SON DƏQİQƏ
» » Torpaqlarını işğaldan azad edən Azərbaycan bölgədə yeni reallıqlar formalaşdırır

Torpaqlarını işğaldan azad edən Azərbaycan bölgədə yeni reallıqlar formalaşdırır

Tarix:

29-10-2020, 08:32

/ 3 402 dəfə oxundu.
Torpaqlarını işğaldan azad edən Azərbaycan bölgədə yeni reallıqlar formalaşdırır


27 sentyabr 2020-ci il tarixindən – Vətən müharibəsi başlayan ilk gündən döyüşən tərəfləri, həmçinin dünya siyasətçilərini, politoloqlarını, jurnalistlərini, bir sözlə hamını düşündürən əsas suallardan biri də bu idi ki, Rusiya bu savaşa necə yanaşacaq və hansı mövqeni tutacaq.

Biz müharibənin ilk günündən başlayaraq hazırkı vaxta qədər Rusiya tərəfindən Azərbaycana və Ermənistana balanslaşdırılmış münasibətin şahidi oluruq. Rusiya ilk günlər bu hadisələri susqunluq, səbr və təmkinlə qarşıladı. Nəhayət, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 7-də, hərbi əməliyyatlar başlayandan 10 gün sonra sükutu pozdu və "Rossiya-1" telekanalına müsahibəsində belə bir bəyanat verdi: "Döyüş əməliyyatları Ermənistan ərazisində aparılmır".

Jurnalistin "Rusiya Prezidenti Dağlıq Qarabağ ətrafındakı son hadisələri necə dəyərləndirir" sualının cavabında Vladimir Putin deyib: "Bu, faciədir, biz çox narahatıq. Azərbaycan da, Ermənistan da, Dağlıq Qarabağ da – bütün bu ərazilərdə yaşayan insanlar bizə yad deyillər. Bunu demək kifayətdir ki, bizim hesablamalara görə, bizdə – Rusiyada, təqribən 2 milyon azərbaycanlı və 2 milyondan çox erməni yaşayır. Rusiyanın çoxsaylı vətəndaşları hər iki respublika ilə sıx dostluq və hətta qohumluq əlaqələri saxlayır. Əlbəttə, bu, böyük faciədir. İnsanlar həlak olur, hər iki tərəf böyük itkilər verir. Biz ümid edirik ki, ən yaxın zamanda bu münaqişə dayandırılacaq. Lakin əgər münaqişə tamamilə başa çatmasa, – hər şeydən görünür ki, bu, hələ tezliklə olmayacaq, – hər halda biz atəşkəsə çağırırıq, bunu bir daha demək istəyirəm, çağırırıq. Özü də bunu mümkün qədər tezliklə etmək lazımdır".

Həmin müsahibədə Vladimir Putin xatırladıb ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və bu müqavilə çərçivəsində Rusiyanın Ermənistan qarşısında müəyyən öhdəlikləri var. Bununla belə, Prezident Vladimir Putinin "Lakin biz çox təəssüflənirik ki, döyüş əməliyyatları indiyədək davam edir. Bu əməliyyatlar Ermənistan ərazisində aparılmır” fikri isə artıq Ermənistan üçün bir mesaj idi ki, bizdən umduğunuz köməkliyi ala bilməyəcəksiniz.

Bu kontekstdə KTMT-nin baş katibi Aleksandr Zasın aşağıdakı fikirləri də maraq doğurur: "KTMN-nin nizamnaməsi təşkilata daxil olan ölkələrin suverenliyinə və bütövlüyünə təhlükə olan zaman münaqişəyə müdaxilə etməyi mümkün hesab edir. Bu cür hallar bizim normativ sənədlərdə dəqiq yazılıb. İki halda – birincisi, təşkilata üzv olan ölkələrin təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə real təhlükə yaranan halda, həmin ölkə quruma müraciət etməkdə haqlıdır. İkinci hal isə təcavüz və hərbi hücumdur. Belə olan halda bu, bütün üzv ölkələrə qarşı təcavüz kimi qiymətləndirilir. Bu zaman sorğu əsasında bizim ölkələr təcavüz obyektinə dərhal hərbi yardım daxil olmaqla bütün yardımı göstərir".

Beləliklə, Rusiya Prezidenti Vladimir Putindən sonra KTMT baş katibinin bu cür açıqlaması işğalçı Ermənistanın əlinin bu təşkilatın da ətəyindən üzüldüyünü göstərir. Bir daha aydın olur ki, nə Rusiya Prezidenti Vladimir Putinin, nə də KTMT rəhbərliyinin münaqişəyə qoşulmaq niyyəti yoxdur. Belə bir niyyətin olmadığını bilən Ermənistan qəsdən davamlı olaraq Azərbaycan ərazilərini, ətraf rayonların, böyük şəhərlərin dinc əhalisini, mülki obyektləri atəşə məruz qoyur ki, Azərbaycan rəhbərliyinin səbri tükənsin və Ermənistan ərazisinə hücum edilsin və atəş açılsın. Bu halda, KTMT-nin müdaxiləsinə əsas yarana biləcəkdi. Ermənistanın bu çirkin niyyəti baş tutmadı. Yəni, Azərbaycan rəhbərliyi provokasiyaya getmədi və birbaşa Ermənistan ərazisinə cavab zərbələri endirilmədi. Lakin Rusiya rəhbərliyinin rəsmi mövqeyinə məhəl qoymayaraq həmin ölkənin bir çox informasiya agentlikləri, telekanalları, siyasətçiləri vasitəsilə Azərbaycan əleyhinə yalan və iftiralarla dolu əks-təbliğat işi aparılır. Rusiyada bəzi siyasətçilərin atəşkəsi qeyd-şərtsiz şəkildə bərpa etmək çağırışları işğalçı Ermənistanı düşdüyü ağır vəziyyətdən xilas etməyə hesablanıb. Lakin yaxşı olardı ki, həmin aparıcılar, siasətçilər və şərhçilər Ermənistana müraciət edib mümkün qədər tez bir zamanda işğal etdiyi torpaqları boşaltmağı tövsiyə edəydilər.

Bu məqamda Rusiya Prezidentinin oktyabrın 22-də "Valday" Diskusiya Klubunun XVII videokonfransındakı fikirlərinə də diqqət yetirmək vacibdir. Belə ki, həmin konfransda Vladimir Putin sentyabrın 27-də hərbi əməliyyatlar başlayan gündən ilk dəfə proseslər barədə konseptual çıxış etdi.

Birincisi, Vladimir Putinin çıxışı Cənubi Qafqazda güc nisbətinin dəyişdiyini, Rusiyanın da yeni geosiyasi reallıqlar müstəvisində kənar oyunçu statusu ilə əsla kifayətlənməyərək Azərbaycanla Ermənistana təsir imkanlarını əldən verməməyə çalışacağını göstərdi.

İkincisi, Vladimir Putin bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ABŞ-ın fəal iştirakına bel bağlayır. ABŞ-ın bu münaqişənin həllinə cəlb olunmasının zəruriliyini qeyd edən Rusiya Prezidenti deyib: "Azərbaycan və Ermənistanın xarici işlər nazirləri növbəti dəfə yanımıza, Moskvaya gəldilər. Oktyabr ayının 23-də onlar Vaşinqtonda görüşəcəklər. Çox ümid edirəm ki, amerikalı tərəfdaşlarımız bizimlə həmahəng davranacaqlar, nizamlanmaya yardım edəcəklər. Yaxşıya ümid edək".

Rusiya Prezidenti vurğulayıb ki, 1992-ci ildə yaradılmış Minsk qrupunun həmsədrləri kimi Rusiya, Fransa və ABŞ-ın üzərinə məsuliyyət düşür, prosesin bütün iştirakçıları vəziyyətin tənzimlənməsinə səmimiyyətlə can atırlar, lakin Rusiya kimi, heç kim bunda maraqlı deyil.

Münaqişənin həlli ilə bağlı Rusiya Prezidenti ilk dəfə olaraq Rusiyanın neytral mövqe tutduğunu dilə gətirib. Rusiya Prezidenti qeyd edib ki, münaqişə başlanan andan, yalnız Ermənistanla yox, Azərbaycanla da daim xüsusi əlaqələrimiz olub.

Bəzi yerli ekspertlərə görə, Putinin Qarabağ münaqişəsi ilə bağlı dediklərini birbaşa Azərbaycana və ya Ermənistana dəstək qismində qəbul etmək olmaz. Məsələn, Elçin Alıoğlu öz analitik yazısında qeyd edir ki, Putin həmişəki kimi daha çox eyhamlarla danışıb və sözlərini ünvanlara çatdırıb. Lakin Kreml rəhbərinin dediklərindən konkret aydın olur ki, Azərbaycan Ordusunun Qarabağda apardığı döyüşlərə Rusiya heç bir halda aşkar müdaxilə etməyəcək: "Ermənistana dəstək təbii ki, bundan sonra da olacaq. Məlumdur ki, Rusiya Azərbaycanın Ermənistanı fəlakətli şəkildə məğlub etməsini istəmir".

Moskvanın müharibəyə yanaşmasını "Şərq" qəzetinə dəyərləndirən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə bildirib ki, Rusiya Prezidenti Vladimir Putin regionda baş verən prosesləri çox aydın şəkildə görür və düzgün qiymətləndirir. Partiya rəhbərinin sözlərinə görə, müəyyən bir dövrdə Ermənistan Rusiya üçün Kremlin maraqlarını ifadə etmək üçün əlverişli alət hesab olunurdu. ADP sədri onu da bildirib ki, "Artıq proseslər fərqli istiqamətdə cərəyan edir. Rusiyanın indiki maraqları türk və islam dünyası ilə daha sıx qarşılıqlı əməkdaşlığı tələb edir. Bu əlaqələrin formalaşmasında ən böyük maneə işğalçı Ermənistandır. Putinin "Azərbaycan əraziləri əbədi işğalda qala bilməz" ifadələri Rusiyanın Cənubi Qafqaz siyasətində 180 dərəcəlik dönüşü deməkdir ".

Deməli, Kreml tamamilə fərqli siyasi kurs götürüb və məqsədlər yenilənib. Rusiya rəhbəri bütün dünyaya mesaj verdi ki, bundan sonra regiondakı bir çox problemin həllində Ankara ilə ortaq çalışacaq. Bu mövqe bizim üçün çox xoşagələn yanaşmadır.

Politoloq Natiq Miri isə bildirib ki, V.Putin hər iki ölkənin ondan inciməməsi üçün belə açıqlama verib. O, deyib ki, Rusiya lideri Azərbaycan torpaqlarının əhəmiyyətli hissələrinin itirilməsi vəziyyətinin davam edə bilməyəcəyini deməklə, əslində reallığı söylədi: "Məgər 30 il qısa müddətdir ki?! 30 il bir insan ömrüdür. Ayrıca, bu gün vasitəçilik etmək istəyən ölkələr erməniləri müdafiə etdikləri üçün Azərbaycanın işğalda olan torpaqlarının azad edilməsi bu qədər gecikib".

Politoloq bu vəziyyətdə Azərbaycanın yeridəcəyi siyasətə toxunaraq deyib ki, istənilən halda Bakı müstəqil və suveren xarici siyasət yürütməklə yanaşı, bölgədə strateji aktor rolunu oynayan İran və Rusiya ilə münasibətlərini daha da inkişaf etdirəcək.

Bu məqamda onu da qeyd edək ki, hərbi əməliyyatların Dağlıq Qarabağdakı erməni separatçıları üçün fəlakətli nəticələrini görən Rusiya hələlik aktivləşmək niyyətində olmadığını açıq formada bəyan edir. Putinin ardınca Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Pankinin açıqlaması da ermənilərdə məyusluq yaradıb. Pankin bəyan edib ki, münaqişə Ermənistan ərazisinə keçmədiyi müddətcə Rusiyanın, eləcə də KTMT-nin hər hansı müdaxiləsindən söhbət gedə bilməz: "KTMT öz üzv dövlətlərinə müəyyən vəziyyətlərdə, açıq-aşkar aqressiya olarsa, kömək edir. Münaqişənin Ermənistanda deyil, Qarabağda getdiyi vaxtda KTMT-nin köməyindən danışmaq düzgün deyil".

Sonda belə bir nəticəyə gəlmək olar ki, Ermənistanla sıx əlaqələrin Rusiya üçün yaxın perspektivdə heç bir uğuru yoxdur. Ölkəmiz Rusiya ilə münasibətlərə çox yüksək dəyər verir və əlaqələrin hərtərəfli, ən geniş miqyasda inkişafında maraqlıdır. Cənubi Qafqazda siyasi, geosiyasi, hərbi, iqtisadi və s. baxımdan, real lider mövqe Azərbaycanaməxsusdur.Bir sözlə, torpaqlarını işğaldan azad edən Azərbaycan bölgədə yeni reallıqlar formalaşdırır.

 

İlkin ƏLİYEV,

Gənc Politoloqlar Mərkəzinin sədri


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ