SON DƏQİQƏ
» » Büdcə vəsaitlərinin xərclənməsinə nəzarət gücləndirilməlidir

Büdcə vəsaitlərinin xərclənməsinə nəzarət gücləndirilməlidir

Tarix:

11-08-2020, 16:44

/ 1 453 dəfə oxundu.
Büdcə vəsaitlərinin xərclənməsinə nəzarət gücləndirilməlidir

Partiya sədri: «Azərbaycan Prezidentinə tabe olan "Büdcəyə Nəzarət Komitəsi"nin
y
aradılması məqsədəuyğun olar»  

«Ölkədə büdcə vəsaitlərinin xərclənməsinə nəzarəti gücləndirmək məqsədi ilə, bilavasitə Azərbaycan Prezidentinə tabe olan "Büdcəyə Nəzarət Komitəsi"nin yaradılması məqsədəuyğun olardı». Bu sözləri «Azad Azərbaycan» qəzetinə açıqlamasında Təkamül Partiyasının sədri  Teyyub Qənioğlu bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin avqust ayının 6-da, ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videokonfrans formatında keçirdiyi müşavirədə söylədiyi geniş nitq, xüsusilə də, büdcə vəsaitlərinin talanması ilə bağlı dediyi fikirlər, cəmiyyətdə kifayət qədər güclü rezonans doğurmaqdadır: «Koronavirusun işsiz, müvəqqəti olaraq işini itirmiş insanlara, eləcə də aztəminatlı ailələrə mənfi təsirinin yumşaldılması istiqmətində dövlət səviyyəsində həyata keçirilən tədbirlər barədə məlumat verən Prezident, onların gələcəkdə də davam edəcəyini qeyd etdi. Azərbaycan Prezidenti bir daha vurğuladı ki, pandemiya şəraitində dövlətin prioritet vəzifəsi onun insanların yaşayışına mənfi təsirlərinin azaldılmasıdır: «Ancaq müşahidələr göstərir ki, qeyd edilən sahədə dövlət səviyyəsində nəzərdə tutulan tədbirlərin operativ və şəffaf şəkildə həyata keçirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin ciddi şəkildə təkmilləşdirilməsinə ehtiyac var».

Partiya sədri qeyd etdi ki, Prezident İlham Əliyevin ölkəmizdə sosial-iqtisadi vəziyyət və onu doğuran bəzi səbəblərlə bağlı söylədiyi fikirlər bir daha göstərdi ki, onun dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, nəzarətsizlikdən sui-istifadə edən yüksək səviyyəli məmurlar büdcə vəsaitlərini talamaqda davam edirlər: «Prezident haqlı olaraq soruşdu ki, büdcədən ayrılan milyardlarla manat vəsait müqabilində nə üçün ARDNŞ, AZAL, «Azəreneji», «Azərişıq» (bu sıraya «Azərsu», «Metropoliten» və s. daxil etmək olar) yenə də zərərlə işləyir və  büdcəyə mənfəət vergisi ödəmirlər? Hara sovrulur büdcədən ayrılan vəsaitlər? Cavabı uzaqda axtarmaq lazım deyil. Büdcədən ayrılan vəsaitlərin və onların gətirdiyi mənfəətlərin hara "sərf edildiyini" müəyyən etmək üçün KİV-ə ötəri nəzər salmaq kifayətdir! Cənab Prezidentin qeyd etdiyi və etmədiyi səhmdar cəmiyyətlərin, digər  bəzi dövlət orqanlarının, dövlətə məxsus idarə və təşkilatların rəhbərlərinin büdcə vəsaitlərinin talanması, korrupsiya və rüşvətxorluq yolu ilə "əldə etdikləri" vəsaitlər hesabına ölkə daxilində və xaricində iqtisadi imperiyalar yaratdıqları hamıya gün kimi aydın deyilmi? Və aydındır ki, bütün bunların səbəbi büdcə vəsaitlərinin xərclənməsinə nəzarətin zəif olması, məmurlarda cavabdehlik anlayışının olmaması, cəzasızlıqla bağlıdır. Sual oluna bilər ki, nə üçün xəstədən 20 manat alan həkim, 8 mart bayramında, müəllim günündə valideynlərdən 10-20 manatlıq hədiyyə alan müəllim cəzalandırıldığı halda, büdcədən milyardlar mənimsəyənlər cəzasız qalırlar? Məgər bütün bunlara Prezident nəzarət etməlidir? Hara baxır müvafiq orqanlar, məsələn, Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsinə uyğun olaraq  Milli Məclisin büdcəyə nəzarət məqsədi ilə yaradılmış Hesablama Palatası? Müşahidələr göstərir ki, bu Palata istisnasız olaraq öz yoxlamalarını büdcədən milyardlar ayrılan dövlət orqanlarında, dövlətə məxsus səhmdar cəmiyyətlərdə və s.  deyil, onlarla müqayisədə qəpik-quruş ayrılan bələdiyyələr kimi təşkilatlarda aparır. Yəqin Palatanın milyardlar ayrılan dövlət orqanlarında, dövlətə məxsus səhmdar cəmiyyətlərdə və s.  yoxlamalar aparmasına ya "səlahiyyətləri" çatmır, ya da yasaqlanıb. Ona görə də, hesab edirk ki, büdcə vəsaitlərinin xərclənməsinə nəzarəti gücləndirmək məqsədi ilə, bilavasitə Respublikanın Prezidentinə tabe olan "Büdcəyə Nəzarət Komitəsi"nin yaradılması məqsədəuyğun olardı.

T.Qənioğlu bir məsələni də diqqətə çatdırmağı vacib hesab etdi: «Məlumdur ki, bəzi yüksək səviyyəli məmurların (nazirlərin, komitə sədrlərinin, səhmdar cəmiyyətlərin və s.) övladları xacdə yaşayır və yaşadıqları ölkələrin vətəndaşlığını alıblar, bu ölkələrdə geniş biznes şəbəkəsinə sahibdirlər. Və təbiidir ki, həmin dövlətlərin qarşısında müəyyən mükəlləfiyyətlər daşıyırlar. Ekstremal şəraitdə (Allah eləməsin!) həmin övladların yüksək çinli valideynlərinin milli təhlükəsizliyimiz üçün təhdid mənbəyi olmayacaqlarına kim zəmanət verə bilər? Hesab edirəm ki, cənab Prezidentin bu məsələyə də diqqət ayırması məqsədəuyğun olardı».

Bilman İSAQ

скачать dle 12.1

Şərhlər