SON DƏQİQƏ

28 illik məşəqqətli həsrət başa çatdı

Tarix:

3-12-2020, 08:33

/ 4 404 dəfə oxundu.
28 illik məşəqqətli həsrət başa çatdı

MHP sədri: "Şanlı Azərbaycan Ordusu 44 günlük müharibədə qazandığı möhtəşəm Qələbə ilə işğal saatının əqrəblərini dayandırdı"

 

«İşğaldan azad olunan Laçın rayonunda da Azərbaycan bayrağı qaldırıldı. Qəhrəman hərbçilərimiz Ali Baş Komandan Prezident İlham Əliyevə Laçın şəhərində dövlət bayrağının asılması haqqında məruzə etdilər. Beləliklə, 28 ilin məşəqqətli həsrəti dekabrın 1-də başa çatdı».

Bunu "Azad Azərbaycan"a Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov deyib.

O qeyd edib ki, Şanlı Azərbaycan Ordusu 44 günlük müharibədə qazandığı möhtəşəm Qələbə ilə işğal tarixinə nöqtə qoydu, işğal saatının əqrəblərini dayandırdı və tarixin təkərini doğru məcraya yönəltməyi bacardı: «Beləliklə, işğal tarixi qapandı, zəfər tarixi yazılmağa başlandı. Bu gün Laçının dinc yolla, qan tökülmədən işğaldan azad edilməsi məhz Azərbaycan Ordusunun qazandığı zəfərlərin məntiqi sonluğu, müsbət nəticəsidir.

Ağdamın, Kəlbəcərin, Laçının dinc, siyasi yolla alınmasına toxunan Partiya sədri bildirib ki, İkinci Qarabağ müharibəsində Müzəffər Ordumuz Ali Baş Komandanımız İlham Əliyevin misilsiz sərkərdəliyi nəticəsində tam və qəti qələbəyə imza atmasaydı, indi nə Ağdamı, nə Kəlbəcəri, nə də ki, Laçını belə dinc yolla götürə bilməyəcəkdik. Ordumuzun döyüş əzmi işğalçı Ermənistanın və separatçı ermənilərin iradəsini qırdı, onları kapitulyasiyaya imza atmağa məcbur etdi. Bəli, noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Azərbaycan üçün qələbə, Ermənistan üçün isə rüsvayçı kapitulyasiya sənədidir». Ə.Hüseynov qeyd edib ki, indi bütün sıravi ermənilər həm şokdadır, həm də dərin ruh düşkünlüyü yaşayırlar: «Onlar hələ də inana bilmirlər ki, İkinci Qarabağ müharibəsini uduzublar. Ona görə də Ağdamı, Kəlbəcəri tərk etmək istəmirdilər. Çıxmalı olduqlarını dərk edəndə isə hər şeyi yandırıb, viran qoyub çıxdılar. Elə Laçını da tərk etmək istəmirdilər. Laçın şəhərində və bəzi kəndlərində bir sıra ermənilər hətta son ana qədər gözlədilər ki, bəlkə çıxmamaq haqqında göstəriş gələcək. Bir erməni qadınının Laçından çıxmamaq üçün özünə necə əl qatmasının, şivən salmasının videogörüntülərini də yəqin ki, hamınız izləmisiniz. Bu nədən xəbər verir? Bu onu göstərir ki, təkəbbürlü və özlərindən razı ermənilər son ana qədər Laçından və digər torpaqlarımızdan çıxarılacaqlarına, qovulacaqlarına inanmırmışlar».

Partiya sədri vurğulayıb ki, Laçını tərk etmək onlar üçün çox ağrılı olub: «Prezident İlham Əliyev Laçının işğaldan azad edilməsi münasibətilə xalqa etdiyi müraciətində bunu qeyd etdi ki, ermənilər Laçın rayonunun ərazisinin bütünlüklə dəhliz kimi Ermənistanın nəzarətində qalmasına iddia edirmişlər. Ancaq Müzəffər Ordumuz ermənilərin bu iddialarını tamamilə alt-üst etdi. Ordumuz yeni reallıq yaratdı. Beləliklə, indi Laçın yenidən bütöv Azərbaycan ailəsinə qovuşub. Mən bu gün insanlarımızın Laçının işğaldan azad edilməsi münasibətilə yaşadıqları sevinc hisslərini müşahidə etdim. Əslən Laçından olan bir məcburi köçkün soydaşımızın bu gün sosial şəbəkədə yazdığı "çox xoşbəxtəm, qəribliyin daşını atdım artıq" sözlərini həm həyəcanla, həm də böyük qürur hissilə oxudum. Bu cür bir-birindən xoş çoxlu paylaşımları oxumaq həqiqətən də böyük qürur hissi yaradır».

Ə.Hüseynov bildirib ki, Laçının alınması ilə Şəhidlərimizin qisası da alındı: «Laçın uğrunda canlarını fəda edən şəhidlərimizin ruhlarının şad olduğuna əminəm. Biz o şəhidlərimizin ruhları qarşısında baş əyirik! Əsgər və zabitlərimizlə qürur duyuruq. Azərbaycan Ordusuna İkinci Vətən müharibəsində göstərdiyi rəşadətə görə təşəkkür edirik! Siz bizim şərəf mənbəyimizsiniz, igid hərbçilər!»

Bilman İSAQ


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ