
Oktyabrın 13-də Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının məhdud şəkildə iclası sonra işini geniş tərkibdə davam etdirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Şurasının iclasında çıxış edib
Prezident çıxış edərək bildirib: "Hörmətli Sadır Nurqojoyeviç, hörmətli dövlət başçıları. Əvvəlcə, qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə Qırğızıstan Prezidenti Sadır Nurqojoyeviç Japarova təşəkkür etmək istərdim.
Şadam ki, Qırğızıstan və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri uğurla inkişaf edir. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı əldə olunmuş razılaşmalar yerinə yetirilir. Azərbaycan Qırğızıstanda investisiya layihələrini həyata keçirməyə başlayıb. Əməkdaşlığı dərinləşdirmək məqsədilə Azərbaycan-Qırğızıstan İnvestisiya Fondu yaradılıb. Fürsətdən istifadə edərək Qırğızıstan rəhbərliyini ölkənin sosial-iqtisadi inkişafında uğurları münasibətilə təbrik etmək istərdim".
İlham Əliyev Rusiya Federasiyasının növbəti ildə MDB-də sədrliyinin həyata keçirilməsində hörmətli Vladimir Vladimiroviç Putinə uğurlar diləyib.
Azərbaycan Prezidenti qeyd edib ki, tədbirimizin əlamətdar hadisəsi Özbəkistan Prezidenti, hörmətli Şavkat Miromonoviç Mirziyoyevin MDB-nin Fəxri Nişanı ilə təltif edilməsidir. Şavkat Miromonoviçi bu layiqli mükafat görə təbrik edirəm. Qardaş Özbəkistanla bağlı olan digər mühüm hadisə Səmərqənd şəhərinin 2024-cü ildə “Birliyin mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı qərardır.
Prezident İlham Əliyev əlavə edib ki, Azərbaycan MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır. MDB-nin bir çox üzv ölkələri Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın tranzit imkanlarından fəal istifadə edirlər. Bu iki nəqliyyat dəhlizinin ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə həyata keçirilən və perspektiv layihələr ölkələrimizin nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi işinə və əmtəə dövriyyəsinin artırılmasına xidmət edəcək.
Sonda Prezident tədbirin yüksək səviyyədə təşkilinə görə Qırğızıstan Prezidentinə təşəkkürünü bildirərək bildirib ki, sammitin nəticələri gələcəkdə əməkdaşlığımızın möhkəmlənməsinə xidmət edəcək.
Bilman İSAQ