SON DƏQİQƏ

Azərbaycan və Özbəkistan rəsmi müttəfiqdir

Tarix:

Dünən, 21:00

/ 3 820 dəfə oxundu.
Azərbaycan və Özbəkistan rəsmi müttəfiqdir

Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. 

Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlərin təməlində Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti dayanır. Heydər Əliyev hələ 1990-cı illərin əvvəllərindən etibarən türk dünyası birliyinin vacibliyini vurğulayaraq Özbəkistanla əməkdaşlığı xüsusi prioritetlərdən biri kimi irəli sürüb. Onun təşəbbüsü ilə Özbəkistanın ilk prezidenti İslam Kərimovla siyasi, iqtisadi və mədəni sahələrdə bir sıra mühüm sənədlər imzalanıb, dövlətlərarası münasibətlərdə sabit və möhkəm əsaslar qoyulub. Ulu öndərin milli dövlətçilik konsepsiyasının ölkəmizdə uğurla davam etdirilməsi nəticəsində Azərbaycanla türkdilli dövlətlər arasındakı diplomatik münasibətlərin tarixi-mədəni köklərə dayanan təcrübəsi yeni dünya nizamına uyğun olaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasında diplomatik əlaqələr isə 1995-ci ilin oktyabr ayından qurulmuşdur. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında isə Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. İyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri baş tutmuşdur. Cənab Prezident İlham Əliyev mətbuata bəyanatla etdiyi çıxışında xüsusi olaraq vurğulamışdır ki, Özbəkistan Prezidentinin dövlət səfəri qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir. Hər iki ölkənin dövlət başçıları həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etmiş, münasibətlərin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqləmişlər. Qeyd olunmuşdur ki, keçən il Daşkənddə imzalanmış müttəfiqlik münasibətləri haqqında müqavilə ən ali və əhəmiyyətli sənəddir. Azərbaycan və Özbəkistan artıq iki ildir ki, rəsmi müttəfiq ölkələrdir və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdikləri konkret plan və layihələrlə nümayiş etdirirlər. Tarix boyu Özbəkistan və Azərbaycan arasında ticarət, mədəniyyət və elm sahəsində sıx əlaqələr mövcud olub. Bu gün isə bu münasibətlər daha da möhkəmlənir, çünki hər iki ölkənin rəhbərləri gələcəyə baxır, əməkdaşlığı yalnız indiki deyil, gələcək nəsillər üçün də möhkəm əsaslar üzərində qururlar. Prezident İlham Əliyev bildirib ki, həm Özbəkistan, həm də Azərbaycan öz ölkələrimizin iqtisadiyyatına fəal surətdə investisiya qoymaqla yanaşı, həm də artıq dost ölkələrə də sərmayələrlə çıxırıq: “Özbəkistana investisiyalar bizim üçün prioritetdir. Birincisi, ona görə ki, bu, dost, qardaş ölkədir. İkincisi, çünki Özbəkistan Prezidentinin düşünülmüş islahatları nəticəsində ölkədə çox yaxşı investisiya mühiti yaradılıb. Bunu təkcə biz deyil, həm də aparıcı maliyyə institutları və bir çox ölkə qeyd edir. Təsadüfi deyil ki, Özbəkistan bu gün investisiyalar üçün çox cəlbedici ölkədir”.

Azərbaycan və Özbəkistan təkcə daxili bazarlarında deyil, üçüncü ölkələrdə də birgə investisiya layihələri həyata keçirməyə maraqlıdırlar. Bu, iki ölkənin yalnız iqtisadi tərəfdaş deyil, strateji müttəfiq rolunda çıxış etdiyini göstərir. İki ölkənin münasibətlərində nəqliyyat-logistika sahəsi xüsusi yer tutur.  Əlamətdar hadisələrdən biri də Özbəkistanın Bakının mərkəzində yeni, müasir səfirlik binasının açılması oldu. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu bina Ulu Öndər Heydər Əliyevin vaxtında Özbəkistana ayrılmış torpaq sahəsində inşa olunub və uzun illər gözlədikdən sonra nəhayət, istifadəyə verilib. Cənab Prezident dedi: “Bu yer Heydər Əlirza oğlu tərəfindən ayrılıb. Amma ən azı iki onillik, yox, bir qədər az müddətdə, sadəcə, orada boş qalıb. Qərar veriləndə əmin oldum ki, bina tikiləcək və tikildi.” Bu bina yalnız diplomatik nümayəndəlik deyil, həm də Bakının mərkəzində dostluğun, qardaşlığın, strateji əməkdaşlığın simvoluna çevrilir. Daha da önəmlisi, Bakı şəhərinin mərkəzində “Ağ şəhər” layihəsində yaradılacaq “Özbəkistan parkı” iki xalqın bir-birinə sevgisini və hörmətini əks etdirəcək. Bu park həm Azərbaycan vətəndaşlarının, həm də şəhərə gələn turistlərin diqqət mərkəzində olacaq. 

Türkanə Mübariz

скачать dle 12.1

Şərhlər