SON DƏQİQƏ

Öz qanıyla tarixə MƏRDLİK YAZAN KAMRAN

Tarix:

22-12-2020, 09:31

/ 6 495 dəfə oxundu.
Öz qanıyla tarixə MƏRDLİK YAZAN KAMRAN

Şəhidlər ölməz, heç vaxt unudulmaz! 

Vətən uğrunda ölənlər, demə, ölmüş, diridir,

Öz qanıyla yazıb o tarixə mərdlik əsəri.

Seyidağa Həbibov

...2020-ci il oktyabrın 31-də axşam saat 19.00-da Maştağa kəndi böyük bir izdihamla 5 minə yaxın böyüklü-kiçikli sakini – gənci, yaşlısı və ağsaqqalı ilə birlikdə Vətən uğrunda qanından, canından keçmiş bir şəhid, 19 yaşlı Tağıyev Kamran Fikrət oğlunu son mənzilə yola salırdı. Qəsəbənin Şəhidlər Xiyabanına tərəf gedən yolda şəhid tabutunu barmaqları üstündə qaldıraraq, yeriyən insanların üzlərində məsum əsgər övladın ürək ağrılı itkisindən yaranan kədər və göz yaşları, dillərində Allah kəlamları – zikr və dualar, içərilərində düşmənə qarşı qəzəb və intiqam hissləri yaranmışdı. Hər kəsdə bir pərişan hal vardı. Çünki, şəhidini torpağa tapşıran məqamdan sonra elə bil hamı ölkədə hərbi vəziyyət vaxtının yaxınlaşdığını belə unutmuşdu. Bax elə beləcə Maştağa əhli Kamranın valideynlərinin dərdinə şərik olaraq, Qarabağın azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan 12-ci şəhidini elliklə və böyük qürur hissləri ilə dəfn edirdi.Öz qanıyla tarixə MƏRDLİK YAZAN KAMRAN

Azərbaycan mayası nur, qayəsi nur ki,

Hər daşından alov dilli ox ola bilər.

Azərbaycan deyiləndə ayağa dur ki,

Ana yurdun ürəyinə toxuna bilər.

Məmməd Araz

...31 oktyabrdan 10 gün, nağıl dili ilə desək 240 saat sonra, axşamdan bir az keçmiş, gündüzlü sabahın qaranlıq gecəsinin yuxusunu ərşə çəkdiyi bir anda kəndin hər yerindən cavanların maşınların siqnallarına qarışmış ...qələbə!...qələbə!... sədalı sevinc dolu qışqırıq səsləri ətrafı bürümüşdü. Daha sonra bu səslər hər yerdən – Maştağadan tutmuş Bakı şəhərindən, Sumqayıtdan, Qubadan, Lənkərandan, Şəkidən, Gəncədən, Qarabağdan, Naxçıvandan və Azərbaycanın bütün guşələrindən Ali Baş Komandanın əzəmətli və hökmlü səsinə köklənərək, hər tərəfdən eşidilirdi. Qələbə əzmilə səslənən "Düşmənə qalib gəlmişik!”, "Torpaqlarımızı geri almışıq!”, "Qarabağ Azərbaycandır” kimi şüarlar sanki qalib Ordumuzun müzəffər döyuşçülərinin qanı və canı ilə qazanılan Zəfər himninə çevrilmişdi. Bu, əslində özünün Şəhidləri, qaziləri və yenilməz qəhrəmanları ilə fəxr edən bir millətin, dövlətin və Azərbaycanımızın qüruru idi.

Bu əvəzsiz xidmətlərinə görə, Silahlı Qüvvələrimizin hərbi qulluqçularının "Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti bu günlərdə Sərəncam imzaladı. Bu sərəncamla ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş qəhrəman hərbi qulluqçular arasında Tağıyev Kamran Fikrət oğlu da vardı.

Kamran Tağıyev 2001-ci il sentyabrın 27-də anadan olmuşdu. Ailədə 3 uşaq idilər. Kamran, Kənan və Vəfa. Onlar bir həyətdə boya-başa çatmışdılar. Kərbəlayi Azər əminin uşaqları – Sübhan və Çinarə ilə. Birlikdə oynayıb, birlikdə böyümüşdülər. Elə birlikdə də eyni bağçaya və eyni məktəbə getmiş, müxtəlif illərdə oxuyub təhsillərini başa vurmuşlar. Aralarında kiçik yaş fərqləri olmasına baxmayaraq, mehriban dolanıb, birlikdə bir həyətdə mehriban yaşayaraq, bir-birlərinin xətrini əziz tuturdular. Ona görə ki, vaxtilə bu birlik olan həyətdə Gülbala baba ilə Məşədi Lətifə nənə 10 övladı - 3 oğlu – Azər, Əsgər əmiləri ilə atası Fikrət və 7 qızı Zəhra, Rəna, Şəhla, Zümrüd, Nəzakət, Rəhilə və Kəmalə bibilərini böyütmüşdülər. Övladlar da fərəhli olub, bu ata ocağından gözəl tərbiyə almış, valideynlərinin alnını açıq etmiş, neçə-neçə evi çıraqlandırıb özlərinə ailə qurmuşlar. Kamran da bu qədər yaxınlarının, əzizlərinin əhatəsində qayğı və diqqətlə, arzu və istəklə himayə olunmuşdursa, bir o qədər də doğma qardaşı kimi sevdiyi əmisi oğlu Sübhana və birlikdə yaşadıqları, uşaqlıqdan mehrini saldığı bibisi Kəmaləyə bağlı idi. Belə ki, Kamran da həmişə sözünü, söhbətini və öz fikirlərini onlarla bölüşərdi. Hətta

Orduda xidmətdə ikən çox vaxt Sübhanla, ya da bibisi Kəmalə ilə zəngləşər və onlarla sıx əlaqə saxlayardı. Əmisi oğlu Məşhəd və Kərbəla ziyarətində olduğundan həmişə də ona deyərdi ki, əsgəri xidmətimi başa vurduqdan sonra məni də özünlə Kərbəla şəhidlərinin ziyarətgahına aparacaqsan. Sübhan da ona söz vermişdi. Lakin o, Kamranın arzusunu yerinə yetirə bilmədi. Çünki Kamranın özü təkbaşına müqəddəs Kərbəla şəhidlərinin ziyarətinə getdi, onun pak və məsum ruhu şəhidlərin dərgahına qovuşdu.

Kəmalə bibisi təşəbbüs göstərmişdi ki, Kamranın ad günündə yığışıb hərbi xidmətdə olduğu hərbi hissəyə yanına getsinlər. Lakin Kamran hərbi vəziyyəti nəzərə alıb razı olmamışdı. Elə bil ürəyinə danmışdı ki, 27 sentyabr ad günündə Qarabağ uğrunda döyüşlər – Vətən müharibəsi başlayacaq. Ona görə də demişdi ki, Qarabağı düşməndən azad edəndən sonra Qələbə günü ilə birlikdə ad günümü qeyd edərik. Lakin 34 günlük döyüş yolunu Goranboy rayonunun Ağca kəndindən başlayan Kamran Tağıyev Tərtər rayonu istiqamətində davam etdirərək, Suqovuşan və Talış kəndləri uğrunda gedən döyüşlərdə başa çatdırdı və 31 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid oldu. Düşmən gülləsi gənc həyatına son qoydu... Bir Qarabağ xanəndəsinin – Səxavət Məmmədovun yanıqlı ah-naləsində deyildiyi kimi...

Azad bir quşdum yuvamdan uçdum,

Bir bağa düşdüm bu gənc yaşımda.

Bir ovçu gördü köksümdən vurdu,

Torpağa düşdüm bu gənc yaşımda…

Ağa Nəcəf QƏDİROV


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ