SON DƏQİQƏ
» » Prezident və xanımı Zəngilanda...- YENİLƏNİB

Prezident və xanımı Zəngilanda...- YENİLƏNİB

Tarix:

21-10-2021, 11:46

/ 3 052 dəfə oxundu.
Prezident və xanımı Zəngilanda...- YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də Zəngilan rayonunda Rəqəmsal Yarımstansiyanın təməlqoyma mərasimində iştirak ediblər.

 "Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına və birinci xanıma Zəngilanda tikiləcək Rəqəmsal Yarımstansiya və rayonun elektrik təchizatı sxemi barədə məlumat verdi. Bildirildi ki, 35/10 kV-luq 240 kilometrlik və 0.4 kV-luq 1050 kilometrlik elektrik veriliş xətti tamamilə yenidən qurulacaq. Ənənəvi təchizat sxemindən fərqli olaraq, yeni struktur şəbəkə iqtisadi baxımdan daha səmərəlidir. Yeni qurulacaq şəbəkədə "Ağıllı şəhər”, "Ağıllı kənd” layihələrinin infrastrukturu üçün bütün imkanlar mövcud olacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamında qarşıya qoyulan vəzifələrin icrası məqsədilə "Azərişıq” ASC tərəfindən Paylayıcı Şəbəkələrin Yaşıl Enerji Zonası tələbləri üzərində qurulmasına start verilib, "Ağıllı şəbəkələr” konsepsiyasının təməl elementlərindən biri olan Rəqəmsal Yarımstansiya layihəsi işlənib hazırlanıb. Bu cür yarımstansiyalar elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayır, emal edir, avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edir. Nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsi olan bu yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanması təmin edilir, bütün ölçülər yüksək dəqiqliklə aparılır. Avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri minimuma endirməyə imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalır. Rəqəmsal yarımstansiyalarda iş alınan və ötürülən elektrik enerjisinin miqdarına görə multifunksional rejimdə qurulur, cihaz və avadanlıqlar bir-birilə koordinasiya vəziyyətində işləyir, əməliyyatlar paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılır, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyəti təmin edilir. Ən əsası, "Yaşıl enerji” mənbələri şəbəkəyə inteqrasiya olunur. Bərpa olunan enerji mənbələrinin şəbəkələrə inteqrasiyası rəqəmsal yarımstansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. İstehlakçılar yarana biləcək texniki fasilə barədə məlumatı onlayn qaydada əvvəlcədən alır.

Diqqətə çatdırıldı ki, Kəlbəcərdə hərbi hissələri elektrik enerjisi ilə təchiz etmək üçün 132 kilometrlik yeni xətt çəkiləcək, 42 kilometrlik xətt isə bərpa olunacaq. Hazırda bu istiqamətdə işlər davam edir.

Prezident İlham Əliyev Rəqəmsal Yarımstansiyanın təməlini qoydu.

xxx

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.

"AzVirt” MMC-nin baş direktoru Kamil Əliyev dövlətimizin başçısına və birinci xanıma hava limanında görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, uçuş-enmə zolağının uzunluğu 3 min metr olan hava limanında tikinti işlərinə bu ilin may ayında başlanılıb. Zəngilan Hava Limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq.

 

Qeyd edək ki, rayonun coğrafi yerləşməsi və burada olan imkanlar Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün əlverişli şərait yaradır. Bundan əlavə, bu hava limanı Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafında böyük rol oynayacaq. Tikinti işlərinin 2022-ci ildə tamamlanması planlaşdırılır.

xxx

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də Zəngilan rayonunda səfərdə olublar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayonun Ağalı kəndində həyata keçirilən "Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış oldular. İlk "Ağıllı kənd” layihəsinin təməli 2021-ci ilin aprelində dövlətimizin başçısı tərəfindən qoyulub.

Kənd təsərrüfatı naziri İnam Kərimov məlumat verdi ki, layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. İnnovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir. Kənddə yaradılacaq "Ağıllı məktəb”də distant təhsilin aparılması üçün bütün imkanlar olacaq. Yeraltı kommunikasiya işlərindən içməli su, çirkab və sel suları xətlərinin qazma işlərinə başlanılıb. Park meydanında nəzərdə tutulmuş fəvvarənin ərazisində abadlıq işləri yekunlaşıb. Fəvvarədə quraşdırılacaq memarlıq abidəsi hazırlıq mərhələsindədir. Burada müasir şəhərsalma standartları tətbiq olunacaq. Piyada və velosiped yolları çəkiləcək. Bir sözlə, öz doğma yurdlarına qayıdacaq sakinlər üçün hərtərəfli şərait olacaq.

Onu da qeyd edək ki, burada kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı bir sıra işlər görüləcək. Artıq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunacaq torpaq sahələri müəyyənləşdirilib və lazımi innovativ texnikaların siyahısı hazırlanıb. "Ağıllı kənd təsərrüfatı”nda müasir suvarma sistemlərindən istifadə olunacaq. Bundan əlavə, "Ağıllı kənd” layihəsi üçün əkin planı hazırlanıb. Planda nəzərdə tutulmuş torpaq sahələrinin əkinə yararlılığı qiymətləndirilib və əkin üçün hazırlığa başlanılıb. Əkin planına əsasən müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb. "Ağıllı kənd”də kənd təsərrüfatı fəaliyyətinin bərpası və inkişafı üçün müvafiq şəraitin yaradılması məqsədilə layihə çərçivəsində ictimai fermanın qurulması nəzərdə tutulur. Fermada 250 baş iribuynuzlu və 600 baş xırdabuynuzlu mal-qaranın saxlanması mümkün olacaq. Burada "Ağıllı idarəetmə sistemi” data və təhlil mərkəzindən həyata keçiriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ