SON DƏQİQƏ

ƏBƏDİYAŞAR İGİDLƏRİN ANIM GÜNÜ

Tarix:

2-11-2017, 16:56

/ 2 839 dəfə oxundu.
ƏBƏDİYAŞAR İGİDLƏRİN ANIM GÜNÜ

 

Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olmuş vətən övladlarının adları ehtiramla yad edilir və cəmi şəhidlərimiz xalqımızın qəlbində əbədi yaşayırlar.

ƏBƏDİYAŞAR İGİDLƏRİN ANIM GÜNÜ1992-ci ilin fevral ayında erməni faşistləri XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımını törətdilər. Qarabağın qeyrətli övladları, igid oğulları - Şirin Mirzəyevin, Fred Asifin, (Asif Məhərrəmov), Allahverdi Bağırovun, General Ərşadın, Hacı Əkbərin və digər qorxmaz, cəsur komandirlərin ətrafında birləşərək torpaqlarımızı yağı düşməndən qoruyaraq əsl qəhrəmanlıq nümunəsi göstərdilər. Qarabağ uğrunda tökülən qanlar cavabsız qalmasın deyə ürəyində müqəddəs vətən sevgisi olan fədailərimiz Ağdamın Muradbəyli kəndinə, Asif Yusif oğlunun ətrafına toplaşdılar. İgid oğullar Aranzəmin, Pircamal, Naxçıvanik, Xoramort, Fərrux, Dəhraz, Qarakənd kəndlərindən düşmənlərin qovulub çıxarılmasında rəşadət göstərdilər. Qarabağ torpağı yüzlərlə şəhid qanları ilə suvarıldı. Qaraqaya yüksəkliyi uğrunda gedən döyüşlərdə Bakı şəhərinin Nəsimi rayonundan olan Eldar Hüseynovun cəsədini döyüş meydanından çıxararkən üzərlərinə düşmən tərəfdən atılan top mərmisindən aşağıda adları iftixarla çəkilən  vətən oğulları bir yerdə şəhid oldular:

      Mikayılov Cavad - ağdamlı,

      İsmayılov Əkrəm - ağdamlı,

      Quliyev Rafiq - ağdamlı,

      Ağayev Rövşən - ağdamlı,

      Nərimanov Nizami - ağdamlı, 

      Məmmədov Taleh - gəncəli,

      Bakdəmirov Ramiz - ucarlı, 

      Kərimov Vidadi - ucarlı,

      Məhərrəmov Zaur - göygöllü

      Əhmədov Yaqub - sumqayıtlı

Bu qəhrəmanların vətən eşqiylə döyünən ürəkləri əbədi susdu.

Günlər keçdi, illər ötdü, şəhidlərə hörmət və ehtiram daha da artdı.

Qara yaylıqlı qızlar, gəlinlər uzun yollara həsrətlə baxaraq bayatı, ağı dedilər:

Əzizinəm Ağdamdı,

Qara damdı, ağ damdı.

Yar yollara baxmaqdan,

Gözlərinə ağ damdı.

Şahid valideynlər şəhid bala həsrətiylə yanıb yaxıldılar, çoxları ağır dərdə dözmədi. Vətən itkisi, yurd nisgili, şəhid ruhu qəlbləri göynətdi.  ƏBƏDİYAŞAR İGİDLƏRİN ANIM GÜNÜ

Cavad Mikayılov ölümündən sonra 9 oktyabr 1994-cü ildə «Nümunəvi hərbi xidmətə görə» medalla, İsmayılov Əkrəm, Ağayev Rövşən, Nərimanov Nizami «Azərbaycan bayrağı» ordeni ilə, Quliyev Rafiq isə «Nümunəvi hərbi xidmətə görə» medalı ilə təltif olunsalar da, bu fəxri ad şəhidlərimizin doğmalarına, əzizlərinə təqdim olundu.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında yuxarıda adları qeyd olunan əbədiyaşar igidlərimizin anım günü keçirildi. Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək İctimai Birliyinin sədri, politoloq Tofiq Əlizadə tədbiri açdı və cəmi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, sonra dövlət himnimiz səsləndirildi. Tofiq müəllim bildirdi ki, tədbirin təşkilatçısı Asif Məhərrəmov (Fred Asif) adına İnkişaf Fondunun rəhbəri Hacı Ədalət Məhərrəmovdur. Hansı ki, bu qardaşlar - Asif başda olmaqla Ədalət, Səxavət, Bəhlul qardaşları vətən uğrunda canlarını fəda etmiş, əlil olaraq bu gün də gənclərimizin vətənpərvərlik ruhunda böyüməsində əzmlə çalışır, tədbirlər keçirirlər.

Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun rəhbəri, II dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov döyüş dostlarının cəsurluğundan iftixarla danışdı. Hacı Ədalət müəllimi olmuş Hacı Əkbərin oğlu Sənanın igidliyindən, ata və üç oğulun birlikdə mərdliklə vətənimizi, torpağımızı qorumasından qürurla danışdı. Onu da qeyd edək ki, Ağdam Rayon 2№ li tam orta məktəbi Sənan Əkbəroğlu Rüstəmovun adını daşıyır.

Natiq vurğuladı ki, tədbirdə iştirak edən Almaz Zeynalovanın həyat yoldaşı şəhid İbrahim Əhmədpurun qollarımın arasında son kəlmə sözü bu oldu: «Maaşımı evə, ailəmə çatdırın». Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri Almaz Zeynalova göz yaşları ilə dedi: «Həyat yoldaşım şəhid olarkən onun göndərdiyi 3 və 5 manatlıq qanlı pulları bu gün də saxlayıram».

Komandir Hacı Əkbər Rüstəmov bildirdi ki, biz döyüşəndə indiki polkovniklər harada idilər? Niyə köməyə gəlmirdilər? İndinin özündə də döyüşən oğlanlar tanıyıram ki, yaralansalar da hələ də təqaüd ala bilmirlər. Müdasfiə Nazirliyində oturan insanlar gərək vətəndaşlara diqqət və qayğılarını daha da artırsınlar. 

Ehtiyatda olan polkovnik Sücəddin Abdullayev geniş və əhatəli çıxış etdi.

Milli Ordumuzun ilk döyüşçü əsgər qızı, şairə Familə Fərmanlı Salman qızı nişanlısı Cavad Mikayılovun, eləcə də igid oğulların mübarizliyindən söhbət açdı.

Xatırlatma: Familə Fərmanlı 1991-ci ilin noyabrın 14-də yenicə formalaşan Azərbaycan Milli Ordusunun ilk döyüşçü əsgər qızı kimi Xocalıda əyninə hərbi libas geyinib, əlinə silah götürərək, əsgər oğullarımızla çiyin-çiyinə amansız qanlı döyüşlərdə təcavüzkar erməni quldurlarına qarşı mübarizəyə başlayıb.

1992-ci ilin yanvarın 25-də qantuziya alaraq qar üstündə, qan içində qalmış, yanvarın 26-da səhər saat 6:00-da komandiri Tofiq Hüseynov (Milli Qəhrəman) gəlib onu atası evinə aparmış, yanvarın 28-də son dəfə Xocalını tərk etmişdir. Familə Fərmanlı sonradan Ağdam məsçidinə gətirilən cəsədlərin yanında and içərək hərbi xidmətini yenidən Ağdam bölgəsində - mərhum Millət vəkili Eldar Bağırov adına Milli Ərazi Özünümüdafiə Taborunda davam etdirmiş və Allahverdi Bağırovun komandanlığı ilə bir çox döyüşlərdə iştirak etmişdir. O, Xocalı soyqırımından sonra erməni faşistlərinin Aranzəmin, Pircamal, Naxçıvanik kəndlərindən qovulub çıxarılmasında - qanlı döyüşlərdə şəxsi şücaəti ilə fərqlənmişdir.

845 saylı taborun komandir müavini, Qarabağın qeyrətli oğlu, şəhid atası Hacı Əkbər Rüstəmov «Qarabağ» qəzetində məhz Familə xanımın bu döyüşlərdə göstərdiyi hünər və rəşadətdən bəhs edib.

Bu döyüşçü xanımın xatirə qeydləri Qarabağ müharibəsinin ən dəhşətli məqamlarını gözlərimiz önündə canlandırır. Məlum olur ki, Xocalı soyqırımında düşmənə təslim olmasın deyə özünü məhf etmiş komandir Tofiq Hüseynovun cəsədini geri almaq üçün əfsanəvi komandir Allahverdi Teymur oğlu Bağırovdan xahiş etmiş, sonra həmin cəsədin Ağcabədinin Hindarx kəndində qazılmış hazır qəbirstanlıqda deyil, məhz Bakıda Şəhidilər Xiyabanında dəfn olunmasına nail olmuşdur.

Haşiyə: Onu da qeyd edim ki, Naxçıvanik erməni quldurlarından azad olunduqdan sonra Pircamal-Aranzəmin istiqamətində müəmmalı şəkildə minaya düşərək şəhid olmuş Allahverdi Bağırovun nəşinin Bakıda Şəhidlər Xiyabanında dəfn olunmasını çoxları istəsə də, qardaşı Əmir Bağırov vaxtilə demişdir: «Bəs Qarabağda uyuyan şəhidlərimizi hara aparaq?» Bakının 4-cü mikrorayonunda müəmmalı şəkildə qətlə yetirilmiş Millət vəkili Eldar Bağırovun məzarının yaxınlığındakı yeni salınmış Şəhidlər Xiyabanında  Allahverdi Bağırov sürücüsü Əmirlə birlikdə dəfn olunmuşdur.

Şair-jurnalist İlyas Qəmginin bir bayatısı yadıma düşdü:

Allahverdi Ağdama,

Arxa idi Ağdama,

Siz Allah bəd xəbəri

Yetirməyin Ağdama.

Ağdamda üç şəhid qəbirstanlıqlarımız bizim yolumuzu intizarla gözləmirmi?!

Aqil Kəngərlinin qələmə aldığı «Xocalı döyüşçüsü» kitabında Azərbaycanın ilk döyüşçü qızı, ixtisasca müəllimə olan Familə xanımın həyat fəaliyyəti geniş epik planda öz əksini tapıb.

Kitabın ön söz müəllifi Hafis Rüstəm Familənin vətənə sədaqətindən, fədakarlığından iftixarla yazır.

Milli Qəhrəman Tofiq Hüseynovun qızı Yasəmən xanım o illəri, uşaq yaddaşında qalanları göz yaşları ilə xatırladı.

Familə xanımın nişanlısına sədaqəti, bu gün də onun ruhu ilə danışması, məğrurluğu Azərbaycan qadınının qeyrətindən, əlçatmaz bir zirvədən boylanmasından xəbər vermirmi?

Könlünü nişanlısına verərək qız-gəlin qarıyan nənələrimiz azdırmı?

Bu məğrurluq başqa hansı xalqda ola bilərki?

Tədbirdə şəhid Rafiq Quliyevin qardaşı Çingiz Quliyev, o dövrdə məsul vəzifədə çalışmış Vəli Qaradağlı, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri, döyüşçü,  «Tərəqqi» medallı Şamil Sabiroğlu və digər natiqlər keçmiş xatirələrini bölüşdülər.

Çıxış edənlər vurğuladılar ki, şəhidlərimizin sığorta pulu ödənilməlidir. Bütün kateqoriyalardan olan əlillərin güzəştləri bərpa edilməli, onların maddi durumu daha da yaxşılaşdırılmalı, əlillərin üzlərinə bağlı məmur qapıları açılmalı və növbədənkənar qəbul olunmalıdırlar.

Sonra tədbir iştirakçıları keçmiş döyüşçülərlə xatirə şəkli çəkdirdilər.                        

   Rauf İlyasoğlu

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ