinin, çox istedadlı və sinədəftər şair olan Yaqub Ağalının və çoxlu ağıllı adamın ölümünə bais olduğu üçün Əmiri didib-parçalamaq istəyirdilər. Gözəl xanım əl hərəkətilə buna imkan vermədi. Sarayın ətrafına minlərlə adam toplaşıb, bu sözləri səsləndirirdi: "Qara vəzir Əmirə ölüm!”, "Onun tərəfdarlarına ölüm!”, "Vətəni sarıqulaqlara satanların cəzası yalnız ölümdür!” Bu şüarlar sarayda çox aydın eşidilir və böyük əks-səda yaradırdı...

Bu vaxt eşik ağası Gözəl xanıma yaxınlaşdı.

-Hökmdar sağ olsun. Sarıqulaqlar ölkəsinin səfiri sizi görəmək istəyir.

- De ki, indi vaxtım yoxdur.

- Hökmdar sağ olsun. Deyir ki, mən Gözəl xanımı indi görmək istəyirəm.

- Yaxşı, qoy gəlsin,- deyə Gözəl xanım bildirdi.

Eşik ağası otaqdan çıxandan beş dəqiqə sonra Sarıqulaqlar ölkəsinin səfiri iki nəfərlə Gözəl xanımın yanına gəldi.

-Sarıqulaqlar ölkəsinin hökmdarından Gözəl xanıma çoxlu salam var, hökmdar. Bu da önun sizə göndərdiyi rəsmi məktubdur.

Gözəl xanım sarıqulaqların dilini yaxşı bilirdi. O ümumiyyətlə, qonlşuluqda olan bütün ölklərin dilini bilirdi. Buna görə də Gözəl xanıma onarla danışmaq, dil tapmaq çox asanidi. O, məktubu oxudu. Sarıqulaqların hökmdarı Gözəl xanımdan xahiş edirdi ki, Əmiri öldürtməsin və şərait yaratsın ki, onların ölkəsinə gəlsin. Əks təqdirdə Əmiri və onun ətrafında olanları döyüşlə də olsa alacaqlar.

Məktubu oxuyandan sonra Gözəl xanımın gözəl sifəti qaraldı. Çox əsəbiləşdi.

-Camaat, Sarıqulaqlar ölkəsinin hökmdarı tələb eləyir ki, Əmiri və onun ətrafında olanları onlara verək. Əks təqdirdə bizim ölkəmizə qarşı müharibə eləyə bilər.

- Uzun illərdir onlar min cürə yollarla, Əmir kimi adamların əlilə xalqımızın sərvətini daşıyıb aparırlar. Baycanın vaxtında onlar qorxusundun səslərini çıxara bilmirdilər. Amma "Qara vəzir” Əmirin əlilə Baycanı aradan götürəndən sonra çox fəallaşdılar. Torpaqlarımızın bir hissəsini də zəbt elədilər. Biz onlarla müharibəyə hazırıq, - dəyə Savalan ucadan səsləndi.

- Hazırıq, - deyə saraydakı adamların hamısı bir ağızdan dilləndi.

Savalanın gur səsini açıq pəncərələrdən xalq da eşitdi. Sarayın ətrafında olan adamlar da böyük uğultu ilə səsləndilər:

-Biz hamımız döyüşə hazırıq. Son damla qanımıza qədər vuruşub, Vətənimizi sarıqulaqlardan, onların nökərləri olan yastıbaşlardan, saqqallılardan qorumağa hazırıq! Yaşasın Vətən!

Xalqın bu gur səsi hökmdar Gözəl xanıma çox böyük inam verdi. O, üzünü sarıqulaqların səfirinə tutub dedi:

-Gedin, hökmdarınıza xəbər göndərin ki, bizim ölkədə Vətən xaini bağışlanılmır. O, xalqın gözü qarşısında meydandakı dar ağacından asılacaq ki, başqalaına da görk olsun!

Sarıqulaqların səfiri yanındakı iki nəfərlə kor-peşiman saraydan çıxdı. Gözəl xanım çox böyük təəssüf hissi keçirdi. Və öz-özünə bu sözləri dedi: "Mənim günahım heç də "Qara vəzirin” günahından az deyil. Axı mən, niyə ona qulaq asmışam. Ölkədə çox işi niyə ona tapşırmışam? Deməli, bundan sonra mənim də bu ölkəyə rəhbərlik eləməyə haqqım yoxdur. Çünki xalqımızın çoxlu vətənpərvər oğulu "Qara vəzirin” əlilə öldürülübsə, mənim günahım elə onun günahı qədərdir. Sən də artıq hökmdarlıq taxtından öz xoşunla imtina eləməlisən, Gözəl xanım. Hakimiyyəti xalqın inandığı, etibar elədiyi adamlara verməlisən. Bunun başqa yolu yoxdur. Yoxsa bu xalq sənə nifrət eləyəcək. Bəli, əgər belə eləməsəm, vaxt gələcək ki, məni də "Qara vəzirin” taleyi gözləyəcək”. Bütün bunları beynində düşünən Gözəl xanım artıq özündə-sözündə deyildi. Çox peşiman idi. Qəzəblə belə dedi:

-Meydanda dar ağacı qurulsun. Sarıqulaqlara cəsusluq eləyən "Qara vəzir” xalqın gözü qarşısında həmin dar ağacından asılsın. Bir taxta lövhəyə isə bu sözləri yazıb, onun boynundan asın: "Özgəsinə quyu qazan, həmin quyuya gec-tez özü də düşər. Vətəni iman əsəri bilməyənlərin hamısını belə cəza gözləyir”.

Əmiri sürüyə-sürüyə meydana apardılar. Adamlar onu didib-parçalamaq istəyirdi. Cavanşir və onun böyük dəstəsi buna imkan vermirdi.

-Bir az səbrli olun, ay camaat. Bu qoca qur, indi sizin gözlərinizin qarşısında bu meydanda asılacaq, - deyə Cavanşir adamları bir təhər sakitləşdirdi.

Sonra Gözəl xanım sarayın geniş və böyük eyvanına çıxdı. Adamlar onu uğultulu səslə, sürəkli əl çalmaları ilə qarşıladılar. Meydanda isə dar ağacı qurulurdu. Artıq Əmiri sürüyə-sürüyə ora aparmışdılar.

-Ey mənim millətim! Sarıqulaqların hökmdarı mənə məktub göndərib, tələb eləyirdi ki, biz, sizin " Qara vəzir” adlandırdığınız Əmiri onlara verək. Amma mən razılaşmadım. Sizin istəyinizlə Əmir indi dar ağacından asılacaq. Başqa ölkələrə cəsusluq eləyən bütün xainlərimiz tezliklə tapılacaq və onlar da Əmir kimi dar ağacından asılacaqlar. Vətəni və onun övladlarını yadlara satanlara, bu torpağın sərvətini talayanlara, xarici ölkələrə daşıyanlara qarşı bu gündən mən müharibə elan eləyirəm. Onların hamısı qısa vaxtda cəzalarını alacaqlar. Xalqdan oğurlanan bütün sərvətlər yenidən xalqa qaytarılacaq! İndi isə müharibəyə hazırlaşın. Hər an sarıqulaqların, yastıbaşların, saqqallıların ölkəmizə hücumu gözlənilir. Onu da bilin ki, Baycanın belə bir kəlamı vardı: "Vətənin qara daşı qərib ölkənin cənnətməkan yerindən daha gözəldir. Vətənini sevən hər bir adam istəsə həmin daşı qara, münbit torpağa çevirə bilər. Qərib ölkənin ağası olmaqdansa, öz azad ölkənin nökəri olmaq daha şərəflidi”. Yaşasın Vətənin qara daşı və millətin birliyi! "Güc birlikdədir ",- deyib ulularımız!

Gözəl xanımın bu sözlərini meydana toplaşan minlərlə adam xorla, uğultu ilə səsləndirdilər:

-Yaşasın Vətənin qara daşı və millətin birliyi! Güc birlikdədir!

- Bu gündən mən də hökmranlıqdan imtina eləyirəm. Çünki "Qara vəzirlərə” inanıb,xalqıma çox pislik eləmişəm. İndi mənim xalqım ac-yalavac gündə yaşayır. Əgər Vətən xainlərinə, ölkənin var-yoxunu talayanlara inanmasaydım, hər şeyi öz gözlərimlə görsəydim, xalqıma bir xoş gün ağlayardım. Torpağının altı da, üstü də sərvət olan bu ölkədə heç kim belə ac-yalavac yaşamazdı. Bir sözlə, bu gündən bu tacı gəzdirməyə mənim haqqım yoxdur. Ey mənim xalqım! Buyurun, istədiyiniz adamı hökmdar seçin. Özü də daha hakimiyyətə bir nəfər yox, ən azı on beş nəfər birlikdə rəhbərlik eləsin. Elə adamlar da seçin ki, onlara özünüz kimi inanasız. Hansılar ki, həmişə sizin sözünüzü deyəcək və eşidəcək. O zaman xalq bir olacaq, yumruq kimi birləşəcək.Təkcə sarıqulaqlar, yastıbaşlar, saqqallılar deyil, ümumiyyətlə heç kim bu xalqı çökdürə bilməyəcək!

- Hər şeyi etiraf etdiyinə görə yaşasın Gözəl xanım, - deyə xalq uğultu ilə səsləndi.

Gözəl xanım tacı başından çıxarıb, taxtın üstünə qoydu. Sarayı tərk eləyib, ata yurduna köçdü. Ömrünün sonuna kimi də orada yaşadı.

Həmin gündən xalqın inandığı, etibar elədiyi ağsaqqallar el-el, oba-oba gəzib, hər eldən-obadan bir nəfər, çox sevilən, ağıllı, qeyrətli, pak, həyatını xaqlı üçün şam kimi yandıran insanları rəhbər seçdilər. Saray əhlindən bura yalnız Cavanşir seçildi. Çünki o, həmişə xalqın yanında idi. Onun qoçaqlığından, igidliyindən qorxuya düşən "Qara vəzir” hətta xalqın sevdiyi çox adamların hamısını qətlə yetirə bilməmişdi...

... On beş nəfərlik məşvərət-məclisşurası uzun illər bu xalqa çox böyük ədalətlə rəhbərlik elədi. Ölkənin demokratik qanunları hər yerdə adla deyildi. Sarıqulaqlar, yasılbaşlar, saqqallılar daha heç vaxt bu ölkəyə hücum eləyə bilmədilər. Onlar hətta həmin ölkənin zəbt elədiyi torpaqlarınıda qorxularından geri qaytardılar.O zaman belə bir atalar məsəli yarandı: "El bir olsa, dağ oynadar yerindən”... Bu ifadə ana, ata, Vətən kimi müqəddəs səsləndi bu ölkədə. Təsadüfi deyil ki, həmin məsəl hər kəsdə lap uşaq yaşlarından milli birlik yaratmaqçün müqəddəs sayılan himnin sözlərinə çevrildi.

 

 

Zəhərlənmiş  GƏLİNLİK  PALTARIAğalar İdrisoğlu

Sumqayıt şəhəri,

7- 8 iyin, 2020- ci il

Koronavirus dövründəyazılıb.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<