
Son günlər Ermənistanda və Qarabağda erməni rəsmilərinin səsləndirdikləri bəyanatlar Soçi görüşündə N.Paşinyanın narahat və narazı davranışına, onun birmənalı şəkildə öz strateji müttəfiqinin-Rusiyanın vasitəçiliyindən imtina etməsinə və sülh sazişi barədə danışıqların yalnız Minsk qrupu çərçivəsində aparılmasını mümkün saymasına aydınlıq gətirdi. Dəfələrlə demişdik ki, ABŞ və Fransadan fərqli olaraq Rusiya Qarabağın gələcəyinə münasibətdə Azərbaycanın mövqeyinə daha yaxındır və bu məsələ Ermənistan rəhbərliyini çıxılmaz vəziyyətə salır.
""Artsax”müstəqil dövlət olmalıdır”-kimi sərsəm bəyanatların reallaşmasının mümkünsüz olduğunu, Rusiyanın(deməli, həm də Türkiyənin) vasitəçiliyi ilə imzalanacaq sülh sazişinin ermənilərin gözləntilərinə qətiyyən cavab verməyəcəyini anlayan N.Paşinyan günahı özündən əvvəlki hakimiyyətin üzərinə yıxmaqdan başqa çıxış yolu görmür və son razılaşmaların müəyyən detallarını açır. Bəyan edir ki, işğal olunmuş ərazilər qaytarıldıqdan sonra Qarabağın aralıq statusunu ATƏT-in Minsk qrupu(Konfransı) deyil, BMT Təhlükəsizlik Şurası müəyyənləşdirməli idi. Bu isə şəksiz Azərbaycanın ərazi bütövlüyünün gözlənəcəyi deməkdir. Digər tərəfdən, N.Paşinyan razılaşmada azərbaycanlılar geri qaytarıldıqdan təqribən 100 il sonra keçirilməsi nəzərdə tutulan referendumda demoqrafik faktoru nəzərə alaraq nəticənin ermənilərin xeyrinə olmayacağını söyləmək məcburiyyətində qalır.
Ermənistan Baş nazirinin bu bəyanatı ermənilərə "Azərbaycanın ərazi bütövlüyünü tanımaq zorundayıq”-həqiqətini çatdırmaq cəhdi kimi qiymətləndirilməlidir.
Demək lazımdır ki, sonuncu müraciət N.Paşinyanın özündən əvvəlki hakimiyyətlərin tənqidinə yönəlmiş, sayı bəlkə yüzü çoxdan keçmiş çıxışılarından biridir. Elə isə, bundan əvvəlki tənqidi çıxışlara heç bir reaksiya verməyən "Qarabağ rəhbərliyi”nin indi bu cür kəskin münasibət bildirməsi nə ilə əlaqədardır?
Məsələ ondadır ki, həm Araik Arutyunyan, həm də digər ermənilər anlayırlar ki, əslində Baş nazirin bu söylədikləri Qarabağın gələcək taleyinin onların düşündükləri kimi olmayacağını, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmayacağını və Yerevanın buna inamının qalmadığını göstərməklə yanaşı, "samballı status” almağın qeyri-mümkün olacağını da anlamağa imkan verir. Bu bəyanatla N.Paşinyan birmənalı şəkildə "ikinci erməni dövlətinin” tabutuna sonuncu mıxı çalmış oldu. Araikin təcili bəyanat verməsi, eyni təşvişlə "parlamentin” iclasının çağırılması da məhz bu amillə bağlıdır.
Levon Ter-Petrosyanın hakimiyyəti dövründə gizli şəkildə mövcud olsa da, ermənilər arasında son 30 ildə heç vaxt bu səviyyədə qarşıdurma olmayıb və bu durum danışıqlarda Azərbaycanın mövqeyini xeyli gücləndirəcək, Araiki və ətrafındakıları ağır vəziyyətə salacaq və Qarabağdan ermənilərin növbəti "köç dalğasını” tətikləyəcəkdir. Hər şey bizim maraqlarımıza uyğun cərəyan etsə də qətiyyən arxayınlaşmamalı, ermənilər arasında yaranmış qarşıdurmadan maksimum yararlanmağa çalışmalı, sayıqlığımızı itirməməli və birliyimizi qorumağa, daha da möhkəmləndirməyə çalışmalıyıq.
Abutalıb Səmədov,
Azərbaycan Naminə Alyans Partiyasının sədri.
































