SON DƏQİQƏ
» » “Günnüt və Danzik kəndlərini bərpa etmək lazımdır” - keçmiş nazir

“Günnüt və Danzik kəndlərini bərpa etmək lazımdır” - keçmiş nazir

Tarix:

14-06-2018, 09:55

/ 11 018 dəfə oxundu.
“Günnüt və Danzik kəndlərini bərpa etmək lazımdır” - keçmiş nazir

Fikrət Yusifov deyir ki, işğaldan azad olunmuş kənd bərpa olunsa, ora birinci köçənlərdən olacaq...

1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndinin 26 ildən sonra Silahlı Qüvvələrimizin nəzarəti altına keçməsi hər birimizi qürurlandırdı. Yayılan vido və fotokadrlardan da bəllidir ki, yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına qayıdıb, yaxınlarının məzarlarını ziyarət ediblər, Günnüt məzarlığında 26 ildən sonra ilk dəfə Quran oxunub.

Əslində bu şad xəbər may ayının üçüncü ongünlüyündə yayılmışdı. Lakin hərbi məsələ olduğundan bu hadisənin tirajlanması bir müddət gecikdi.

Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu ərazinin isə 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza  nəzarət etməyə imkan verməsidir. Ərazinin etibarlı müdafiəsi və təminat məqsədi ilə 50 km yeni yol çəkilmiş, 50 km-dən artıq yararsız yollar isə bərpa edilmişdir. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının Taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.

Günnüt camaatı qüdrətli ordumuzun onlara bəxş etdiyi sevinc və xoşbəxtliyə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Günnüt bölgəsi ilə bağlı xəbəri eşitdikdə sabiq maliyyə naziri Fikrət Yusifovla ötənilki müsahibəmizi xatırladıq. Sabiq nazir müsahibə zamanı və diktofondan kənar söhbətimizdə vaxtilə Arpa çayı ətrafında yaşadıqlarından, bənd tikintisi ilə əlaqədar kəndlərinin köçürülməsindən danışmışdı və yurd həsrətindən bəhs etmişdi. Odur ki, sabiq nazirlə Günnüt qələbəsi barədə danışmağı zəruri saydıq.

F.Yusifov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ordumuzun Günnüt əməliyyatı hər bir azərbaycanlını sevindirir:“Ancaq bu əməliyyat azad olmuş torpaqlarda doğulub boya-başa çatmış insanlar üçün qiyməti olmayan bir hədiyyədir. İndi bu insanlar yurd yerinə dönüb illərlə məruz qaldıqları ayrılığa son verə biləcəklər. Bu əməliyyat nəticəsində bizim də yurd yerimiz ermənilərin nəzarətindən tam çıxdı. Söhbət Şərur rayonunun Danzik kəndindən gedir. Bu kənd vaxtilə Arpaçay üzərində su anbarının tikintisi səbəbindən köçürülmüşdü. O zamanlar kəndin ziyalıları kəndi köçürmək əvəzinə, onu göl ətrafında daha münasib bir ərazidə yenidən salmaq barədə təkliflərlə çıxış edirdilər. Lakin kənd sakinlərinin bu istəyi reallaşdırılmadı və onları Şərur rayonunun boş düzlərindən birinə köçürdülər. Bu köçdən sonra minlərlə hektar gölətrafı ərazilər ermənilərin istirahət yerinə çevrildi, onlar hətta bu torpaqlarda əkib-becərməkdən belə çəkinmədilər. Bu hərəkətlər erməni həyasızlığının bariz nümunəsi idi”.

Bəs o zaman Azərbaycan tərəf nə üçün belə bir seçim edib, əsas səbəb nə olub?

F.Yusifov: “Mən bu sualı dəfələrlə su anbarının planlaşdırılması və kəndin köçürülməsinə qərar verilməsində bilavasitə iştirak etmiş və o zamanlar yüksək vəzifə sahibi olmuş insanlara ünvanlasam da, əsaslandırılmış bir cavab ala bilməmişəm. Ən ”dolğun" cavab isə bu olub ki, biz sovetlər birliyində yaşadığımızdan belə böyük layihələr reallaşdırılarkən ərazi söhbətləri ön plana çıxmırdı. Təəssüf ki, uzun zamanlar torpaqlarımızı parça-parça itirməyimizin kökündə elə belə “beynəlmiləl” baxışlar dayanıb. Torpaq - ərazi məsələləri gündəmə gələrkən, sovetlər birliyinin vahid ailə olduğuna inanıb, erməni xislətini dəyərləndirə bilməmişik. Ermənilər isə bizim humanizmimizin ölçüyə gəlməyən genişliyindən bəs deyincə bəhrələniblər".

Keçmiş nazir qeyd etdi ki, səhvləri düzəltmək heç vaxt gec deyil: “Bu gün tarixi məqam bizim xeyrimizə işləməyə başlayır. Bu, Ali Baş Komandanın qətiyyəti və ordumuzun cəsarətli addımları nəticəsində baş verir. Azad olunmuş torpaqlarda birmənalı olaraq köhnə yurd yerlərini bərpa etmək lazımdır. Bu sıraya ilk növbədə Şərur rayonunun Günnüt və Danzik kəndləri aiddir. Bu kəndlərin bərpa olunmasının strateji əhəmiyyəti işğaldan azad edilmiş Cocuq Mərcanlının bərpa olunması qədər vacibdir. Naxçıvan Muxtar Respublikası rəhbərliyinin bu təşəbbüslə çıxış edəcəyinə, ölkə prezidentinin isə bu təşəbbüsü dəstəkləyəcəyinə inanıram. Azad olmuş torpaqlarda köhnə kəndlərin öz adları ilə bərpası və yeni yaşayış məntəqələrinin salınması Naxçıvanın strateji mövqeyini bir qədər də möhkəmləndirəcək. İşğaldan azad edilmiş torpaqların 80 faizindən çoxunun kənd təsərrüfatı üçün yararlı olduğunu nəzərə alsaq, bu torpaqlarda yurd yerlərinin salınmasının nə qədər asan olduğuna heç şübhə qalmaz. Söz verirəm, kənd bərpa olunsa, ora ilk köçənlərdən biri mən olacağam”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ