SON DƏQİQƏ

Tarixi yazanların izi ilə: Nəsib Ağayev

Tarix:

2-05-2026, 13:13

/ 3 245 dəfə oxundu.
Tarixi yazanların izi ilə: Nəsib Ağayev

İLAHƏ ALLAHVERDİYEVA yazır

Hərbi mundirinin daşıdığı məsuliyyəti ruhunda hiss edən, taleyini uzaq Moldovadan doğma Naxçıvana – odun-alovun düz ortasına bağlayan bir zabit ömrüdür mayor Nəsib Ağayevin hekayəsi. 1959-cu ilin mayında Kəngərli rayonunun Qarabağlar kəndində başlayan bu yol, illər sonra Bendere şəhərində rabitəçi Sevil xanımla kəsişəndə, bəlkə də heç kim bu ailə xoşbəxtliyinin qarşısına ağır bir savaş sınağının çıxacağını təsəvvür etmirdi. Nəsib az danışan, sevgisini gözləri ilə ifadə edən, təmizkarlığı və ciddiliyi ilə seçilən bir insan idi. Övladları Emil, Rasim və İlqanın üzərinə titrəyən bu qayğıkeş ata, həm də andına sadiq peşəkar hərbçi kimi formalaşmışdı. 1992-ci ildə Naxçıvanda Heydər Əliyevlə görüşü onun həyatında dönüm nöqtəsi oldu. Müstəqilliyin ilk illərində Ulu Öndərdən "mənə sən qədər savadlı zabit lazımdır" çağırışını eşidən Nəsib, rahat həyatını və sovet ordusundakı xidmətini geridə qoyaraq ailəsi ilə birgə müharibənin soyuq üzünə qucaq açdı.
 Sədərək cəbhəsində düşmən tanklarının qarşısına "Quş gülləsi" adlandırılan sadə tüfənglərlə çıxan oğulların sırasında mayor Nəsib Ağayevin öz dəst-xətti, öz fədakarlığı vardı. O, hərbi hissə komandirinin müavini olaraq təkcə döyüşmürdü, həm də ordunun formalaşması, çatışmayan silah-sursatın şəxsi nüfuzu hesabına gətirilməsi üçün gecəsini gündüzünə qatırdı. 1992-ci ilin 28 noyabrı isə həm ailəsi, həm də Azərbaycan hərb tarixi üçün sarsıdıcı bir tarixə çevrildi. Həmin gün Nəsib qardaşı Musa ilə çiyin-çiyinə şəhadətə ucaldı. Sevil xanımın qardaş toyu üçün getdiyi Moldovada aldığı o məşum xəbər, əslində bir evin yox, bütöv bir ocağın sarsıntısı idi. Heydər Əliyevin onun dəfnində saatlarla iştirak etməsi və Nəsibin atasına dediyi "mənim sağ əlimi kəsdilər" kəlməsi, onun bu ordu üçün nə qədər əhəmiyyətli fiqur olduğunun ən böyük təsdiqi idi.
 Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilən Nəsib Ağayevin yarımçıq qalan arzularını övladları yaşatdı. Sevil xanım Heydər Əliyevin təkidi və dəstəyi ilə Azərbaycanda qaldı, üç körpəsini atasızlığın çətinliyinə baxmayaraq boya-başa çatdırdı. Bu gün Qarabağlar kəndinin sükunətində uyuyan qəhrəman mayorun ömrü, kağız üzərindəki quru faktlardan daha çox, bir millətin dirçəliş yolunda fəda edilən səmimi duyğuların aynasıdır. Onun xidmət illəri, aldığı medallar və göstərdiyi şücaət zaman keçdikcə vərəqlərdən qəlblərə köçərək əsl peşəkarlıq simvoluna çevrildi.
скачать dle 12.1

Şərhlər