SON DƏQİQƏ

Bu məsələdə itirən Rusiya olacaq

Tarix:

19-12-2020, 08:09

/ 4 359 dəfə oxundu.
Bu məsələdə itirən Rusiya olacaq

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 44 gün ərzində işğal olunmuş torpaqlarımızı yağı düşməndən azad edərək dövlətimizin ərazi bütövlüyünü, süverenliyini de yure təmin etmişdir. Bu gün dünyada hamı, eləcə də, ərazilərimizin işğalında və 30 ilə yaxın bu işğalın davam etməsində qaniçən ermənilərə hərtərəfli siyasi-hərbi-iqtisadi dəstək verən Rusiya da, Azərbaycanın ərazi bütövlüyünü qəbul edir. İşğalçı, eyni zamanda vassal Ermənistan "dövləti" istisnadır... Yüyəni öz əlində olmayan bu marionet qrumu "dövlət" hesab edib onun mövqeyini nəzərə almağın mənası yoxdur. Amma gedən proseslər göstərir ki, Azərbaycanımızın Dağlıq Qarabağın hələ də ermənilərin (oxu Rusiyanın!) nəzarətində olan hissəsində süverenliyinin de fakto bərpası çətinliklərlə qarşılaşmaqdadır. Görünən odur ki, Rusiya "sülhməramlılarının" öz səlahiyyətlərini aşaraq cinayətkar ermənilərə hərtərəfli yardım göstərməsi onları ruhlandırıb, yenə də müstəqillikdən dəm vururlar.

 Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan dövləti buna heç bir zaman imkan verməyəcəkdir və ermənilər, eləcə də, onların havadarları, bunu yaxşı bilirlər. Ancaq görünən odur ki, ermənilərin havadarları, başda Rusiya olmaqla, ermənilərə Dağlıq Qarabağda heç olmasa hansısa "status" verilməsinə nail olmaq, bununla da, həm Ermənistana, həm də Azərbaycana təzyiq vasitəsini əldə saxlamaq fikrindən vaz keçmək istəmirlər. Rusiya Prezidenti V.Putinin illik mətbuat konfransında söylədiyi fikirlər sətiraltı olaraq bunu bir daha sübut edir. V.Putin deyib ki:"Dağlıq Qarabağda gərginlik uzun illər davam edib. Bunun xarici müdaxilə nəticəsində baş verdiyini düşünmürəm”(?). Bu fikri söyləməklə V.Putin demək istəyir ki, Azərbaycan ərazilərini Rusiyanın köməyi ilə Ermənistan deyil, bir ovuc Dağlıq Qarabağ erməniləri işğal edib (?). Sözünə davam edən V.Putin deyib ki: "Biz həmişə, uzun illər ərzində Dağlıq Qarabağ ətrafındakı 7 rayonun (fikir verin, Dağlıq Qarabağın yox!) Azərbaycana qaytarılması nöqteyi-nəzərindən çıxış etmişik...Beynəlxalq və hüquqi nöqteyi-nəzərdən bütün bu ərazilər Azərbaycan Respublikasının ayrılmaz hissəsidir. Bir daha təkrar edirəm, Ermənistanın özü belə Dağlıq Qarabağın müstəqilliyini tanımadı. Bu mənada bu vəziyyəti də nəzərə alaraq (?), Dağlıq Qarabağın özü də beynəlxalq hüquq baxımından Azərbaycandır”.

 İkibaşlı ifadələrdən görünür ki, Rusiya Prezidenti Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu inkar edə bilmir, bunu qəbul etmək zorundadır. Bəs elə isə niyə Xırdalana raket atmaqla, vertolyot vurulmasını təşkil etməklə tez-tələsik, "sülhməramlı" adı ilə Azərbaycana qoşun yeritdi və Daqlıq Qarabağın təmamilə işğaldan azad edilməsinə mane oldu? Nə üçün bu gün, bu ərazilərdə Azərbaycanın süveren hüquqlarının bərqərar olması, mülki hakimiyyətin ona qaytarılması üçün Azərbaycanla birgə işləmir? Nə üçün təcavüzkar, cinayətkar ermənilərlə əməkdaşlıq edir, erməni yaraqlılarının "sülhməramlıların" nəzarəti altında olan ərazilərdən çıxarılması üçün əlini "ağdan-qaraya vurmur", əksinə, KİV-də yayılan məlumatlara görə, onların toparlanmasına göz yumur? Nə üçün Rusiya "sülhməramlı" missiyasına zidd olaraq bu ərazilərdə özünü Rusiyaya məxsus ərazilərdə olduğu kimi aparır? Yəqin Rusiya hesab edir ki, bura da Abxaziyadır, Cənubi Osetiyadır, Dnestryanıdır. Və düşünür ki, o bölgələrdə olduğu kimi, "müxtəlif vasitələrlə" Azərbaycanda da öz istəyinə nail ola biləcəkdir. Amma başa düşmür ki, yanılır! Bura Azərbaycandır! Nəzərə almır ki, Prezident İlham Əliyevin dediyi kimi, ermənilərə heç bir status verilməyəcəkdir! Buna cəhd edəcəyi təqdirdə itirən Rusiya olacaqdır!

 Teyyub Qənioglu
Təkamül Partiyasının sədri 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ