SON DƏQİQƏ

Günəş şəfəqləritək

Tarix:

7-04-2026, 18:54

/ 2 550 dəfə oxundu.
Günəş şəfəqləritək


Həmişə olduğu kimi sıradan bir gün idi. Yenə işdən piyada qayıdırdım. Günəşin batdığı, amma qırmızı şəfəqlərinin hələ ətrafı işıqlandırdığı vaxt idi. Hava bir az soyuq idi. Düşünə-düşünə yoluma davam edirdim.
Birdən qarşımda iki insan gördüm — bir-birinin qoluna girmiş yaşlı nənə və baba. Yavaş-yavaş addımlayırdılar. Onları izlədikcə tək mən yox, ətrafdakı insanların da baxışları onlara yönəlmişdi. Bəziləri həsrətlə, bəziləri sevinclə, bəziləri isə qısqanclıqla baxırdı. Çünki illərin ötüb keçməsinə baxmayaraq, onların sevgisi hələ də yaşayırdı.
Baba həzin-həzin nəsə danışırdı. Nənə isə diqqətlə onu dinləyir, bir an belə baxışlarını kənara çevirmirdi. Sanki bu hündürboy insan onun üçün dünyanın bütün səs-küyündən uzaq bir sığınacaq idi. O, illərin qarmaqarışıqlığından qaçaraq sakit bir limana — babanın yanına sığınmışdı.
Neçə ildir evli olduqlarını bilmək maraqlı gəlsə də, onların bu anını pozmaq istəmədim. Arxadan sakitcə izləməyə davam etdim. Onlar illərə sinə gərmiş, bir-birinin hər anına şahid olmuş və ən əsası, sevgilərini itirməmiş iki insan idi.
Biz gəncləri çox vaxt əl-ələ, qol-qola görürük. Amma sevgi yalnız yan-yana olmaq deyil. Sevgi — onu qorumaq, yaşatmaq və ruhən bir-birinə bağlanmaqdır. Baba və nənə məhz bunu etmişdi.
Yaşlarının çox olmasına baxmayaraq, hüzur saçan bu insanlar sanki ruhlarını bir-birinə təslim etmişdilər. Sonsuz sevginin qarşısında nə yaş dayanır, nə qocalıq, nə də zamanın özü.
Mən bunu nənənin babaya baxışlarında gördüm — günəşin son şəfəqləri kimi isti, sakit və dərin bir baxışda.


Zeynəb Seyidli
NDU Jurnalistika ll kurs tələbəsi
скачать dle 12.1

Şərhlər