SON DƏQİQƏ
» » “Qarşıdakı aylar Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq”

“Qarşıdakı aylar Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq”

Tarix:

25-05-2018, 09:19

/ 10 309 dəfə oxundu.
“Qarşıdakı aylar Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq”

Trampın prezident İlham Əliyevə məktubunda Dağlıq Qarabağla bağlı heç vaxt verilməyən işarə; “Sizinlə birgə işləməyi səbirsizliklə gözləyirəm”

ABŞ prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Amerika xalqı adından Sizi və Azərbaycan xalqını Respublika günü və Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə təbrik edirəm.

Azərbaycan və Birləşmiş Ştatlar mürəkkəb regional çağırışların həlli üçün birgə işləyərək sıx tərəfdaşlıq edirlər. Təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində əməkdaşlığınızı, habelə uzunmüddətli ticarət əlaqələrimizi dəyərləndirirəm. Enerji sahəsində illərlə davam edən əməkdaşlığımız bu il, inanılmaz bir nailiyyət kimi, Avropanın zəruri enerji təhlükəsizliyini təmin edəcək ilk qazın Cənub Qaz Dəhlizi vasitəsilə nəqli sayəsində zirvəyə yüksəlmişdir. Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaqdır. ATƏT-in Minsk Qrupunun həmsədri kimi Birləşmiş Ştatlar bu münaqişənin sülh yolu ilə dayanıqlı həlli üçün Sizinlə əməkdaşlığı səmimiyyətlə arzulayır.

Sizi və bütün Azərbaycan xalqını bu əlamətdar yüzillik münasibətilə bir daha təbrik edir və Sizinlə birgə işləməyi səbirsizliklə gözləyirəm".

Təbrikdə diqqət çəkən məqamlardan biri ABŞ prezidentinin qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açılacağını qeyd etməsidir.

Politoloq Elxan Şahinoğlu D.Trampın bu cümlə ilə nəyə işarə etmək istədiyini şərh edib. E.Şahinoğlu bildirib ki, Tramp ilk dəfədir ki, bu cür cümlə işlədir və bununla sanki nəyəsə işarə edir: “ABŞ prezidenti Donald Trampın 28 May Cümhuriyyət bayramımızla bağlı Azərbaycanın dövlət başçısı İlham Əliyevə göndərdiyi iki məktubu müqayisə etdim. Məktublarda eyni cümlələr çoxdur, ancaq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cümlələrdə ciddi fərq var. Trampın 2017-ci ilin may ayında İlham Əliyevə göndərdiyi məktubda Dağlıq Qarabağla bağlı yalnız bu cümlə yer alıb: ”ABŞ eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini qətiyyətlə dəstəkləyir".

Tramp builki təbrik məktubunda isə birincisi, Qarabağla bağlı cümlələrin sayını ikiyə çatdırıb, ikincisi ilk cümləsində nəyəsə işarə edib: “Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaq. ATƏT-in Minsk Qrupunun həmsədri kimi Birləşmiş Ştatlar bu münaqişənin sülh yolu ilə dayanıqlı həlli üçün Sizinlə əməkdaşlığı səmimiyyətlə arzulayır”.

Görəsən, Tramp “qarşıdan gələn aylar” dedikdə nəyi nəzərdə tutur?

Bəlkə Ağ Ev administrasiyası Ermənistanda yeni hakimiyyətə ümid bəsləyir və ya özü qollarını çırmalayaraq Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşmaq istəyir? Əgər belə bir istək varsa, il ərzində Tramp Azərbaycan və Ermənistan prezidentərini Ağ Evə dəvət etməlidir".

Politoloq sonda qeyd edib ki, Trampın verdiyi vədləri (Meksika ilə divar, Qüdsün paytaxt kimi tanınması, İranla nüvə anlaşmasından imtina) yerinə yetirdiyini müşahidə edirik: “Ona görə də Ağ Ev sahibinin İlham Əliyevə göndərdiyi məktubdakı sözlərin də boş mahiyyət daşımadığına inanmaq istərdik”.(Y.M)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ