
Kəlbəcər Dağlıq Qarabağın tərkibinə daxil olmadığından və Ermənistanla sərhəddə yerləşdiyindən ermənilərin dağlıq ərazidə yerləşən bu alınmaz qalanı işğal edəcəyinə heç kim inanmırdı. Ancaq gözləmədiyimiz oldu və erməni qoşunları Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq 1993-cü il aprelin 3-də rayon mərkəzini işğal etdilər. İşğal zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən 511 dinc sakin öldürüldü, 321 nəfər isə əsir və itkin düşdü, 53 mindən artıq insan öz dədə-baba torpaqlarından didərgin salındılar.
Beynəlxalq təşkilatlar Kəlbəcərin işğalına görə Qarabağda və Ermənistanda olan erməniləri "tənqid etdi”. ABŞ hücumu "pislədi”, Ermənistan hökumətinə "kəskin cavab" verib, müşayiət məktubu göndərdi.
Aprelin 6-da BMT TŞ sədrinin bəyanatı qəbul olundu. Lakin bu bəyanatda problemə düzgün qiymət verilmir, Kəlbəcərin işğalının guya "yerli ermənilər" tərəfindən həyata keçirildiyi vurğulanırdı.
Aprel ayının 30-da isə BMT TŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ilk qətnaməsi qəbul edildi. "BMT TŞ 822 saylı qətnaməsi" adlanan bu sənəd Təhlükəsizlik Şurası sədrinin əvvəllər verdiyi bəyanatlara istinadən hazırlanmışdı.
Qətnamədə BMT TŞ təcavüzkar qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın işğala məruz qalmış digər ərazilərindən çıxarılmasını tələb edirdi. Düşmən hücumlarına son qoymaq üçün mayın 6-da ABŞ, Rusiya və Türkiyə Kəlbəcər bölgəsindən Ermənistan qoşunlarının çıxarılması çağırışını təkrarladı və hər iki tərəfi rəsmi sülh danışıqlarına çağırdı.
Bu dəhşətli faciədən sonra da xalqımızın bir hissəsində ermənilərin dünya birliyi tərəfindən lənətlənəcəyinə və işğalçıların qısa müddətdə Kəlbəcərdən çıxarılacağına inam var idi. Sadəlövh insanların bu inamını ifadə edən Azərbaycan prezidenti Ə.Elçibəy belə hesab edirdi ki, Kəlbəcərindüşmən tərəfindən işğalı Qarabağ probleminin həllini asanlaşdıracaq və Ermənistan beynəlxalq aləm tərəfindən təcavüzkar elan ediləcək: «Mən heç də belə düşünmürəm ki, Kəlbəcər faciəsi mütləq sülh perspektivlərinin uzadılması ilə nəticələnməlidir. Hər şeydən əvvəl, bu faciə digər ölkələri – Amerika, İngiltərə, Rusiyanı bir qədər fəallaşmağa məcbur etdi. Klintonun mənə göndərdiyi teleqramda açıq aydın göstərilir ki, ermənilər işğal etdikləri ərazilərdən çixmalıdırlar. İran və Türkiyə çox sərt mövqe tutdular.
...Belə düşünürəm ki, həm ordumuzun həm də dünya birliyinin təzyiqi ilə ermənilər işğal etdikləri ərazilərdən tezliklə çıxmağa məcbur olacaqlar. Eyni zamanda, əgər indiki vəziyyət dünya birliyini münaqişəyə fəal siyasi müdaxiləyə cəlb edərsə, ermənilərin qələbəsi onlar üçün məğlubiyyətə çevriləcəkdir. Məsələ burasındadır ki, ayrı-ayrı ölkələrdə erməni lobbisi və erməni təbliğatından sonra, antiislami mülahizələrdən irəli gələn ermənipərəst ovqat nə qədər güclü olsa da, iş sülh prinsiplərinə gəlib çatanda həm BMT, həm ATƏT, həm də bu ölkələr hər şeydən əvvəl, beynəlxalq hüquqlara əsaslanacaqlar. Bizə isə məhz bu lazımdır».
Göründüyü kimi, həm xalqımız, həm ölkə rəhbərliyi beynəlxalq birliyə inanır və iri dövlətlərin erməni qəsbkarlığına son qoyacağına şübhə etmirdi. Etiraf etməliyik ki, hətta sonradan digər rayonlar işğal olunsa da bizim inamımız tam sarsılmadı və beynəlxalq aləmin "ədalətinə” inanmaqda bir müddət davam etdik.
90-cı illərin sonlarında bir qrup yazıçını qəbul edən Ulu Öndər Heydər Əliyev Bəxtiyar Vahabzadəyə müraciətlə, "Beynəlxalq münasibətlərdə ədalət yoxdur, Bəxtiyar müəllim!” - dedi. Bu dünya siyasətinin nəhəng simalarından olan bir şəxsiyyətin beynəlxalq aləmdə mövcud olan reallıqlara üsyanı idi. Eyni zamanda, o xalqımıza müraciət edərək izah etməyə çalışırdı ki, "biz haqsızlığın hökm sürdüyü dünyada "ədalət” axtarmamalı, reallıqları görməli və bu reallıqları nəzərə alaraq məqsədimizə nail olmağa çalışmalıyıq”.
Sonradan, Ulu Öndərin bu düşüncələrini prezident İlham Əliyev elə ustalıqla reallaşdırdı, "ədalətsiz dünyada” ədaləti elə bərpa etdi ki, baş verən hadisələr bütün dünyanı heyrətə saldı. Ən böyük təəccüb və sarsıntını isə ermənilər yaşadılar. "Küçədən hakimiyyətə” gələndən sonra dalbadal avantürist bəyanatlar verən N.Paşinyanın ağlına belə gəlməzdi ki, bir neçə aydan sonra rəzil vəziyyətə düşəcək və dünya liderləri onun telefon zənglərinə cavab verməyəcəklər. Cavab verənlər də heç bir kömək göstərməyəcək, başdansovdu vədlərlə yalan ümidlər yaradacaq, fəlakətin qarşısını vaxtında almağa və vaxtında "ağ bayraq” qaldırmağa imkan verməyəcəklər.
Bəli, Ulu Öndəri üsyan etdirən "ədalətsiz dünya düzəni”nin mahiyyətini və onu dəyişmək yollarını hamıdan yaxşı bilən İlham Əliyev "küçə siyasətçilərinin” avantürist addımlarına və səviyyəsiz bəyanatlarına məhəl qoymadan həm "güc mərkəzləri” ilə zəruri iş apardı, həm də ordunu məqsədyönlü şəkildə yetişməkdə olan müharibəyə hazırladı. "Xüsusi təyinatlı”ların hazırlanmasına, əsgərlərin müasir üsullarla təlim keçməsinə xüsusi diqqət ayırdı, ordumuzun ən müasir silahlarla təchiz olunmasını təmin etdi.
Nəticədə, illərlə arzusunda olduğumuz qələbələr gəldi. Ermənilər tarix boyu unutmayacaqları məğlubiyyətləri yaşadılar və "təslim aktı”na qol çəkməyə məcbur oldular. Həmin sənədə görə sentyabrın 25-də ağlaya-ağlaya Kəlbəcərdən çıxmaq məcburiyyətində qaldılar. Müzəffər ordumuz bir güllə atmadan, bir şəhid vermədən 27 il əvvəl tərk etdiyimiz yurdumuza daxil oldu.
İlk dəfə 1993-cü ilin aprel ayında yenicə itirdiyimiz vətən torpağını geri almaq üçün əməliyyat planı hazırlanmışdı.Lakin orduda vahid rəhbərliyin olmaması bu planın həyata keçirilməsinə imkan verməmişdi. Sonradan, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə formalaşmağa başlayan nizami ordumuz Kəlbəcəri azad etmək məqsədilə hücum əməliyyatına başlamış, Kəlbəcərin müəyyən hissələrinə nəzarəti ələ keçirsə də məqsədinə nail ola bilməmiş, Kəlbəcər düşmən tapdağında qalmaqda davam etmişdi.
Böyük Heydər Əliyevin bu arzusunu da Müzəffər Ali Baş Komandanımız İlham Əliyev reallaşdıra bildi və Kəlbəcər üçüncü cəhddə erməni işğalçılarından tamamilə təmizləndi. Həm bu cənnət torpağımızı işğalda saxlayacaqlarına ümid edən ermənilərin, həm də göstərilən müddətdə Kəlbəcərin boşaldılıb, təhvil verilməyəcəyini və prezident İ.Əliyevi tənqid etməyə imkan yaranacağını düşünənlərin arzuları gözlərində qaldı.
Azərbaycan tarixində möhtəşəm qələbələri ilə Müzəffər Prezident kimi daim qalacaq İlham Əliyevə mane olmağa çalışanların, xarici qüvvələrin maraqları naminə dövlət başçımıza qarşı ləyaqətsiz üsullarla mübarizə aparanların arzuları bundan sonra da gözlərində qalacaq.
Abutalıb Səmədov,
Azərbaycan Naminə Alyans Partiyasının sədri