SON DƏQİQƏ
» » “36 il xidmət etdim, oğlum 3 aya məndən yüksəyə ucaldı” - Video

“36 il xidmət etdim, oğlum 3 aya məndən yüksəyə ucaldı” - Video

Tarix:

9-12-2020, 12:11

/ 5 825 dəfə oxundu.
“36 il xidmət etdim, oğlum 3 aya məndən yüksəyə ucaldı” - Video

Üç ay öncə Ali Hərbi Məktəbi bitirərək zabit kimi xidmətə başlayan Məhəmməd Şəbiyev mayor olan atasından daha yüksək zirvəyə çatmağı arzulayır və hədəfləyirdi. O, bütün hərbçilər, hətta generalların belə çatacağı zirvəyə 3 ayda yüksəldi, şəhidlik zirvəsinə, şəhadətə ucaldı.

"Qafqazinfo”nun əməkdaşları şəhid atası mayor Vaqif Şəbiyevin evində olaraq ailədən reportaj hazırlayıblar.

Vaqif Şəbiyev Birinci Qarabağ Müharibəsində Şuşa, Goranboy və Tərtər uğrunda döyüşlərdə iştirak edib. O, müharibədən əvvəl Rusiyada zabit kimi hərbi xidmətdə olub: "20 Yanvar” hadisələrindən sonra istefa verib Bakıya gəldim, Azərbaycan Ordusuna yazıldım. O vaxt çox çətin idi, vahid komandanlıq yox idi, silah-sursat yox idi. Daşaltı əməliyyatında kəndin yarısına kimi getdik, dəstəmizin yarısı şəhid oldu, sonra Şuşaya girdik. Bundan sonra Tərtər uğrunda döyüşlərə qayıtdıq, bu rayonun işğal edilməməsinin səbəbi bizim briqada oldu”.


























Şəhid Məhəmməd Şəbiyev də atası kimi hərbçi olmaq istəyib, amma daha yüksək rütbələrə qalxmağı hədəfləyib: "Oğlum Məhəmməd də məni hərbçi kimi görüb, belə böyüdü. Mən torpaqların işğal edilməməsi üçün döyüşdüm, oğlum isə işğaldan azad etmək üçün. Əvvəl o mənimlə fəxr edirdi, hər yerdə deyirdi ki, atam hərbçidir. İndi mən oğlumla fəxr edirəm ki, Vətən uğrunda şəhid oldu. Mənə həmişə deyirdi ki, sən mayor rütbəsində təqaüdə çıxdın, mən səndən yüksək olacağam. Mən 36 il hərbçi kimi xidmət etdim, amma oğlum 3 ay ərzində məndən yüksəyə ucaldı, şəhid oldu, şəhidlik zirvəsinə qalxdı, mən bunu bacarmadım”.

V.Şəbiyev deyir ki, oğluna atasının adını qoyduğu üçün daim ona "Ata” deyə müraciət edib: "Oğlumun adını əvvəl Zaur qoymuşdum, amma sənədləşdirməmişdim. Sonra qızım olanda ona anamın adını qoydum. Atam məndən incidi, sonra gedib şəhadətnamə alanda oğluma atamın adını yazdırdım. Gətirib şəhadətnaməni verəndə atam baxdı, heç nə demədi, durub alnımdan öpdü. Mən heç vaxt oğluma Məhəmməd deməmişəm, həmişə "Ata” deyirdim”.

Məhəmməd yanvar ayında öz sevdiyi qızla nişanlanıb və apreldə toy etməyi planlasalar da, karantinə görə bu baş tutmayıb. İyunda isə Ali hərbi məktəbi bitirərək Ağdama hərbi xidmətə göndərilib. O, buraxılış gecəsindən sonra heç evə də gələ bilməyib. Həmin gün də birbaşa cəbhə zonasına ezam olunub.

Vaqif Şəbiyev deyir ki, Məhəmməd zabit kimi İkinci Fəxri Xiyabanda dəfn edilib: "Oğlum Talışın azad edilməsində iştirak edib, Suqovuşan uğrunda döyüşlərdə dağda şəhid oldu. Minamyot zərbəsindən qəlpələr sinəsini parçalamışdı, qanı da döş cibində hərbi biletinə yaxılmışdı. Oktyabrın 4-də şəhid oldu, amma nəşi neytral zonada qaldığı üçün götürə bilməmişdilər. Döyüş yoldaşı oktyabrın 9-da gecə gizlicə gedib onun cənazəsini saatlarla daşıyaraq gətirmişdi. Oktyabrın 10-da Müdafiə Nazirliyinin rəsmilərinin iştirakı ilə İkinci Fəxri Xiyabanda yüksək səviyyədə zabit kimi dəfn edildi"

Məhəmməd hərbi formasına qarşı çox həssas idi, istəməzdi ki biraz qırış olsun. Formanı üfləyə-üfləyə geyinirdi. Leytenant kimi ilk maaşı ilə qurbanlıq qoyun almışdı. İkinci maaşında isə nişanlısının ailəsini çağırıb məclis qurdu. Tort bişirtdirdi, əvvəldən tapşırmışdı ki, tortun üstündə hərbi rütbəsinin fotosu olsun. Yeddi illik əziyyətinin bəhrəsi idi o rütbələr. O rütbə onun üçün hər şey idi”.

Məhəmmədin 8 yaşlı qardaşı Malik isə sərhədçi olacağını, qırıcı təyyarə sürəcəyini deyir, 3 yaşlı qardaşı Murad isə tankçı olmağı arzulayır. 








скачать dle 12.1

Şərhlər